Məhkəmə qərarları › İş №2(060)-3248/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3248/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3248/2024 22.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızının sədrliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatqaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 8856.03 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 mart 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 3879.06 manat əsas, 2.93 manat faiz, 0.25 manat cərimə olmaqla, cəmi 3882.24 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin 3879.06 manat əsas, 2.93 manat faiz, 0.25 manat cərimə olmaqla, cəmi 3882.24 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 59.23 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki- Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş (“müddəti bitib, geri qayıdır” qeydi ilə bildiriş məhkəməyə geri qaytarılmış) göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazınıvə ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: Mülki işin materialları: İş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 708rstSUM/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən, xx.xx.2014-cü il tarixli 816micSUM/14 saylı kredit müqaviləsi üzrə kredit borcun qalıq məbləğinin ödənilməsi məqsədilə 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə, xx.xx.2024-cü il tarixədək illik 1 % olmaqla 8856.03 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 708rstSUM/19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh verilən kredit məbləği 8856.03 AZN, faiz 1%, müddət 60 ay, güzəşt müddəti 12 ay, aylıq annuitet 189 AZN-dir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair Sazişin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli 816micSUM/14 saylı kredit müqaviləsi üzrə faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur. İş materiallarında olan Cavabdeh ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 708rstSUM/19 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında Sazişin surətindən görünür ki, müqavilə üzrə yeni ödəniş cədvəli tərtib olunmuşdur. İş materiallarında olan 708rstSUM/19 saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 2 saylı Əlavədən görünür ki, məbləğ 8677.68 manat, illik faiz 1, müddət 46 ay, aylıq annuitet 189 manatdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, BANK/PİKMD/1173936 saylı maliyyə arayışının surətindən görünür ki, cavabdehin iddiaçıya ödənilməmiş 3879,06 AZN əsas, 2,93 AZN faiz, 0,25 AZN cərimə faizi, 0 AZN komisyon haqqı olmaqla, cəmi 3882,24 manat borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etməsi barədə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 58,83 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2014cü il tarixli 816micSUM/14 saylı kredit müqaviləsi üzrə kredit borcun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 faiz olmaqla 60 ay müddətinə - 8856.03 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında xx.xx.2019-cu il tarixli 708rstSUM/19 saylı kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, bank müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, hazırda onun iddiaçıya 3879,06 AZN əsas, 2,93 AZN faiz, 0,25 AZN cərimə faizi, 0 AZN komisyon haqqı olmaqla, cəmi 3882,24 manat borcu qalmışdır, cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyinməzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digərşəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3879.06 (üç min səkkiz yüz yetmiş doqquz manat altı qəpik) manat əsas, 2.93 (iki manat doxsan üç qəpik) manat faiz, 0.25 (iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 3882.24 (üç min səkkiz yüz səksən iki manat iyirmi dörd qəpik) manat məbləğində pul və 59.23 (əlli doqquz manat iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbinin həcmi (1000 manatdan çox olması) nəzərə alınmaqla dövlət rüsumuna görə ödənilmiş 59,23 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3879.06 (üç min səkkiz yüz yetmiş doqquz manat altı qəpik) manat əsas, 2.93 (iki manat doxsan üç qəpik) manat faiz, 0.25 (iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 3882.24 (üç min səkkiz yüz səksən iki manat iyirmi dörd qəpik) manat məbləğində pul və 59.23 (əlli doqquz manat iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar