Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3337/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-978/2018 saylı, 14.05.2018-ci il tarixli qətnaməsinin alimentin tutulması hissəsində dəyişdirilərək birgə nikahdan olan 11.12.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qazancının 1/4 hissəsi miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə nikahları 22.08.1999-cu ildə bağlanmışdır. Birgə nikahdan 01.02.2001-ci il təvəllüdlü X6, 28.04.2002-ci il təvəllüdlü X7 və 11.12.2010-cu il təvəllüdlü X5 anadan olmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-978/2018 saylı, 14.05.2018-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, yetkinlik yaşlarına çatmayan uşaqlar ananın himayəsinə verilmiş, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Birgə nikahdan olan 01.02.2001-ci il təvəllüdlü X6 və 28.04.2002-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatmışlar. Bir uşaq üçün 200 manat məbləğində aliment uşağın saxlanmasına çatmır. Cavabdeh məhkəmə iclasında iddia tələbinə yazılı etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin hər ay gecikdirilmədən ödənişi təmin edilmişdir. X9 və Həsən Həsənli yetkinlik yaşlarına çatdıqları üçün onlar üçün aliment ödənişi dayandırılmışdır. Lakin yetkinlik yaşına çatmayan övladı Həqiqət Həsənli üçün aliment ödənişi gecikdirilmədən davam edir. İddiaçının təşəbbüsü ilə ailəsinin dağıdılmasına baxmayaraq cavabdeh övladlarının bu günədək olan bütün ehtiyaclarını ödəmişdir. Böyük qızı Miranə Həsənli ödənişli təhsil aldığı üçün illik təhsil haqqı və digər xərcləri qarşılamışdır. Cavabdeh Sumqayıt Qaz İstismar sahəsində baş mühasib vəzifəsində çalışır və aylıq vəzifə maaşı 1801 manat təşkil edir. Lakin qanunvericiliyə uyğun müvafiq tutulmalar aparıldıqdan sonra 1400 manat əmək haqqı qalır. İddiaçı həmin əmək haqqının 25% həcmində aliment məbləğinin təyin edilməsini tələb edir. Sadə hesablama apardıqda əgər iddia təmin edilərsə həmin məbləğ 350-400 manat arasında olacaqdır. Cavabdeh kiçik qızı üçün ödədiyi 200 manat aliment məbləği ilə kifayətlənmir. Onun və böyük qızının bütün ehtiyac və istəkləri üçün zəruri olan bütün ödəmələri təmin edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 978/2018 saylı, 14.05.2018-ci il tarixli qətnaməsi ilə 11.12.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək cavadehdən hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, məhkəmə qətnaməsi ilə cavabdehdən sabit pul məbləğində hər uşağa görə 200 manat olmaqla, ümumilikdə üç uşağa görə 600 manat alimentin tutulması qət edilmişdir. Hal-hazırda isə uşaqlardan ikisi yetkinlik yaşına çatmışlar. Bu səbəbdən iddiaçı bir uşaq üçün cavabdehin qazancının ¼ hissəsi miqdarında aliment tutulmasını xahiş edir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1978-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1974-cü ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. 7 saylı Mənzil Kommunal Sahəsinin 01.03.2021-ci il tarixli, 405 saylı arayışında iddiaçının ünvan 2 ünvanında yaşadığı göstərilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 11.12.2010-cu ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-978/2018 saylı, 14.05.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı 22.08.1999-cu il tarixli nikahın pozulması, yetkinlik yaşlarına çatmayan 01.02.2001-ci il təvəllüdlü X3, 28.04.2002-ci il təvəllüdlü X4 və 11.12.2010-cu il təvəllüdlü X2 ananın himayəsinə verilməsi, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər arasında nikahın pozulması 14 sentyabr 2018-ci il tarixdə 358 nömrəli akt ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB-nin arayışında cavabdehin baş mühasib vəzifəsində çalışdığı və aylıq vəzifə maaşının müvafiq tutulmalar həyata keçirilmədən 1801 manat təşkil etdiyi göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (76). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-978/2018 saylı, 14.05.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən üç uşağın hər biri üçün 200 manat olmaqla, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda uşaqlarıdan ikisi yetkinlik yaşına çatmışlar. İddiaçı digər uşaq üçün alimenti cavabdehin qazancından hissəvi tutulmasını xahiş edir. Göründüyü kimi cavabdehin iş yeri və aylıq sabit gəliri vardır. Bu səbəbdən onun qazancından hissəvi aliment tutulması mümkündür. Qanunvericiliyin tələblərinə əsasən bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-978/2018 saylı, 14.05.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək cavabdehin aylıq qazancının (və ya başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində müəyyən edilməlidir. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırda iddiaçının tələbi üzrə illik ödəmələrin məcmusu 500 manatdan çoxdur. Buna görə iddiaçı 30 manat dövlət rüsumu ödəməli idi. MPM-in 119-cu maddəsinə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 11.12.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-978/2018 saylı, 14 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay Cavabdeh qazancının (və ya başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən edilsin. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3337/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3337/2021
20.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver