Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3313/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 400 manat əsas borc, 120 manat cərimə olmaqla, cəmi 520 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərardadı ilə, İddiaçı MMCnin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Daha sonra məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, ərizə və ona əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət deyildir və əlavə araşdırmanın aparılması, həmçinin tərəfləri çağıraraq izahatların alınması zəruridir. Ona görə də məhkəmənin 09 aprel 2021-ci il tarixli qərardadı ilə, İddiaçı MMCnin Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 09.02.2020-ci il tarixli müddətli alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «Samsung A307» markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 81 manat olmaqla, cəmi 481 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq sonuncu dəfə 28.11.2020-ci il tarixində 50 manat ödəniş etdikdən sonra heç bir ödəniş etməmiş və qalıq qalmış 400 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Beləliklə cavabdehin 20.12.2020ci il tarixə iddiaçıya olan borcu 400 manat əsas, 120 manat cərimə olmaqla, cəmi 520 manat təşkil etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh iddia tələbi ilə razı olmadığını, telefonu onun götürmədiyini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 09.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı «Samsung A307» markalı mobil telefonu cavabdehə satmış və cavabdeh iddiaçıdan aldığı həmin məhsulun dəyərini 6 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. - Maliyyə arayışına əsasən cavabdehin 20.12.2020-ci il tarixinə əsas borc üzrə 400 manat, cərimə borcu üzrə 120 manat məbləğində borcu qalmışdır. - İddiaçı MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 400 manat borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 09.02.2020-ci il tarixli əşyanın alqı satqısına dair müqavilə mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə 400 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqaviləyə 1 saylı əlavədə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir)% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanması nəzərdə tutulmuşdur. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 20 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. İddia qismən təmin edildiyi və tutulmalı məbləğ 500 manatdan aşağı olduğuna görə iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumundan 20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 09.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 400 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 420 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 400-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 400 manat əsas borc, 20 manat cərimə olmaqla, cəmi 420 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3313/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3313/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver