Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3253/2022 27.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkil Qasımov Salman Elman oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4417/2020 saylı 19.08.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi iki uşağa görə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub, nikahlarından olan 02.05.2014-cü il təvəllüdlü X7 və 30.07.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 20.08 2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahlarından 02.05.2014-cü il təvəllüdlü X7 və 30.07.2018- ci il təvəllüdlü X12 adlı iki övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5482/2020 saylı 23.10.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və nikahlarından olan 02.05.2014-cü il təvəllüdlü X7 və 30.07.2018-ci il təvəllüdlü X8 iddiaçının yanında qalmasının müəyyən olunması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4417/2020 saylı 19.08.2020-ci il tarixli qətnaməsi ilə isə nikahlarından olan 02.05.2014-cü il təvəllüdlü X7 və 30.07.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Qeyd edir ki, iddiaçı 300 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4417/2020 saylı 19.08.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi iki uşağa görə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub, nikahlarından olan 02.05.2014-cü il təvəllüdlü X7 və 30.07.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün iddiaçıya verilməlidir. Həmçinin qeyd edir ki, iddiaçı alimentin artırılması ilə bağlı ilk olaraq mediasiyaya müraciət etmiş və cavabdehə bu barədə təklif məktubu göndərmişdir. Lakin cavabdeh mediasiyada iştirak etmədiyindən iddiaçı ilkin mediasiya sesiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışı alıb məhkəməyə müraciət edir. Bildirir ki, iddiaçı mediasiya zamanı 50 manat rüsum ödəmişdir. Hesab edir ki, həmin rüsum da cavabdehə aid olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkil Qasımov Salman Elman oğlu iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunanları təsdiq edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi. Bildirdi ki, əvvəlki məhkəmə qətnaməsi əsasında tutulan aliment məbləğini hər ay vaxtlı-vaxtında ödəyir. Taksi fəaliyyəti ilə məşğul olur. İmkanı olarsa ondan da artıq ödəyər, lakin buna hazırda maddi imkanı yoxdur. Hazırda ikinci ailə həyatı qurduğunu, həmin nikahdan əkiz övladlarının anadan olduğunu, onlara da baxdığını bildirdi. İddiaçı ilə nikahdan sonra nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə əlaqədar bankdan pul götürdüyünü, hazırda həmin borcla əlaqədar banka da pul ödədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, uşaqları ilə görüşür, görüşdüyü zaman onlara əlavə xərclər də çəkir. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qət edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 03.03.2022-ci il tarixli, №MŞB/6-1061 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil X5 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - AZ-İ 376393 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 nikahı Sumqayıt Şəhər Məhkəməsinin 23.10.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 24.11.2020-ci ildə xitam verilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4417/2020 saylı, 19.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, 22.07.2020-ci il tarixdən etibarən 02.05.2014-cü il təvəllüdlü X7 və 30.07.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5482/2020 saylı, 23.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, X2 ilə Cavabdeh arasında 20.08.2013-cü ildə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində 1359 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 02.05.2014-cü il təvəllüdlü X7 və 30.07.2018-ci il təvəllüdlü X12 anaları X1 himayəsində saxlanılması, nikah dövründə əldə olunmuş “VOLKSWAGEN PASSAT” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində bərabər olmaqla ½ hissədə X1, ½ hissədə X4 paylarının müəyyən edilməsi qət edilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh hazırki nikahından 26.04.2021-ci il təvəllüdlü X9 və 26.04.2021-ci il təvəllüdlü X13 adlı övladları vardır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin nikahlarından iki övladının olması, uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailəvə ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından formalaran hüquqi mövqeyə görə bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulmalıdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı cavabdehin əmlak, maddi vəziyyətində alimentin müəyyən edilmiş miqdarının artırılmasını təmin edə biləcək dəyişikliyin - kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləği müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Məhkəmə həmçinin, hesab edir ki, cavabdehin digər iki övladınında olması, habelə aylıq qazancı iddia edilən aliment məbləğini ödəmək üçün kifayət etməməklə yanaşı, iddia edilən aliment məbləğinin tutulması onun əmlakı vəziyyətini çətinləşdirməklə və onu əlverişsiz vəziyyətə salmaqla minimum dolanışıq xərclərindən məhrum olunması ilə nəticələnə bilər. Məhkəmə tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4417/2020 saylı 19.08.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi iki uşağa görə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub, nikahlarından olan 02.05.2014-cü il təvəllüdlü X7 və 30.07.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumunun da cavabdehə aid edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3253/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3253/2022
27.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver