Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3273/2023 31.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin üçdə bir hissəsinə mülkiyyət hüququnun və yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə 31 iyul 2023cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin üçdə bir hissəsinə mülkiyyət hüququnun və yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına mülkiyyət hüququ əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən evin üçdə bir hissəsinə onun mülkiyyət hüququnun və yetkinlik yaşına çatmayan uşağı X11 ilə birlikdə həmin evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə 13 sentyabr 2001-ci ildə Sumqayıt şəhər Nikah evində rəsmi nikah münasibətinə daxil olduqdan sonra həyat yoldaşı ilə birlikdə əvvəlcə bir neçə il Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən beş mərtəbəli binanın üç otaqlı bir mənzildə yaşamışdırlar, həmin mənzil faktiki olaraq mərhum qayınatası Muradov Telman Xanlar oğluna məxsus olmuşdur. Orada yaşadıqları dövrdə onların iki uşaqları - Məhəmməd Muradzadə xx.xx.2002-ci ildə, Fatimə Muradzadə xx.xx.2003-cü ildə anadan olmuşlar. Bir müddət sonra 2004-cü ildə qayınatası onları Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən özünə məxsus olan həyət evinə köçürmüşdür. Həmin vaxtdan təxminən üç il keçdikdən sonra 2007-ci ildə qayınatası Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən iki mərtəbəli beş otaqdan ibarət olan hal-hazırda yaşadıqları 65 nömrəli həyət evini onlar üçün almışdır. Lakin həmin evin alqı-satqı müqaviləsini öz adına rəsmiləşdirmişdir. Həmin vaxtlar evin tikinti işləri, yalnız hörgüsü başa çatdırılsa da, yaşamaq üçün yararlı vəziyyətdə deyildi. Onlar, yəni o və həyat yoldaşı Cavabdeh2 birlikdə iki-üç il müddətində həmin evin bütün yarımçıq işlərini başa çatdırıb, yaşayış üçün yararlı vəziyyətə saldıqdan sonra uşaqları ilə birlikdə ora köçüb, həmin evdə yaşamağa başladılar. xx.xx.2008-ci ildə onların üçüncü uşaqları Osman Muradzadə anadan olmuşdur. Hal-hazırda yaşadıqları ev alqı-satqı yolu ilə alındığı vaxtdan etibarən onların - həyat yoldaşının və onun eyni zamanda uşaqlarının faktiki istifadəsində olmasına baxmayaraq heç birinin həmin evə qeydiyyatları yoxdur. Ötən illər ərzində həyat yoldaşı onların faktiki surətdə yaşadıqları evə qeydiyyata düşmək məsələsini həll etməmiş, o, özü də belə bir təşəbbüsdə olmamışdır. Lakin bir neçə il bundan əvvəl qayınatası Muradov Telman Xanlar oğlu vəfat etmişdir və məlum olduğu kimı qayınanası Cavabdeh1 yaşadıqları evi mülkiyyət hüququ əsasında öz adına keçirmişdir. Sumqayıt şəhər Corat Bələdiyyəsinin 19 dekabr 2022-ci il tarixli 186 nömrəli arayışından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 65 nömrəli ünvanda yerləşən evin ümumi sahəsi 254,74, yaşayış sahəsi 121,00 kv.m olub, ev beş otaqdan ibarət olmaqla iki mərtəbəlidir. Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfındən sorğuya verilmiş 23 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 65 nömrəli ünvanda 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268,0, yaşayış sahəsi 121,0 kvm olan fərdi yaşayış evi üzərində 16 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda hüquq sahibidir. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh2 ilə nikaha daxil olduqdan bir müddət sonra onun valideyni mərhum atası tərəfındən alınmış fərdi yaşayış evinə nəinki heç bir qeyd-şərt olmadan köçürülmüşdürlər, yuxarıda qeyd etdiyi kimi həmin evi iki-üç il müddətində, 2007-2010-cu illərdə onların özlərinin – onun və həyat yoldaşının vəsaiti hesabına yaşayış üçün tam şəkildə yararlı vəziyyətə salındıqdan sonra həmin evə köçərək bu günə kimi uşaqları ilə birlikdə orada yaşayırlar. Belə ki, mübahisəli fərdi yaşayış evi mərhum qayınatası Muradov Telman Xanlar oğlu tərəfindən alqı-satqı yolu ilə əldə edilərkən həmin ev yaşayış üçün yararlı vəziyyətdə olmamışdır. Evin yalnız hörgü işləri başa çatdırılsa da, üstü örtülməmiş, qapı-pəncərələri salınmamış, o cümlədən suvaq işləri və yaşayış üçün zəruri olan digər işlər görülməmişdir. Onu da qeyd etmək istəyir ki, Cavabdeh2 ilə nikaha daxil olduqdan bu günə kimi həkimlik fəaliyyəti ilə məşğul olur və mübahisəli evin əsaslı təmir işləri ilə məşğul olduqları iki-üç il müddətində əldə etdikləri bütün qazancı həmin evin əsaslı təmir işinə sərf edİlmişdir. İş üzrə cavabdeh olan həyat yoldaşı Cavabdeh2 ilə ailə münasibətləri artıq korlanmış və onlar boşanma ərəfəsindədirlər. Cavabdehlər uzun illərdir uşaqları ilə birlikdə yaşadıqları və vaxtilə mərhum qayınatası tərəfindən yarımtikili vəziyyətdə alqı-satqı yolu ilə əldə edilmiş, sonra isə yarımçıq işləri həyat yoldaşı ilə birlikdə tərəflərindən tam şəkildə başa çatdırılmış evdən onları çıxarmaq niyyətindədirlər. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdirlər ki, İddiaçı Cavabdeh1 adına mülkiyyət hüququ əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən evin (bundan sonra: "yaşayış evi") üçdə bir hissəsinə mülkiyyət hüququnun və yetkinlik yaşına çatmayan uşağı X11 ilə birlikdə həmin evdə yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan iddia ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsi 2(060)-3273/2023 saylı iş üzrə məhkəmə icraatına başlamış və iş üzrə xx.xx.2023-cü il tarixinə məhkəmə baxışı təyin edilmişdir. İddiaçı iddiası əsassız olduğundan aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İddiaçının özünün də qeyd etdiyi kimi əvvəllər Yaşayış evi üzrə mülkiyyət hüququ mərhum Muradov Telman Xanlar oğluna məxsus olmuşdur. İddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh1 həyat yoldaşı T. Muradovun ölümündən sonra evi öz adına keçirmişdir. Məsələyə aydınlıq gətirilməsi üçün bildirir ki, həmin mülkiyyət öncəki mülkiyyətçi T.Muradovun vəsiyyətnaməsi əsasında Cavabdeh1 mülkiyyətinə verilmişdir. İddia ərizəsindən də görünür ki, yaşayış evi ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam müllkiyyətindədir. Yuxarıda qeyd edilən faktlara baxmayaraq, iddiaçı nədənsə, AR Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış sahənin birgə mülkiyyət olduğuna işarə etmişdir. AR Ailə Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən, yaşayış sahəsinin birgə mülkiyyət hesab edilməsi üçün aşağıdakı hallardan biri mövcud olmalıdır:1) Yaşayış sahəsi nikahda olduqları dövrdə ərarvadın ümumi əmlakı, 2) Ər və arvadın hər birinin əmlakı 3) ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığın dəyişdirilməsi və sair.). İdda ərizəsində yaşayış sahəsinin heç bir zaman ər və arvadın ümumi əmlakı və ya hər birinin əmlakı olmaması faktı təkzib edilmir. Çünki iddia ərizəsindən də görünür ki, əmlak heç bir zaman ər-arvadın mülkiyyətində olmamışdır. Deməli birmənalı olaraq, yuxarıda qeyd etdikləri 1-ci və 2-ci hallar mövcud deyildir. Lakin, hörmətli iddiaçı 3-cü hala işarə etmiş, iddia ərizəsində guya ki, 2-3 il ərzində bütün qazancını həmin evin yaxşılaşdırılmasına sərf etdiyini iddia etmiş, AR Mülki Məcəlləsinin 157-ci maddəsinə istinad edərək özünü vicdanlı sahib adlandırmış və guya ki, yaxşılaşdırma üçün çəkdiyi xərclərin əvəzini tələb etmişdir. Lakin, AR Ailə Məcəlləsinin 35-ci maddəsində nəzərdə tutulmuş 3-cü haldan da görünür ki, həmin müddəada ər və arvadın hər birinin əmlakı nəzərdə tutulur, 3-cü şəxslərin əmlakı deyil. Belə ki, ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması deyildikdə, Cavabdeh1 əmlakına qoyulan vəsait nəzərdə tutula bilməz. Burada ər - Cavabdeh2 və ya arvad - İddiaçı hər birinin hər hansı bir əmlakına qoyulan vəsait nəzərdə tutulur ki, bundan da, belə nəticəyə gəlmək olar ki, bu hal yaşayış sahəsinə şamil edilə bilməz. Nədənsə, iddiaçının etibarnamə üzrə vəkili yaşayış sahəsinin 3-cü şəxsə məxsus mülkiyyət olduğunu etiraf etsə də, yenə də, həmin mülkiyyətə münasibətdə birgə mülkiyyət qismində tələb irəli sürmüşdür. Həmçinin onlara naməlum olan səbəblərdən hörmətli vəkil AR Mülki Məcəlləsinin 157-ci maddəsi üzrə öz müvəkkilini vicdanlı sahib adlandırmışdır. Yəgin ki, dəyərli vəkilin də bildiyi kimi, "vicdanlı sahib" məfhumundan o zaman istifadə etmək olardı ki, hər hansı bir vaxtda yaşayış sahəsi iddiaçının mülkiyyətində olmuş və müəyyən yollarla hər hansı bir vicdansız sahib tərəfindən özgəninkiləşdirilmişdir. Halbuki, yaşayış sahəsi heç bir zaman iddaçının mülkiyyətində olmamış və həmin mülkiyyət ilə bağlı iddiaçının heç bir zəhməti və ya məsrəfi olmamışdır. İddiaçı, yaşayış sahəsinin yaxşılaşdırılmasına məsrəflər çəkdiyini bildirsə də, həmin məsrlflərlə bağlı heç bir sübutlar (çeklər, qaimələr, müqavilə və ya əqdlər) təqdim etməmişdir. Belə olan halda, AR Mülki Məcəlləsinin 157-ci maddəsinə istinad edilməsi ümumiyyətlə onlar üçün anlaşılmazdır. AR Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən, hər birtərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. AR Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. AR Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulanhallarda qeydə alınmalıdır. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanrnan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilənlərdən açıq aydın görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasının heç bir hüquqi əsası yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdehlər İddiaçı Cavabdeh1 adına mülkiyyət hüququ əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən evin üçdə bir hissəsinə mülkiyyət hüququnun və yetkinlik yaşına çatmayan uşağı X11 ilə birlikdə həmin evdə yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair iddiasının rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli evə 2007-ci ildə almışdırlar. Həmin vaxt Laçın rayonundan Nizami və Bahar adlı şəxslər həmin evin 1-ci mərtəbəsində qalırdılar. Ev tam təmirsiz vəziyyətdə idi. 2008-ci ildə o və yoldaşı işləyirdi, hər ikisinin əziyyəti nəticəsində evi normal vəziyyətə salmışdılar. Baharı hazırda tapa bilmədiyi üçün onun məhkəmədə iştirakını təmin edə bilmir. Elman evi təmir edirdi, o, da yoldaşına bu işdə kömək edirdi. Rauf Mustafayev də o evdə yaşayıb, onun qızı orada necə əziyyətlə işlədiyini təsdiq edə bilər. O, dizlərini yerə qoyaraq şüşə qırıntısı ilə döşəmə qaşımışdır. Həmin evdə onun çox əziyyəti olub, hazırda haqqını tələb edir. O, həm uşaqlarına baxmış, həm də ustalara yemək aparmışdır. Elman isə həmin ərəfədə əsasən işdə olmuşdur. Görülən işlər azı 2 il çəkib. Evin qapı-pəncərəsı və divarda suvaq yox idi. Hətta evin üstünü də Elmanla o vurmuşdur. Göstərilənlərə əsasən, iddiaçı tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkiln iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzil 2007-ci ildə cavabdehin atası tərəfindən alınıb. Lakin ev yaşamaq üçün yararlı vəziyyətdə olmayıb. 2007-ci ildən 2010cu ilə kimi sözügedən mənzildə əsaslı təmir işləri aparılıb. Ev tam təmir edildikdən sonra iddiaçı ailəsi ilə birlidə həmin mənzilə köçmüşdür. İddiaçı övladları və ailəsi ilə birlikdə faktiki olaraq həmin mənzildə yaşamışdır. Hazırda da iddiaçı orada yaşayır. İddiaçının cavabdehlər tərəfindən bugünədək həmin evə qeydiyyata salınmaması çox təəccüblüdür. Əslində iddiaçının əsas istəyi həmin evə qeydiyyata düşməkdir. Göstərilənlərə əsasən, nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onlar Sumqayıt şəhəri, 10-cu mikrorayonda qeydiyyatda idilər. O, həmin evi mühəndis işlədiyinə görə 1994-cü ildə almışdır. 10-cu mikrorayonda olan evin əvvəlki sahibi həmin evdə məcburi köçkünlərin yaşamasına razılıq verdiyi üçün onlar da məcburi köçkünləri oradan çıxartmadılar. Çünki məcburi köçkünlərin onlara ev verildikdən sonra çıxacaqlarını bilirdilər. Daha sonra yoldaşı Corat qəsəbəsində 2007-ci ildə 52000 manata mübahisəli evi aldı. Oğlu ailəsi ilə birlikdə 2013-cü ildə Corat qəsəbəsində yerləşən həmin evə köçdü. Bildirir ki, o, həmişə nəvələrinə baxmış, ev təmir olunduğu müddətdə də ustalara yemək aparmışdır. İddiaçının həmin evlə bağlı heç bir əziyyəti və haqqı yoxdur. Evin təmirini yoldaşı edib. Belə ki, yoldaşının 2 firması var idi. Gəlin isə həkim ginekoloq deyildi, sadəcə tibb kurslarına gedirdi və əldə etdiyi 80-90 manat vəsait hesabına evi təmir edə bilməzdi. Bundan əlavə həmin evdə bir məcburi köçkün ailəsi yaşayırdı. Yəni ev alınanda heç də təmirsiz deyildi. Təmirsiz olsaydı orada yaşayış olmazdı. Bundan əlavə yoldaşı evi 50000 manata almışdır. Həmin vaxt həmin qiymətə necə təmirsiz ev almaq olardı. Həmin ev şəxsi mülkiyyətdir, toxunulmazdır. Ev əvvəl yoldaşının adına olub, onun ölümündən sonra isə ev onun adına keçirilib. Bundan başqa yoldaşı evə heç kimin qeydiyyata düşməməsi barədə vəsiyyətnamə qoymuşdur. Əlavə olaraq bildirir ki, iddiaçının Yeni Yasamalda şəxsi evi, maşınları var. Bir daha qeyd edir ki, iddiaçının iddiası tamamilə əsassızdır, evi yoldaşı alıb və ev üçün lazım olan bütün təmir işlərini yoldaşı edib. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə xx.xx.2001-ci ildə ailə həyatı qurmuşdurlar. Ailə qurandan sonra 2007-ci ilə kimi Sumqayıt şəhəri, 10-cu mikrorayonda yaşamışdırlar. Daha sonra 2013 və ya 2014-cü ildə Corat qəsəbəsinə köçmüşdürlər. Belə ki, həmin evi atası almışdı. Onun və yoldaşının həmin evin təmirinə xərci çıxmayıb. Belə ki, mübahisəli mənzil hazır təmirli idi. Həmin vaxt orada başqa şəxslər də yaşayırdı. Qeyd edir ki, 2008-ci ildə 3-cü övladları dünyaya gəlmişdi, deməli iddiaçı 2007-ci ildə heç yerdə işləmirdi. Belə olan halda iddiaçının evin alınmasına köməklik etməsi sual doğurur. O, özü isə 25 il Fövqəladə Hallar Nazirliyində işləmişdir. Onların sözügedən mənzilə qeydiyyata düşməməsinin səbəbi atasının bununla bağlı vəsiyyətinin olması idi. Hesab edir ki, iddiaçının həmin mənzildən istifadə hüququ yaranmayıb. Belə ki, həmin mənzil atası tərəfindən alınıb, o rəhmətə getdikdən sonra mənzil anasının adına keçirilib. Ümumiyyətlə onun nəyə görə cavabdeh qismində qoyulmasını da başa düşmür. Belə ki, mənzil onun yox, anasının mülkiyyətindədir. İddiaçı isə atasının ailə üzvü deyil. Mülki Məcəllənin 228.5-ci maddəsində kimlərin ailə üzvləri hesab olunduğu qeyd olunub, yəni gəlin və kürəkən ailə üzvü sayılmır. Bir daha qeyd edir ki, iddiaçının sözügedən mənzilə istifadə hüququ yoxdur. Atası öz vəsaitinə aldığı evi onlara ancaq yaşamaq üçün vermişdir. Əlavə olaraq bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktda adları qeyd edilən qonşuları tanımır. Aktda atasının qonşuların yanında evi onlara verdiyi qeyd edilib. Halbuki atasının şəklini həmin qonşulara göstərsə, heç onu tanımazlar. Eyni zamanda bildirir ki, iddiaçının istinad etdiyi maddələr hüquqi normalarının bu məsələyə heç bir aidiyyatı yoxdur. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubundan görünür ki, Sumqayit şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 65 nömrəli ünvanda yerləşən evin ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ünvanında 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 268.0, yaşayış sahəsi 121.00 kvadratmetr olan fərdi yaşayış evi üzərində 16 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda hüquq sahibidir. İşdə olan Sumqayıt Şəhər Corat Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 186 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 65Ns-li ünvanda yerləşən evin tikintisinin ümumi sahəsi - 254,74 kv.m, yaşayış sahəsi - 121,0 kv.m., 5 (beş) otaqdan ibarətdir, 2 mərtəbəlidir. Həmin ev mülkiyyət hiiququ əsasında Muradov Telman Xanlar oğluna məxsusdur. İşdə olan AZ-İ 143271 saylı, AZ-İ 406299 saylı və AZ-İİ 184658 saylı doğum haqıqnda şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh2 birgə nikahından xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2003-cü il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X12 adlı üç uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli **********217 saylı ərizədən görünür ki, X6, X7 və X1 Yeganə Hüseyn qızının 2007-ci ildən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Yelkən küçəsi, 2-ci məhəllə ünvanında yerləşən 65 nömrəli fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadığını təsdiq etmişlər. İşdə olan X2, X3 və X5 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi 2007-ci ildə İddiaçı qayınatası Muradov Telman Xanlar oğlu tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş və həmin evi yaşayış üçün oğlu Cavabdeh2 və onun ailə üzvlərinə — İddiaçı və onun uşaqlarına vermişdir. Lakin həmin ev alqı-satqı yolu ilə əldə edilərkən yaşayış üçün yararlı vəziyyətdə olmamışdır. Belə ki, yaşayış evinin yalnız hörgü işləri başa çatdırılsa da, üstü örtülməmiş, qapıpəncərələri salınmamış, suvaq işləri görülməmiş və yaşayış üçün zəruri olan digər işləri başa çatdırılmamışdır. Həmin işlər təxminən iki-üç il müddətində Cavabdeh2 və onun həyat yoldaşı İddiaçı tərəfindən həyata keçirildikdən və ev yaşayış üçün yararlı vəziyyətə salındıqdan sonra onlar uşaqları ilə birlikdə həmin evə köçmüşlər və bu günə kimi də orada yaşayırlar. İşdə olan xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Muradov Telman Xanlar oğlu Sumqayit şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 65 nömrəli ünvanda yerləşən fərdi yaşayış evini almışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 ilə 2001-ci ildə nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. 2008-ci ildə iddiaçının mərhum qaynatası Muradov Telman Xanlar oğlu Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 65 nömrəli ünvanda yerləşən fərdi yaşayış evini alqı-satqı yolu ilə almışdır. Bir neçə ildən sonra (2010-2013-cü illərdə) iddiaçı ailəsi ilə birgə həmin fərdi yaşayış evinə köçüb orada yaşamağa başlamışdır. T.Muradov öldükdən sonra mübahisəli ev vərəsəlik yolu ilə iddiaçının qaynanası - Cavabdeh1 adına keçmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanda yerləşən evin üçdə bir hissəsinə onun mülkiyyət hüququnun və yetkinlik yaşına çatmayan uşağı X11 ilə birlikdə həmin evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ilk öncə mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına münasibətdə mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması məsələsi müəyyən edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında hazırki mənzillə bağlı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırki mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları əsasında həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. İş materiallarından tərəflər arasında həmin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı razılaşmanın olmadığı müəyyən edilir. Məhkəmə onu da qeyd edir ki, mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün istifadə hüququnun yaranmasını iddia edən şəxsin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. (Mənzil Məcəlləsi, maddə 30) Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1- ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı hazırda yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh1 ailə üzvü sırasına daxil deyildir. Belə ki, o, evin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi yetkinlik yaşına çatmayan uşağı X11 ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə yaşayış sahəsindən istifadə hüququnun tanınması hissəsində təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının 1/3 hissədə mülkiyyət hüqunun tanınmasını tələb etdiyi ev həyat yoldaşı Cavabdeh2 deyil, qaynanası Cavabdeh1 mülkiyyətindədir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 adına mülkiyyət hüququ əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən evin üçdə bir hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması hissəsində təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı sözügedən mənzili Cavabdeh2 ilə birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə etdiklərini, evi əsaslı təmir etdiklərini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı inandırıcı və mötəbər sübut təqdim etməmişdir. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin üçdə bir hissəsinə mülkiyyət hüququnun və yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin üçdə bir hissəsinə mülkiyyət hüququnun və yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3273/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3273/2023
31.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver