Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3287/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu qaldığı 1600 (min altı yüz) manat pulun, iddia qaldırmaqla əlaqədar ödədiyi 36 (otuz altı) manat dövlət rüsumunun, habelə iddia ərizəsinin tərtibatı ilə əlaqədar hüquqi xidmət haqqı olaraq Qusar Rayon Vəkil Bürosunun hesabına ödədiyi 60 (altmış) manat pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə Cavabdeh xahişi ilə ona məxsus, ünvan 1 ünvanda təzə tikilmiş yaşayış evində usta işləyərək həmin evin təmir işlərini görmüşdür. Cavabdeh ilə razılaşmasına əsasən o, cavabdehin evində 2 ay işləmiş və cavabdehin tapşırdığı cəmi 2000 (iki min) manatlıq təmir işlərini görüb qurtarmışdır. Həmin işlərin müqabilində Cavabdeh ona ödəməli olduğu 2000 (iki min) manat puldan cavabdeh ona cəmi 400 (dörd yüz) manat ödəmiş, cavabdeh ona 1600 (min altı yüz) manat borclu qalmışdır. Artıq 4 ilə yaxın bir müddətdir ki, Cavabdeh ona borclu qaldığı 1600 (min altı yüz) manat pulu müxtəlif bəhanələrlə ona qaytarmaqdan boyun qaçırır. Bununla əlaqədar o, 2022-ci ilin yanvar ayında Qusar Rayon Polis Şöbəsinə şikayət etmişdir. Qusar Rayon Polis Şöbəsində araşdırma aparılan zaman Cavabdeh ona 1600 (min altı yüz) manat pul borclu qaldığını etiraf etsə də, yenə də həmin pulu ona qaytarmamışdır. Qusar Rayon Polis Şöbəsi bu məsələnin mülki xarakterli olduğunu bildirərək ona bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də Cavabdeh ona borclu qaldığı 1600 (min altı yüz) manat pul məhkəmə qaydasında cavabdehdən alınaraq ona qaytarılmalıdır. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə hazılıq iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh Qusar rayonunda yaşayır, lakin Sumqayıt şəhərində qeydiyyatdadır. O, cavabdehin evini təmir edərək 2000 manat məbləğində iş görmüş, cavabdeh isə bunun müqabilində ona cəmi 400 manat ödəniş etmişdir. Artıq 4 ildir ki, cavabdeh ona qalan borcunu ödəməkdən yayınmış, nəticədə o, zərər görmüş, əsəbləri tamamilə pozulmuş, evi təmir edərkən yanında işləyən fəhlələrin pulunu vermək üçün başqa şəxslərdən borc pul da götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı məhkəməyə məxsus (018) *** ** ** nömrəli telefon vasitəsi ilə əlaqə saxlayaraq hazırda Covid-19 virusuna yoluxduğunu, bununla əlaqədar hazırkı məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu və arayışından görünür ki, İddiaçı ərizəsində göstərilən xüsusatlar mülki xarakterli olduğundan mülki icraat qaydasında məhkəməyə müraciət olunması ona tövsiyyə olunmuşdur. İşdə olan Cavabdeh Qusar rayon Polis Şöbəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Cavabdeh 2018-ci ildə ona məxsus Qusar şəhəri Sahil küçəsində yerləşən şəxsi evinin sövdələşmə yolu ilə İddiaçı tərəfindən təmir edildiyini, onun Xalidə 2000 manat əvəzində 400 manat verdiyini, daha sonra 100 manat da verdiyini, başqa heç bir məbləğ vermədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya evinin təmirinə görə ödəməli olduğu 2000 manat puldan 400 və 100 manat olmaqla, ümumilikdə 500 manat ödəmiş, 1500 manat hissəsini isə ödəməmişdir. Bu halı cavabdeh Qusar rayon Polis Şöbəsində verdiyi izahatında etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ərizəsində cavabdehin ona 400 manat qaytardığını, 1600 manat məbləğində isə borcu qaldığını bildirmişdir. Lakin cavabdeh Polis Şöbəsində verdiyi izahatında həmin borcdan (2000 manat) 500 (beş yüz) manat hissəsini qaytardığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı sözügedən məbləğdən qalan 100 (1600-1500) manat hissəsində iddia tələbinin əsaslandığı halları sübuta yetirə bilməmişdir. Belə ki, o, məhkəməyə bu halı (100 manat borcun ödənilmədiyini) təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1500 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29493 nömrəli, 11 aprel 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən Qusar Rayon Vəkil Bürosunun hesabına 60 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə (təxminən 94%) təmin edildiyindən ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində borc, vəkilə hüquqi yardıma görə ödənilən 60 (altmış) manat və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3287/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3287/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver