Məhkəmə qərarları › İş №2(060)-3290/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3290/2023

30.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3290/2023 30.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı2 olan 70000 manat məbləğində borcun və həmin pula görə köçürdüyü 355 manat dövlət rüsumunun, Cavabdeh İddiaçı1 olan 6000 manat məbləğində borcun və həmin pula görə köçürdüyü 80 manat dövlət rüsumunun alınaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onu xeyli müddətdir ki, tanıyır, o 2019-cu ilin noyabr-dekabr aylarında ona müraciət edərək ona pul lazım olduğunu bildirmiş və o, da 2021-ci ilin mart ayına kimi cavabdehə hissə-hissə olmaqla ümumilikdə 70000 (yetmiş min) manat məbləğində borc pul vermiş, lakin sonradan həmin pulları ona qaytarmamışdır. Onu da qeyd edir ki, ona vermiş olduğu pulların 37000 (otuz yeddi min) manat pulu onun şəxsən öz pulu olmuş, 19000 (on doqquz min) manatı tanışı Fəxriyyə Orucovadan, 14000 (on dörd min) manatını isə tanışı İddiaçı1 almaqla cavabdehə vermiş və ümumilikdə cavabdehin borcu 70000 (yetmiş min) manat təşkil etmişdir ki, bu puldan ona bir manat da olsun ödəniş etməmişdir. Qeyd edilən pulların cavabdehə verilməsini təsdiqləyən şahidləri və sübutları da vardır, bundan başqa həmin pulların 19000 manatını və 14000 manatını o, cavabdehə həmin pulları almış olduğu şəxslərin - İddiaçı1 və F.Orucovanın yanında cavabdehə vermişdir. O. cavabdehin onu aldatdığını və aldığı pulları ona qaytarmadığını gördükdə onun barəsində polisə şikayət etmiş və araşdırma zamanı cavabdeh ondan qeyd edilən məbləğdə pulu almasını etiraf etmişdir. O, cavabdehə 19000 manat məbləğində pulu alaraq verdiyi F.Orucova və 14000 manat pulu alıb verdiyi İddiaçı1 birlikdə cavabdehə qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmış və həmin iddia tələbində 70000 manat məbləğində pulun alınaraq qaytarılmasını iddia etmiş, lakin AR Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)- 194/2023 saylı qərardadı ilə həmin iddia tələbi baxılmamış saxlanılmış və yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Adları qeyd edilən şəxslərdən- İddiaçı1 və F.Orucovadan pulu alaraq onların iştirakı ilə cavabdehə o, vermiş və cavabdeh də 70000 manat məbləğində ona borclu olduğunu etiraf etmişdir, buna görə də cavabdehə vermiş olduğu 70000 manat məbləğində pulun alınaraq ona qaytarılmasını iddia edir. Cavabdehdə olan və İddiaçı2 ondan alaraq ona verdiyi 70000 manata daxil olan 14000 manat pulunun qaytarılmasını tələb etdikdə cavabdeh ondan xahiş etmişdir ki, onu lotoreyaya salsın, lotoreyanı götürüb borcunu qaytaracaq və özü də lotoreyanı ödəyəcəkdir. O da cavabdehə inanaraq cavabdehi lotoreyaya salmış və cavabdeh lotoreyadan 6000 manat pulu götürsə də borcu ödəməmişdir. Nəticədə 6000 manat lotoreyanı da o, qaytarmaq məcburiyyətində qalmış, cavabdehin yerinə ödənişlər etmişdir, bu pul vəsaiti də cavabdehdən alınaraq ona qaytarılmalıdır. İddiaçılar qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, İddiaçı2 ilə 2019-cu ildə sadəcə lotoreya oynamışdırlar. 20 nəfərdən ibarət 200 manatdan oynamışdırlar. Heç bir problem olmayıb. Ondan sonra o qadınla onun heç bir əlaqəsi olmayıb. Rəhimənin qardaşı İlham qızına xəyanət etdi. 2021-ci ildə qızı 3 uşaqla boşandı. Ondan sonra onların ona qarşı düşmənçiliyi başladı. Nəyə görə bu müddət ərzində Rəhimə ondan şikayət vermədi bunlar boşandıqdan sonra məhkəməyə müraciət etdi. O, Xətai adlı şəxsi tanımır, ondan pul almamışdır. Fəxriyyə isə Rəhimənin dayısı qızı olduğu üçün o da onun üstünə şər atır, şər olduğu üçün bunların hər ikisi məhkəmə qətnamə çıxardıb, məhkəmə iclaslarından uzaqlaşıblar. Xətai məhkəmə iclasında durub dedi ki, o, disk çıxarmış, 500 manat pul vermiş, necə ola bilər ki, o diskə 500 manat pul versin. Niyyətin sübuta yetirə bilməyən düşmən bütün iclasları uduzdu. İndi də onu yenidən məhkəməyə verib. Hətta onun oğluna da üstünə şər atıb 26 min pul istəyirdi. Hərbi prokurorluğa vermişdi . Bu da sübuta yetirilmədi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə qohum olmuşdurlar və buna görə inanıb ona pul vermişdir. Cavabdeh ondan 37000 manat məbləğində pul götürmüşdür, 6000 manat da lotereya pulu olmuşdur. Lotereya oyununa o, qoşulmamışdır. Lotoreyada Xətai də iştirak etmişdir. Cavabdehin onlara ümumilikdə 76000 manat məbləğində borcu var. Belə ki, cavabdeh onun yanına gələrək oğlunun maşınla adam öldürdüyünü bildirib 37000 manat pul istəmişdir. O da həmin pulu bibisindən alıb cavabdehə vermiş, cavabdeh isə bir ay ərzində bankdan kredit götürərək qaytaracağını demişdir. O pul heç bir faizsiz verilib. Ayrı-ayrı vaxtlarda cavabdehə 19000 manat və 14000 manat pullar da verilib. Əslində cavabdehin həmin pulları başqa adamlara vermək üçün götürdüyünü bilib. Bildirir ki, 19000 manat pul cavabdehin qohumunun Covid 19 xəstəliyindən əziyyət çəkdiyi zaman verilib. Qeyd edir ki, 9000 manat pulu o, dayısı qızından alıb cavabdehə verib, qalan 14000 manat isə Xətainin pulu idi. Xətai cavabdehə həmin pulu faiz ödənilməsi şərtilə vermişdi. Cavabdehi özünə yaxın bildiyi üçün ona pul verilən zaman heç bir sənədə qeyd yazdırmayıb, lakin bununla bağlı onda səs yazıları da var. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, Rəhimova Xalıqova keçmiş kürəkəninin ögey bacısıdır. Rəhimə ona böhtan ataraq ondan guya 70000 manat aldığını bildirir. Rəhimə həmçinin onun qızına da şər ataraq onu 20000 manat məbləğində ziyana salmışdır. Bundan başqa Rəhimə maşını ilə qəza törədərək qaynanasını əzdiyini bildirir. O, bir dəfə Rəhimə ilə lotoreya oynamış, ödənişləri edib bitirmişdir. Amma kimsə ödənişi bir gün gecikdirən kimi iddiaçı hay küy salırdı. Qızı boşanandan sonra Rəhimə ona böhtanlar atmağa başlamışdır. O, digər iddiaçı Xətaini ümumiyyətlə tanımır. Onu cəmi bir dəfə məhkəmədə görmüşdür. Rəhimə 200 manat pensiya alır və belə olan halda onun Rəhimədən qeyd edilən məbləğdə borc alması sual doğurur. O, Rəhimə ilə yalnız bir dəfə 2020-ci ildə lotoreya oynamışdır. O, Rəhimədən heç vaxt pul almamış və pulun alınması ilə bağlı heç bir yerə qeyd yazmamışdır. Əlavə olaraq onu da bildirir ki, bu məsələ ilə bağlı keçirilən məhkəmə iclaslarında Xətaidən pulu ona əlbəəl verib vermədiyini soruşduqda Xətai pulu ona deyil, Rəhiməyə verdiyini bildirmişdir. Bir daha bildirir ki, qeyd olunanların hamısı yalandır. İddiaçı1dən evdə pul almamış, heç onu tanımır, onu indi görür. Xətainin lotoreya məsələsi indi ortaya çıxıb. Həmçinin bildirir ki, oğlu qəza törətməyib, hamısı yalandır. İlk dəfə onu polisə çağıranda artıq hər şeyi həll etmişdilər və ona ərizəyə oxumadan qol çəkdirmişdilər. Həmçinin qeyd edir ki, məhkəməyə təqdim edilmiş səs yazısında qeyd edilən pul lotoreyaya aiddir, əvvəl 100 manatdan, sonra 200 manatdan lotoreya oynuyurdular. Bir daha qeyd edir ki, o, Xətai ilə lotoreya oynamayıb, onu ilk dəfə məhkəmə prosesində görüb. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 19 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia tələbi ilə bağlı bildirmişdir ki, əvvəllər cavabdeh hər şeyi özü etiraf edirdi. 2019-2021-ci illər ərzində Fəxriyyə xanımı tanıyırdı. Fəxriyyə ona yaxın qohumu olduğunu, həmin qohumunun evində Covid xəstəsi olduğundan pul lazım olduğunu bildirmişdi. Fəxriyyə xanıma 10 000 manat pul vermiş, daha sonra 9000 manatı da düzəltmiş, ümumilikdə 19 000 manat cavabdehə pul vermişdir. Sonra cavabdehin oğlu qəza törətmiş, bu səbəbdən ona yenidən pul lazım olmuşdur. 14000 manat da əlavə pul vermişdir. Daha sonra onlar lotoreya oynamış, cavabdeh lotoreya pulunu da verməmişdir. Polis İdarəsində cavabdeh izahat verib, izahatda onlardan 70000 manat aldığını qəbul edib. Daha sonra isə gedib izahatını dəyişmişdir. Qeyd olunan hallarla bağlı sübutları var. Qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4124/2022 saylı, xx.xx.2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar İddiaçı2, X1 və İddiaçı1 Cavabdeh qarşı pul tələbi təmin edilməmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-194/2023 saylı, xx.xx.2023 saylı qərardadından görünür ki, həmin qərardadla Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4124/2022 saylı, xx.xx.2022 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iddiaçılar İddiaçı2, X1 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən isə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə hesab edir ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehə ümumilikdə 76000 manat məbləğində borc verdiklərini əsaslı şübhədənkənar mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar (səs yazıları, izahat ərizələri və s.) cavabdeh tərəfindən iddiaçılardan mübahisəli məbləğdə borc götürülməsi nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı2 iddia ərizəsində borcun 37000 manat hissəsinin özünə məxsus olduğunu bildirsə də, məhkəmə iclasında verdiyi izahatında həmin pulun bibisinə məxsus olduğunu bildirmişdir. İddiaçı iddia tələbinin əsasını təşkil edən pul məbləğinin qalan hissələrdə başqa şəxslərə məxsus olduğunu isə həm iddia ərizəsində qeyd etmiş, həm də məhkəmə iclasında bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı2 ziddiyyətli izahatlar verməklə ilk növbədə cavabdehdən tələb etdiyi pulun hansı hissədə özünə məxsus olduğunu, nəticədə cavabdehdən həmin pul məbləğinin (və ya bir hissəsinin) tutulması barədə tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğunu da sübuta yetirə bilməmişdir. Halbuki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçıların məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar