Məhkəmə qərarları › İş №2(060)-326/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-326/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-326/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, X1, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxx» BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» BOKT MMC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı «xxxx» BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SUMG1-12682-1997 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı «xxxx» BOKT MMC-nin xeyrinə kredit müqaviləsinə əsasən 1085,84 manat əsas borc, 6,81 manat faiz borcu olmaqla, cəmi 1092,65 manat məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli, SUMG1-12682-1997 saylı kredit müqaviləsinə əsasən borcluya 1% faizlə 60 ay müddətinə 1085,84 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün “xxxx” BOKT MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixinədək verilmiş kredit üzrə 1085,84 manat əsas borc, 6,81 manat məbləğində faiz borcu olmaqla, cəmi 1092,65 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarda AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Hazırda cavabdehin banka 1085,84 manat əsas, 6,81 manat faiz borcu olmaqla, cəmi 1092,65 manat borcu vardır. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli, SUMG1-12682-1997 saylı kredit müqaviləsinə əsasən, borcluya 1% faizlə 60 ay müddətinə 1085,84 manat məbləğində kredit verilmişdir. İşdə olan “xxxx” BOKT MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1085,84 manat əsas, 6,81 manat faiz olmaqla, cəmi 1092,65 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdeh müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc (kredit) müqaviləsinə görə borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdehin xx xxxx 2020-ci il tarixinə 1085,84 manat əsas, 6,81 manat faiz borcu olmaqla, cəmi 1092,65 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçı «xxxx» BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SUMG1-12682-1997 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2-ci maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsinə əsasən 1085,84 manat əsas borc, 6,81 manat faiz olmaqla, cəmi 1092,65 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxx» BOKT MMC-nin xeyrinə tutulsun. «xxxx» BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SUMG1-12682-1997 saylı kredit müqaviləsinə xitam verilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar