Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-33/2024 25.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17950 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh evində kirayədə yaşayan Ramin adlı şəxsin vasitəsilə tanımışdır. Aralarında normal tanışlıq münasibəti yaranmış və bir-birilərinə etibar etmişlər. 2022-ci ilin fevral ayında cavabdeh ondan borca pul istəmişdir. O, cavabdehdən pulu nə üçün istədiyini soruşduqda sonuncu bildirmişdir ki, gül salonu var və ora müxtəlif çeşiddə güllər vurmalıdır. Bunun üçün də pula ehtiyacı vardır. O, cavabdehə aralarında səmimiyyət olduğundan inanmışdır. Buna görə də o, cavabdehə hissə-hissə olaraq 2022-ci ilin fevral ayından balayaraq xx.xx.2022-ci ilə kimi 19100 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin puldan 2022-ci ilin oktyabr ayında 1000 manat, 2023cü ilin yanvar ayında isə 150 manat qaytarmışdır. Cavabdeh ona cəmi 1150 manat pul qaytarmışdır. Hazırda cavabdehin ona 17950 manat məbləğində borcu vardır. Dəfələrlə cavabdehə müraciət edərək, pulunu tələb etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınır. Bunun üçün də o, cavabdehin barəsində 2022-ci ilin sonlarında Sumqayıt ŞPİ-nin 1-ci PB-nə şikayət etmişdir. Həmin vaxt həm cavabdehin, həm də onun izahatını almışdırlar və cavabdeh ona borcu olduğunu etiraf etmişdir. Həmçinin aralarında olan telefon danışıqları, “Whatsapp” yazışmaları ilə də cavabdeh ona borcu olduğunu etiraf etmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-dən ona izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etsin. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 17950 manat pul cavabdehdən alınıb ona verilməlidir. Cavabdeh iddiaya etiraz ərizəsində bildirmişdir ki, qardaşının gül-bitki biznesi üçün pul lazım olduğundan İddiaçı 2000 manat faiz ödəmək şərtilə pul almış və faizləri ödəmişdir. Bundan sonar da ayrı-ayrı vaxtlarda iddiaçıdan pul almış və artıqlaması ilə qaytarmışdır. Hətta maaş kartını iddiaçıya vermiş, iddiaçı dörd ay müddətində hər ay 1400, cəmi 10135 manat pul çıxarmışdır. 2022-ci ilin may ayında iddiaçı onun kartından çıxardığı 1630 manatın yarısını ona vermişdir. Qalan 9335 manatı isə iddiaçı özü götürmüşdür. O, iddianı 2000 manat hissədə qəbul edir. Məhkəmə iclasında iddiaçı izahatında göstərdi ki, cavabdehin əmək haqqı kartından 2022-ci ilin fevral ayının 9-da 1430 manat, həmin ayın 15-də 1400 manat, mart ayında 1400 manat, aprel ayında 7-də 1445 manat pul çıxarmış, bu məbləğlərin yarısı ona, qalan hissəsi isə Cavabdeh çatmışdır. May ayının 6-da məxaric olunan 1630 manatı o, çıxarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının göstərdiklərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən, 2000 manat hissədə qəbul etdiyini bildirdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, ilkin olaraq iddiaçıdan faiz dərəcəsi 20% olmaqla 7500 manat borc pul götürmüşdür. Həmin pulun bir neçə qatını qaytarmışdır. O öz əmək haqqı kartını iddiaçıya vermiş, iddiaçı onun kartından pul çıxarmışdır. Onun maaşı hər ay iki dəfə olaraq avans və aylıq əmək haqqı şəklində kartına köçürülür. 2000 manata yaxın borcu qalmışdır. 1150 manat pulu bir dəfə 1000 manat və bir dəfə 150 manat olmaqla iddiaçının kartına göndərmişdir. O, iddiaçıya 30000 manata yaxın pul qaytarmışdır. O, eyni zamanda qeyd etdi ki, bundan əlavə 3000 manat alıb 4000 manat qaytarmış, sonra 3000 manat alıb 3600 manat qaytarmış, 2000 və 1000 manat qısa müddətə alıb, həmin məbləğləri də qaytarmışdır. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - Həmin məktubla göndərilən Cavabdeh Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-də verdiyi izahatın surətindən görünür ki, Cavabdeh İddiaçı 5-6 ay ərzində ümumilikdə 16-17 min manat pul götürdüyünü bildirmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilərək məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilən səs yazısından görünür ki, cavabdeh 1600 manat pulun yarı-yarıya bölünməsini iddiaçıya təklif etmiş, eyni zamanda onun 1400 manat verəcəyinin olduğunu bildirmişdir. - Məhkəmənin Cavabdeh adına olan 5103-0647-4620-0915 saylı kartından xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək hansı ünvanlarda yerləşən bankomatdan hansı tarixlərdə istifadə olunması, kim tərəfindən və hansı məbləğdə pul çıxarılması barədə məlumatlar və görüntülər (fotoşəkil və.s) "xxxx" ASC-dən məhkəməyə təqdim edilməsi barədə qərardadı əsasında məhkəməyə ünvanlanmış "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, bankın müştərisi - Cavabdeh adına olan 5103-0647-4620- 0915 saylı kartdan "xxxx" ASC-nin Qubadlı filialının 207 №-li və 378 №-li ATM-lərindən xx.xx.2022-ci ildə 1430 manat, xx.xx.2022-ci ildə 1050 manat və 350 manat, xx.xx.2022-ci ildə 100 man.; 300 man.; 200 man.; 330 man. və 500 manat, xx.xx.2022-ci ildə 1400 manat, xx.xx.2022-ci ildə 1445 manat, xx.xx.2022-ci ildə 1400 manat və xx.xx.2022-ci ildə 1630 manat pul çıxarılmışdır (Cəmi: 10135 manat). - Eyni zamanda həmin məktubda qeyd olunmuşdur ki, nağdlaşdırma zamanı nəzarət kameralarında qeydə alınan görüntülər ilə bağlı məlumatların əldə edilməsi üçün bankomatlar "xxxx" ASC-yə məxsus olduğundan həmin banka müraciət edilməlidir. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan dövrdə "xxxx" ASC-yə dair plastik kartla "xxxx" ASC-yə məxsus ATM vasitəsilə aparılan nağdlaşdırma əməliyyatlarına dair görüntülərin saxlanma müddəti bitdiyi üçün görüntülərin təqdim olunması mümkün deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan müəyyən məbləğdə pul almış, bundan 1150 manat sonuncuya qaytarmışdır. Cavabdehin aldığı pulun məbləği, bank hesabı kartından 2022-ci ilin fevral ayının 9dan aprel ayının 7-dək iddiaçı tərəfindən çıxarılmış pulun yarısının birinciyə qaytarması və həmin ilin may ayında bu kartdan 1600 manatın kimin məxaric etməsi və sərəncamında qalması işin mübahisəli hallarıdır. İşin mübahisəli halları ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan 16500 manat məbləğində pul almış, bunun 10485 manatını qaytarmış, ödənilən məbləğin 9335 manatı 2022-ci ilin fevral-may ayları ərzində iddiaçı tərəfindən cavabdehin bank hesabı kartından çıxarılmış, həmçinin 1000 manatı həmin ilin oktyabrında, 150 manatı isə 2023-cü ilin yanvar ayında sonuncuya verilmişdir. Belə ki, cavabdehin iddiaçıdan 16500 manat pul alması birincinin məhkəmə araşdırması zamanı özünün bildirdikləri ilə müəyyən olunur ki, bu da onun polis orqanlarında verdiyi izahatındakı məbləğə (16000-17000 manat) uyğun gəlir. Cavabdehin başqa məbləğdə pul almasını təsdiqləyən hər hansı sübutu iddiaçı məhkəməyə təqdim etməmiş, eləcə də belə hal iş materiallarından görünmür. Həmçinin, cavabdehin iddiaçıya 2022-ci ilin oktyabrında 1000 manat, 2023-cü ilin yanvar ayında isə 150 manat qaytarması isə bilavasitə sonuncunun iddia ərizəsindən aydın olur. Bu halı təkzibedən hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə cavabdehin bank hesabı kartından iddiaçının 9335 manat çıxarması sonuncunun məhkəmə baxışında verdiyi izahatlarından, tərəflərin mübahisələndirmədikləri səs yazılarından, habelə müvafiq qurumun məhkəmə qərardadına əsasən təqdim etdiyi sübutlarla təsbit olunur. Həmin məlumatlardan görünür ki, 2022-ci ilin fevral ayının 9-dan may ayının 6-dək sözügedən kartdan 10135 manat pul çıxarılmış, iddiaçının izahatından isə həmin ilin fevral-aprel aylarında 5675 manat məxaric edilməsi aydın olur. Məhkəmə, iddiaçının həmin məbləğin yarısının cavabdehə verməsi barədə dediklərinə tənqidi yanaşaraq, qeyd edir ki, belə bir halın baş verməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamış, habelə bu arqument cavabdeh tərəfindən etiraf edilməmişdir. 2022-ci ilin may ayında bu kartdan pulun onun çıxartmaması barədə iddiaçının dediklərinə gəldikdə isə, məhkəmə baxışında tədqiq olunmuş tərəflərin səsyazısı, konkret olaraq, cavabdehin iddiaçıdan çıxardığı 1600 manatın yarısının ona verməsi xahişi, eləcə də sözügedən kartdan 1630 manat məbləğin cəmi bir dəfə 2022-ci ilin may ayında çıxarılması faktı, sözügedən səsyazısının məhz bu hala aidliyini, həmin məbləğin iddiaçı tərəfindən çıxarılmasını, eləcə də onun yarısının cavabdehə verilməsini sübut edir. Eyni zamanda kartdan çıxarılmış 1630 manatın 800 manatının iddiaçının ona verməsi cavabdehin izahatlarında etiraf olunmuşdur. Bundan əlavə, göstərilən dövr ərzində sözügedən bank hesabı kartından əlavə olaraq 2830 manatın da iddiaçı tərəfindən çıxarılmasını bu məbləğin də əvvəlkilərlə eyni zaman kəsiyində və eyni bankomatlardan çıxarılması faktlarına əsaslanaraq, məhkəmə daha ağlabatan olması nəticəsinə gəlir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan pul alması hər hansı müqavilə, yazılı sazişə söykənmədiyindən alınmış məbləğin qanunvericilikdə yazılı formada müqavilə bağlanması imperativ şəkildə nəzərdə tutulan kredit məbləğindən də artıq olduğundan iddianın maddi hüququ əsası əsassız varlanmadır. Odur ki, mübahisə əsassız varlanmaya dair maddi hüquq normalarının tələbləri çərçivəsində həll edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia 6015 manat pulun qaytarılması həcmində əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, cavabdehin varlanmasına, yəni iddiaçının 6015 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6015 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən qanunvericiliyin tələbinə əsasən iddianın verilməsinə görə onun təmin edilmiş hissəsinə mütənasib olaraq 80.15 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6015 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 80.15 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-33/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-33/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver