Məhkəmə qərarları › İş №2(060)-3304/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3304/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3304/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğvi və kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının “Sumqayıt” filialı ilə cavabdeh arasında bağlanmış 29.10.2019-cu il tarixli, FN- 00220-17/19A saylı kredit müqaviləsinin və ona 01 saylı əlavə sazişin ləğv edilməsi, həmin müqavilədən irəli gələn 18.01.2021-ci il tarixinə ödənilməmiş 4144,45 manat əsas borc, 952,03 manat faiz borcu, 93,10 manat dəbbə pulu olmaqla, ümumilikdə, 5189,58 manat borcun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 29.10.2019-cu il tarixli, FN-00220-17/19A saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 4500 manat məbləğində aylıq əsasla qaytarmaq şərti ilə kredit verilmişdir. 21.05.2020-ci il tarixdə kredit müqaviləsinə 01 saylı Əlavə saziş bağlanmış və yeni ödəniş cədvəli tərtib olunmuşdur. Əlavə sazişin 3-cü bəndinə əsasən kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 4 ay müddətinə 28.02.2023-cü ilədək uzadılmış hesab edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi şəkildə və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq borcu ödəməmişdir. İddiaçı 18.05.2021-ci il tarixində məhkəməyə teleqram vuraraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbinə etiraz etmir. Belə ki, o zavodda işləyirdi. Lakin, zavod bağlandığı üçün işsiz qaldı. O, hazırda heç bir yerdə işləmir. Borcun ödənilməsinin hissələrə bölünməsinə köməklik göstərilsə, hissəhissə ödəyə bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1988-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29.10.2019-cu il tarixli ərizədə cavabdeh ona 36 ay müddətinə 4500 manat kredit ayrılmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış 29.10.2019-cu il tarixli, FN-00220-17/19A saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə, illik 26 faizlə 4500 manat kredit vermişdir. 29.10.2019-cu il tarixli kassa məxaric orderinə əsasən iddiaçı tərəfindən cavabdehə 4500 manat kredit verilmiş, cavabdeh həmin məbləği qəbul etmişdir. Kredit müqaviləsinə 21.05.2020-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən yeni ödəniş cədvəli tərtib olunmuşdur. Əlavə sazişin 3-cü bəndinə əsasən kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 4 ay müddətinə 28.02.2023-cü ilədək uzadılmış hesab edilmişdir. İşdə olanödəniş cədvəlinə əsasən cavabdeh 4-cü aydan başlayaraq 181,31 manat, sonuncu ay isə 517,17 manat ödəməli idi. 18 yanvar 2021-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, cavabdehin 18.01.2021-ci il tarixinə borcu əsas borc üzrə 4144,45 manat, faiz borcu üzrə 952,03 manat, dəbbə pulu üzrə 93,10 manat olmaqla, cəmi 5189,58 manat təşkil edir. İşdən görünür ki, cavabdehə 29.10.2020-ci il və 17.04.2020-ci il tarixli bildirişlər (pretenziya) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi cavabdeh 29.10.2019-cu il tarixli, FN-00220-17/19A saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş bu səbəbdən iddia ərizəsində göstərilən məbləğdə banka əsas və faiz borcu qalmışdır. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 4144,45 manat əsas borc məbləğinə 93,10 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Ona görə də həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi və 21.05.2020-ci il tarixli əlavə saziş ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29.10.2019-cu il tarixli, FN-00220-17/19A saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə 21.10.2020-ci il tarixli əlavə saziş ləğv edilsin. Əsas borc üzrə 4144,45 manat, faiz borcu üzrə 952,03 manat, cərimə üzrə 93,10 manat olmaqla, cəmi 5189 (beş min yüz səksən doqquz) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar