Məhkəmə qərarları › İş №2(060)-3326/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3326/2021

09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3326/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X15 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında Sumqayıt şəhər Qeydiyyat Şöbəsində xx xxxxx 2010-cu il tarixdə nikah qeydə aldırmaqla evlənib ailə qurmuşlar. Ər-arvad münasibətlərində olmaqla birlikdə yaşadıqları müddətdə xx xxxxxx 2011-ci il tarixdə Turan və xx xxxxxx 2012-ci il tarixdə Ayan adlarında uşaqları anadan olmuşdur. Həmin uşaqlar hal-hazırda onunla birlikdə və onun himayəsində yaşayır. Cavabdehlə ər-arvad münasibətləri pozulmuş, ayrılıqda yaşayırlar və nikahları formal xarakter daşıdığı üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsində xx xxxxx 2010-cu il tarixdə qeydə alınmış nikah Ağsu Rayon Məhkəməsində xx xxxxxx 2016-cı il tarixdə pozulmuş və az yaşlı uşağları Turan və Ayanın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay hər bir uşağa 117 (yüz on yeddi) manat olmaqla iki uşağa görə 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin həmin məbləğdə aliment uşağların saxlanmasını təmin etmir. Cavabdeh tikintidə usta işləyir. Onun isə aldığı məvacib özünə və uşaqlarına yetmir. Bu səbəbdəndə cavabdehdən tutulan alimentin miqdarının artırılmasını və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələblərinə müvafiq olaraq hər ay sabit pul məbləği tutulmasını tələb edir. Qeyd olunanlara əsasən yetkilik yaşına çatmayan uşağları xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş Turan və xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş Ayan adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılaraq Cavabdeh uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə hər ay hər bir uşağa 200 (iki yüz) manat ümumilikdə 400 (dörd yüz) manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsinə etiraz verərək etirazında göstərmişdir ki, İddiaçı ona qarşı "Aliment miqdarının artırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa 117 manat sabit pil məbləğində aliment miqdarının artırılaraq ondan hər ay hər uşağa görə 200 manat, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. O uşaqlarını saxlamağa borclu olduğunu bilir və bu barədə dəfələrlə iddiaçıya bildirmişdir. O hər ay mütəmadi olaraq alimenti ödəyir. Lakin, valideynlər öz uşaqlarını maddi imkanları daxilində təmin etmək iqtidarında olurlar. Bu səbəbdən də müxtəlif qazancı olan valideynlərin uşaqları da valideynlərinin qazancına uyğun təmin edilirlər. Hazırda o "xxxx" Mənzil Tikinti Kooperativində dəmirçi peşəsində çalışır və məhkəməyə təqdim olunmuş arayışa əsasən aylıq əmək haqqı 400 manat təşkil edir. Bundan başqa onun əlavə gəlir və qazancı yoxdur. Maddi vəziyyəti olduqca ağırdır. Lakin, uşaqlarının saxlanılması üçün Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 117 manat sabit pul məbləğində alimentin cavabdehə ödənilməsinə etiraz etmir. Lakin, həmin məbləğin artırılmasının əleyhinədir. Çünki, hazırda 117 manatdan yuxarı aliment ödənilməsi onun maddi vəziyyətinə heç cür uyğun deyil. Bundan başqa, hesab edir ki, iddiaçının özü də bir valideyn kimi uşağını saxlamağa borcludur. İddiaçı Bakı şəhərində əczaçı işləyir və aylıq məvacibi var. Hesab edir ki, məhkəmə yalnız iddiaçının mənafeyini müdafiə etməməli, onun da ailə vəziyyətinə və maddi durumuna əhəmiyyət verilməlidir. İddiaçı ilə aralarında olan nikah pozulandan sonra 2020-ci ildə o yeni ailə qurmuş və həyat yoldaşı hamilədir. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbi əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verib, bildirdi ki, cavabdehin uşaqlarnan görüşməsinə etirazı yoxdur. O Zeytun MMC-də işləyir, 450 manat əmək haqqı alr. Bir uşağa görə ödəniləcək məbləğ onu qane etmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək iddia ərizəsinə verdiyi etirazında göstərilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, ailə qurmuş, alimenti hər ay ödəyir, aliment borcu yoxdur. 120 manat aliment ödəyə bilər. 400 manat maaş alır, başqa gəliri yoxdur. Ona görə də məhkəmədən İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı və Cavabdeh izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 2(016)-3182/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, boşanmadan sonra xx xxxxxx 2011-ci il təvəllüdlü X9 və xx xxxxxx 2012-ci il təvəllüdlü Ayan Tural qızı X1 yanında qalmaları, xx xxxxxx 2011-ci il təvəllüdlü X9 və xx xxxxxx 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 qazancından (başqa gəlirlərindən) bir uşaq üçün 117 manat olmaqla, iki uşağa görə 234 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi, alimentin tutulmasının xx.xx.2016-cı ildən başlanılması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra qadına Bayramova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx xxxxxx 2012-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx xxxxxx 2011-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan nikahın bağlanması haqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X13 arasında nikah xx.xx.2020-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1747 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şıxəliyev, arvada Şıxəliyeva soyadı verilmişdir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən "xxxx" Mənzil Tikinti Kooperativində dəmirçi peşəsində işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsiin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşagıdakıları qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 4-cü maddəsinə görə bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “X14” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ağsu Rayon Məhkəməsinin 2(016)- 3182/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay bir uşaq üçün 117 manat, ümumilikdə 234 manat sabit pul məbləğində tutulan aliment uşaqların saxlanması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddianın əsaslığını təmin edən digər sübutların təqdim edilmədiyini nəzərə alan məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini, iddiaçının işləyərək 450 manat əmək haqqı almasını, cavabdehin yeni ailə qurmasını, 400 manat əmək haqqından başqa əlavə gəlirlərinin olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək Ağsu Rayon Məhkəməsinin 2(016)- 3182/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2011-ci il təvəllüdlü X11 və xx xxxxxx 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 2(016)-3182/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə, xx xxxxxx 2011-ci il təvəllüdlü X11 və xx xxxxxx 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar