Məhkəmə qərarları › İş №2(060)-3314/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3314/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3314/2020 28.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil Əhməd oğlunun iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsini üçüncü şəxs qismində işə cəlb etməklə “icbari dövlət ödənişləri üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsini üçüncü şəxs qismində işə cəlb etməklə “icbari dövlət ödənişləri üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun muzdlu işlə əlaqədar gəlirindən gəlir vergisi kimi ödənilmiş 6997.5 manat, məcburi dövlət sosial sığorta haqqı kimi ödənilmiş 5794,21 manat, işsizlikdən sığorta haqqı kimi ödənilmiş 290.41 manat, əldən çıxmış faydaya görə 3538,91 manat, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 16651,03 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-245/2018 №-li qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı ASCyə qarşı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2018-ci il tarixli 2(103)-265/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq Səbail rayon məhkəməsinin qətnaməsi qismən - iddiaçının ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi ilə bağlı tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilərək Cavabdeh iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş 4.386,26 manat pulun bankdan tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və ekspertiza xərcinin dəyəri 145 manat banka aid edilmişdir. AR Ali Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli 2(102)-793/2019 №-li qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın qətnaməsi dəyişdirilmədən və bankın kassasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Qətnamə qüvvəyə mindikdən və icraya yönəldildikdən sonra icra icraatı mərhələ-sində tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişinə əsasən bank Cavabdeh ödəməli olduğu 54324,68 manat pulun 45000 manatını onun cari hesa-bına köçürmüş, Cavabdeh tələbin qalan 9324.68 manat hissəsindən imtina etmişdir. Cavabdeh sonradan vergi orqanına şikayət ərizəsi ilə müraciət edərək, bank tərəfindən ona ödənilən 45000 manata görə məcburi dövlət sosial sığorta haqqının ödənil-mədiyini və nəticədə gözlədiyindən az pensiya aldığını bildirmişdir. Onun müraciətinə əsasən araşdırma aparan Vergilər Nazirliyi 45.000 manata görə gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini, həmçinin dəqiqləşdirilmiş bəyannamənin təqdim olunmasını bankdan tələb etmişdir. Bankın məhkəmə qətnaməsinə əsasən ödədiyi 45.000 manat Cavabdeh müzdlu işlə əlaqədar əldə etdiyi gəlirdir və o, həmin gəlir üzrə gəlir vergisinin ödəyicisidir. Bank isə onun gəlirindən gəlir vergisini ödəmə mənbəyində tutmağa və büdcəyə köçürməyə borclu olan vergi agentidir. Vergi orqanın yazılı tələbinə əsasən Cavabdeh ödənilən gəlirdən tutulmalı olan 6997.5 manat gəlir vergisi, 5794,21 manat məcburi dövlət sosial sığorta haqqı, 290.41 manat işsizlikdən sığorta haqqı xx.xx.2020-ci ildə dövlət büdcəsinə ödənilmişdir. Bundan başqa, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh kredit müqaviləsi üzrə 7077,83 manat pulun tutulması qət edilmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi MK-nin ,xx.xx.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin qanuni qüvvəyə minməsindən 2 il vaxt keçməsinə baxmayaraq cavabdeh borcunu vaxtında ödəməməklə, banka zərər vurmuşdur. Belə ki, cavabdeh borcu vaxtında ödəyəcəyi halda bank həmin məbləği illik 25 faiz kredit verməklə 2 il üçün 3538,91 manat faiz gəliri əldə edə bilərdi (7077.83 x 25% x 2). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir və iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz təqdim edərək etirazda göstərilənlərin izahatı kimi qəbul edilməsini xahiş etdi və iddianın rədd edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, iddiaçı cavabdehin vurduğu zərərə görə iddiaçı qarşısında maddi məsuliyyət daşımalı olması qənaətinə gəlmiş, lakin, nəzərə almamışdır ki, “işçinin maddi məsuliyyəti”, öz-özünə deyil, yalnız qanunla müəyyən edilmiş zəruri şərtlər məcmusunun mövcudluğu daxilində yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd olunduğu kimi Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Göründüyü kimi, işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun yuxarda istinad etdiyimiz Qərarında qeyd olunur ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı gösterilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Sadalanan normaların məzmunundan göründüyü ki, maddi məsuliyyətin yaranması üçün cavabdehin qanunazidd əməli mövcud deyildir. Belə olduğu halda isə hər hansı ziyanın vurulmasından söhbət belə gedə bilməz. Odur ki iddiaçının cavabdehə qarşı "icbari dövlət ödənişləri üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair" iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, iddianın həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(009)-245/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “işdənçıxarma müavinətinin düzgün hesablanması, iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının və məzuniyyət pulunun ödənilməsi və xüsusi qərardad çıxarılması” tələbinə dair iddası təmin edilməməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(103)- 265/2018 saylıqətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Səbail rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(009)-245/2017 saylı qətnaməsindən verdiyi şikayət qismən təmin edilərək Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən iddiaçının ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi ilə bağlı tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilərək Cavabdeh çalışdığı dövrdə iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş 4.386,26 manat İddiaçısı ASC-dən iddiaçının xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və ekspertiza xərcinin dəyəri olaraq 145 manatın Banka aid edilməsi qət edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-793/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh (tələbkar) ilə İddiaçı ASC (borclu) arasında bağlanmış xx xxx 2019-cu il tarixli barışıq sazişindən görünür ki, tərəflər borclunun Bakı Apellyasiya Məhkəməsinin 2(102)-793/2019 saylıicra sənədinə əsasən tələbkara ödəməli olduğu cəmi 54324,68 manat pulun 45000 manatını bu sazişin imzalandığı tarixdə tələbkarın İddiaçı ASC-dəki hesabına köçürməsi, tələbkarın isə borcluya qarşı tələbin 9324,68 manat hissəsindən imtina etməsi və bu barədə notarial qaydada təsdiq edilmiş ərizənin bir nüsxəsini tələbkara, digər əsl nüsxəsini isə Səbail rayon İcra və probasiya şöbəsinə təqdim etməsi, eləcə də, 45000 manat tələbkara ödənildikdən sonra o, borcluya qarşı tələbin qalan 9324,68 manat hissəsinə dair tələb irəli sürməyəcəyi barədə razılığa gəlmişlər. Ödəniş tapşırıqlarından görünür ki, Bank Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına gəlir vergisi kimi 6997,5 manat, DSMF-nin hesabına məcburi dövlət sosial sığorta haqqı kimi 5794,21 manat, işsizlikdən sığorta haqqı kimi 290,41 manat məbləğində pul köçürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-786/2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 5489,44 manat əsas kredit borcu, 1538,39 manat kreditdən istifadəyə görə faiz borcu, 50 manat cərimə (penıya) borcu, cəmi 7077,83 manat məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(105)-2100/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-786/2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, qüvvədə olan məhkəmə qətnamələri ilə Bankdan Cavabdeh xeyrinə tutulması müəyyən edilmiş 54.324,68 manatın qarşılıqlı razılaşma əsasında 45.000 manatı onun hesabına köçürüldükdən sonra Bank tərəfindən gəlir vergisi kimi 6997,5 manat, məcburi dövlət sosial sığorta haqqı kimi 5794,21 manat, işsizlikdən sığorta haqqı kimi 290,41 manat pulu ödənişi olmuşdur. Araşdırılan iddia üzrə iddiaçı həmin ödənişlərin cavabdehin gəliri hesabına ödənilməli olmasını əsas gətirərək tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Eləcə də cavabdeh tərəfindən vaxtında icra edilməyən məhkəmə qətnaməsinə görə Mülki Məcəlləninin 449-cu maddəsinə istinadən əldən çıxmış fayda olaraq pul tələbi irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, hazırki münasibətlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Vergi Məcəlləsinin təsiri altında düşdüyü üçün həmin qanunlar tətbiq edilməli, bu qanunvericilik aktlarının göstərişinə uyğun olaraq Bank tərəfindən həyata keçirilən ödənişlərin vergi və məcburi dövlət sosial siğorta haqlarına cəlb edilməli olubolmaması müəyyən edilməlidir. Belə ki, araşdırılan mübahisədən göründüyü kimi tərəflər arasında əmək münasibətlərindən irəli gələn hüquq münasibətləri olmuşdur və məhkəmə qətnaməsinə əsasən cavabdehə çalışdığı dövrdə iş vaxtından artıq işlədiyi saatlara görə və məzuniyyət günlərinə görə ödənilməmiş pul məbləğinin tutulması qət edilmişdir. Bu baxımdan məhkəmə Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, işin obyektiv həlli üçün Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulmuş dəymiş zərər anlayışına aydınlıq gətirilməsinə zərurət vardır. Azərbaycan Respublikasın Vergi Məcəlləsinin 102-ci maddəsində gəlir vergisindən azadolmalar və güzəştlərin əsasları nəzərdə tutulmuşdur. Həmin maddənin göstərişinə görə dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri (102.1.10-cu maddə) gəlir vergisindən azaddır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 135.2-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı halları nəzərdə tutan 195-ci maddəyə əsaən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 196.1-ci maddəyə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin ümümi prinsiplərinə görə Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Kompensasiyanın vəzifəsi «ziyanın tam təminindən ibarətdir». «Kompensasiya»- dəymiş zərərin ödənilməsi yönümündə çıxış edən ödəniş növüdür. Əmək qanunvericiliyinin şərh olunan normalarının tələbinə görə qanunla nəzərdə tutulmuş hallarda işəgötürən işçiyə dəymiş maddi ziyanı ödəməlidir. Qüvvədə olan məhkəmə qətnamələrindən göründüyü kimi işəgötürən işçinin əmək haqqı və digər ödənişlərini düzgün müəyyən etmədiyi üçün ondan işçinin xeyrinə pul tutulması qət edilmişdir. Həmin pul ödənişi isə maddi zərər qismində qanunvericilikdə tanınmışdır. Qeyd edildiyi kimi mülki qanunvericilikdə kompensasiya - dəymiş zərərin əvəzi olaraq çıxış edir. Bu halba belə bir qənaətə gəlinir ki, maddi zərər kompensasiya ödənişi olmaqla həmin ödəniş növündən gəlir vergisi tutula bilməz. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. İfadə olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, vergitutmanın ümumi əsasları icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunduğundan, dəymiş zərərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişlərindən sözügedən sığorta haqları da tutula bilməz. Məhkəmə əldən çıxmış faydaya görə pul tələbi hissəsində də iddianı əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı əldən çıxmış faydaya görə pul tutulması ilə bağlı hissədə tələbini təsdiq edən, yəni cavabdehin həmin vəsaitdən Mülki Məcəllənin 152.3-cü maddəsində nəzərdə tutulmuş şəkildə faydalanması ilə bağlı sübut məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsini üçüncü şəxs qismində işə cəlb etməklə “icbari dövlət ödənişləri üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar