Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3280/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı borc verilmiş pul məbləğinin qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 borc olaraq ondan aldığı 7500 ABŞ dolları pul vəsaitinin Cavabdeh1, Cavabdeh2 borc olaraq ondan aldığı 3500 ABŞ dolları pul vəsaitinin isə Cavabdeh2, həmçinin 2005-ci ildən hesablanmaqla hər bir cavabdehə aid edilmiş qeyd edilən pul vəsaitinin müvafiq məbləğindən məhkəmə qərarının çıxarıldığı gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun hesablanmış faizlərin, eləcə də ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı borc verilmiş pul məbləğinin qaytarılması tələbi ayrıca icraata ayrılmışdır. İddia onunla əsaslandırılmışdır ki, o, uzun illərdir, cavabdehi və onun ailə üzvlərini tanıyır. Cavabdeh1 ticarətlə məşğul olduğundan tez-tez Rusiya Federasiyasına gedir və bu işi ilə bağlı arabir ondan maddi köməklik istəyir, o da ona borc pul verir, o da alver edərək həmin pulu ona qaytarırdı. Təxminən 2005-ci ildə Cavabdeh1 yenidən ona müraciət edərək maddi köməklik istəmişdir. Belə ki, Cavabdeh1 Moskva şəhərindən Bakıya gələrkən hava limanında mallarının və pulunun oğurlandığını, bu səbəbdən borca düşdüyünü bildirərək maddi köməklik istəmişdir. O da uzun illərdir tanıdığından və etibar etdiyindən ona 6000 ABŞ dolları pulu qəbz yazdırmaqla, 1500 ABŞ dollarını isə hava limanında olmaqla, ümumilikdə 7500 ABŞ dolları vermişdir. Qısa müddətdə borcunu qaytaracağını bildirsə də öhdəliyini yerinə yetirməmişdir. Daha sonra o Cavabdeh1 bacısı olan Cavabdeh2 müraciət etməli olmuşdur. Ondan bacısının harada olduğunu soruşduqda Cavabdeh2 bacısının Rusiya Federasiyasında olduğunu, özünün də onun yanına getməli olduğunu, lakin pulunun olmadığını bildirərək ondan 3500 ABŞ dolları borc pul istəmişdir. O da Cavabdeh2 bacısının yanına gedərək ona olan borcunu alıb gətirməsi üçün ona həmin məbləği vermiş, lakin o, nə öz borcunu, nə də bacısının borcunu qaytarmamışdır. Bu günədək də cavabdeh ona olan borcunu ödəməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, Cavabdeh2 ondan 10-15 il bundan əvvəl borc almışdır. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. İddiaçının dedikləri yalandır. O, 1989-cu ildən Rusiya Federasiyasında yaşamışdır. Bacısı ticarətlə məşğul olduğundan iddiaçıdan ticarət məqsədilə faizlə borc pul almış və həmin pulları iddiaçının özünə qaytarmışdır. Bacısı borc alarkən evini və qızıllarını girov qoymuşdur. Bacısının iddiaçıdan borca aldığı pulun məbləğini bilmir. O, iddiaçını qardaşı vasitəsilə tanımışdır. O, Kalininqrad şəhərində yaşamışdır. Özü isə iddiaçıdan heç vaxt pul almamışdır. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, cavabdeh onların evində olmuş, onlar Cavabdeh2ı maşın ilə Astaraya aparmışlar. İddiaçı pulu Lənkəranda Ləvəngi adlanan yerdə maşında iddiaçı 3000 ABŞ dollarını ona vermişdir. Borc verilən pul şahidin çantasında olmuşdur. Şahid əlavə olaraq qeyd etdi ki, pul verilən tarix yadında deyil və cavabdehin həmin borcu qaytarıb-qaytarmadığını bilmir. Məhkəmə, tərəflərin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş –müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı cavabdehə borc pul verdiyini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Belə ki, İddiaçı sübut qismində yalnız həyat yoldaşı Mirxatın Bəşirovanın ifadəsinə əsaslanmışdır ki, məhkəmə, onun iddiaçının yaxın qohumu (ailə üzvü) olduğundan ifadəsini işin nəticəsində maraqlı şəxsin mövqeyi kimi qiymətləndirməklə yanaşı, göstərdiklərinin digər təkzibedilməz sübutlarla təsdiqini tapmadığından mötəbər hesab etmir. Göründüyü kimi işin faktiki halları və sübutlarla tərəflər arasında borc münasibətlərinin mövcudluğu sübuta yetmədiyindən Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtləri ödənmir. Həmçinin, məhkəmə iddia tələbinin 2005-ci ildən hesablanmaqla pul vəsaitinin müvafiq məbləğindən məhkəmə qərarının çıxarıldığı gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun hesablanmış faizlərin, eləcə də ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən tələblər borc verilmiş pul məbləğinin qaytarılmasına dair əsas tələbdən törəmə tələb olduğundan və əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissələrdə də iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı borc verilmiş pul məbləğinin qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh2 qarşı borc verilmiş pul məbləğinin qaytarılmasına dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3280/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3280/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver