Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3323/2024 18.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi ilə, İddiaçı «X4» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı «X4» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı «X4» ASC-nin xeyrinə 5083,6 manat əsas, 568,27 manat faiz, 310,88 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5962,75 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 80,03 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 20 ay müddətinə illik 22% ödəmək şərtilə 7500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15 mart 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 5083,6 manat əsas, 586,27 manat faiz, 310,88 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5962,75 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
Tərəflərin mövqeləri:
3. İddiaçı «X4» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. İddiaçı «X4» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 946micSUM/22-EM saylı əsas kredit müqaviləsindən görünür ki, bank 300000 manat məbləğində illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək Azərbaycan manatı ilə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
6. İddiaçı «X4» ASC ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 946micSUM/22 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank 20 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək illik 22 faiz ödəmək şərti ilə, 0 ay güzəşt müddəti ilə 7500 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
7. İddiaçı «X4» ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 946micSUM/22 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər kreditor qarşısında borclunun xx.xx.2022-ci il tarixli, 946micSUM/22-EM saylı əsas kredit və bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
8. 946micSUM/22 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, tərəflər 946micSUM/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 452 manat, xx.xx.2024-cü il tarixdə isə 440,20 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı razılığa gəlmişdirlər.
9. 24.01.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı «X4» ASC tərəfindən cavabdehə müqavilə üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv olunması təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçı «X4» ASC tərəfindən tərtib edilmiş 15 mart 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh1 946micSUM/22 saylı kredit müqaviləsi üzrə 5083,6 manat əsas borc, 568,27 manat faiz borcu, 310,88 manat cərimə olmaqla, cəmi 5962,75 manat borcu vardır.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:
- Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
14. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
15. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı «X4» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 946micSUM/22-EM saylı əsas kredit müqaviləsinə əsasən bank 300000 manat məbləğində illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək Azərbaycan manatı ilə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin tarixdə əlavə kredit müqaviləsi bağlanmış və bank 20 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək illik 22 faiz ödəmək şərti ilə, 0 ay güzəşt müddəti ilə 7500 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən əsas kredit müqaviləsinin və əlavə kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 həmin müqavilələr üzrə öhdəliyin icra edilmədiyi halda məsuliyyəti öz üzərinə götürmüşdür.
16. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
17. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh1 müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
18. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
19. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bank 22%-lə cavabdehə kreditə verdiyi pul vəsaitinin ödənilməsini tələb edir. Ödənilməli olan əsas borca münasibətdə faiz məbləği tərəflərin razılaşması ilə müqavilə əsasında müəyyənləşdirilmişdir.
20. 15 mart 2024-cü il tarixli maliyyə arayışında cavabdehin 568,27 manat faiz borcunun olduğu göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilmiş 24 yanvar 2024-cü il tarixli bildirişdə cavabdehdən 409,17 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir.
21. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.
22. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 409,17 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.
23. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
24. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 310,88 manat təşkil edən cərimə məbləğinin 50 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
25. Məhkəmə iddianın zamin Cavabdeh2 qarşı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı «X4» ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 946micSUM/22 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kreditor qarşısında borclunun xx.xx.2022-ci il tarixli, 946micSUM/22-EM saylı əsas kredit və bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə tam və məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
26. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
27. Məhkəmə qeyd edir ki, 946micSUM/22 saylı zaminlik müqaviləsində zaminlik müqaviləsi ilə bağlı mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi və s.) kifayət qədər aydın göstərilmişdir.
28. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən müqavilə üzrə zamin Cavabdeh2 tərəfindən sözügedən müqavilə üzrə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə həmin öhdəliyin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia Cavabdeh2 dair hissədə də təmin edilməlidir.
29. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 5083,6 manat əsas borc, 409,17 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 5542 (beş min beş yüz qırx iki) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 79,63 manat məbləğində pul vəsaitinin 75 (yetmiş beş) manat, 42 (qırx iki) qəpik hissəsi tutularaq «X4» ASC-yə ödənilməlidir.
Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 5083,6 manat əsas borc, 409,17 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 5542 (beş min beş yüz qırx iki) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 79,63 manat məbləğində pul vəsaitinin 75 (yetmiş beş) manat, 42 (qırx iki) qəpik hissəsi tutularaq «X4» ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva