Məhkəmə qərarları › İş №2(060)-327/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-327/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-327/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Nayıb qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Nayıb qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Nayıb qızından 1400 manat pulun, vəkil üçün ödədiyi 100 manatın və dövlət rüsumu kimi ödədiyi 30 manatın, ümumilikdə 1530 (min beş yüz otuz) manat məbləğində pulun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh Nayıb qızı 2020-ci il iyun ayının əvvəllərində onun stomatoloq kimi işlədiyi klinikaya yaxınlaşaraq ona dişlərinə zirkon qapaq qoydurmaq istədiyini bildirmiş, onu müayinə etmiş və işin görülməsi üçün 3200 (üç min iki yüz) manat məbləğə şifahi razılaşma əldə etmişlər. İşin gedişatında cavabdeh ona 1800 manat ödəniş etmişdir. İş təhvil verildiyi zaman isə qalan məbləği ödəcəyini vəd etmişdir. Sonradan işin bitməyinə bir neçə gün qalmış iş təhvil verildikdən sonra gücü çatmasa ən geci 1 həftə ərzində qalan bütün məbləği ödəyəciyini bildirmişdir. İş təhvil verildikdə cavabdehin ona 1400 manatborcu qalmışdı. Həmin ödəmə üçün 1 həftə möhlət istəmiş və razılaşmışlar. 1 həftədən sonra ona zəng etdikdə pandemiya şəraitini bəhanə edərək borcunu tam olaraq avqust ayında ödəyəcəyini bildirmişdir. Avqust ayında telefonlara və mesajlara heç bir cavab verməmiş və o 2020-ci ilin sentyabr ayında polisə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci bölməsinə çağırılmış, orada verdiyi izahatda borcunu etiraf etmiş və 3 ay ərzində bütün məbləği ödəyəcəyini bəyan etmişdir. Polis bölməsindən ona bildirilmişdir ki, məhkəmə sorğusu əsasında cavabdehin izahatını və digər materialları məhkəməyə təqdim edəcəklər. Lakin, sonradan dəfələrlə cavabdehə olan zənglərə və mesajlara etinasız yanaşaraq indiyə kimi heç bir qəpik də ödəməmişdir. Pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək hüququnun istifadəsi labüd olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbini əsaslı hesab etdi və cavabdehin polis şöbəsində verdiyi izahatında iddiaçıya olan borcunu etiraf etməsini nəzərə alaraq iddianın təmin edilməsini məhkəməıdən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını və onun vəkilini dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Nayıb qızının Nərimanov RPİ-nin 18-ci PŞ-də verdiyi izahatdan görünür ki, cavabdeh borcunu etiraf edərək bildirmişdir ki, o, “Hi Fi” stamatoloji klinikasına gedərək orada həkim işləyən İddiaçı dişlərini düzəltdirmək üçün müraciət etmişdir. Həkimlə 3250 manata razılaşmış, ilkin olaraq 400 manat, daha sonra isə 1800 manat ödədikdən sonra, həkimə 1400 manat borcu qalmışdır. 3-4 ay ərzində bütün məbləği tam ödəyəcəyini bildirmişdir. Cavabdehin Nərimanov RPİ-nin 18-ci PŞ-də verdiyi izahatdan görünür ki, onun iddiaçıya 1400 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, işdə iştirak edən şəxslər iddia ərizəsinə dair rəy (etiraz) və ya əlavə sübutlar təqdim etmədikdə, hakim işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bundan başqa məhkəmə iddiaçının tələb etdiyi vəkil üçün ödədiyi 100 manatın tutulması hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı həmin pulun ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Nayıb qızından 1400 (min dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Nayıb qızından 1400 (min dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar