Məhkəmə qərarları › İş №2(060)-3337/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3337/2022

04.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3337/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı1, İddiaçı2, Cavabdeh X5 oğlunun nümayəndəsi –vəkil Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçılar Mikayilov Novruz İmdad oğlunun, İddiaçı2 cavabdehlər X5, Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Mikayilov Novruz İmdad oğlu və İddiaçı2 cavabdehlər X5 oğluna və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 20000 manat məbləğində (hər birinə 10000 manat olmaqla) dəymiş maddi ziyanın və məhkəmə xərclərinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Xəzər bağlar massivində 1992-ci ildə iddiaçılar ümumi sahəsi 12 sot olan 792 nömrəli bağ sahəsini onun əvvəlki icarəçisi Nihat İbrahimov adlı şəxsdən almış və həmin bağ evində sahəsi 10 kv.metr olan kərpicdən tikili, 5 tonluq su çəni, su hovuzu və müxtəlif ağac növləri mövcud olmuşdur. Xəzər dənizi suyunun səviyyəsi qalxdığı üçün həmin ərazini və digər bağları su basmışdır. 2007-ci ildə isə iddiaçı həmin əraziyə getdikdə ona məxsus bağ sahəsinin Cavabdeh2 tərəfindən dəmir setka ilə hasara alındığını görmüşdür. Bunu ona irad tutduqda iddiaçıya bildirmişdir ki, “biz Laçın rayonundan məcburi köçkünük, bizi buradan heç kəs çıxara bilməz”. Bundan sonra iddiaçı yerdə qalan digər 2 sot sahəni iş yoldaşları, tanışlarında dəmir setkaya almış, lakin bir müddət sonra həmin ərazinin də zəbt olunduğunu görmüşdür. Həmin şəxs məcburi köçkün olduğuna görə iddiaçı bir müddət gözləmiş və güman etmişdir ki, könüllü xoşluqla iddiaçının torpaq sahəsini özünə qaytarar. Lakin sonradan, 2016-cı ildə iddiaçıya məlum olmuşdur ki, bu şəxslər məcburi köçkün deyildir. xx.xx.2019-cu ildə digər cavabdeh Tanrıverdi-X14 Bağçılıq Cəmiyyətinin sədri olmasından istifadə edərək iddiaçını yanına dəvət edərək bildirmişdir ki “ Sənin adına olan torpaq sahəsini Əhman X1, Hacı Moskva şəhərində əməliyyat olunmalıdır, pula ehtiyacı var, sən ərizə yaz ki, torpaq sahəsini satmağa razısan, əvəzində sənə başqa yerdən, dənizə yaxın ərazidən 12 sot torpaq sahəsi verərəm.” Mən bundan sonra Cavabdeh1 oğlunun diqtəsi əsasında ərizə yazdım və o mənə yeni ayırdığı torpaq sahəsinin yerini də göstərdi. Bundan başqa 3 nəfərin iştirakı ilə akt tərtib edərək imzalatdı və orada da mənim bağ sahəmin kanalizasiya ərazisinə düşdüyünü qeyd etdi və bağ kitabçasını məndən aldı və mənə sonradan məlum oldu ki, hər iki cavabdeh mənim torpaq sahəmi 4 nəfərə satmışlar. Cavabdeh daha sonra iddiaçını əmin etmişdir ki, torpaq sahəsinin ayrılması ilə bağlı sənədlər Bakı şəhərindədir, həmin sənədlər təsdiqlənib gələndən sonra iddiaçının və iddiaçının qaynatası İsgəndərov Rəşidin adına ayrıca sənəd veriləcək və həmin sənəd əsasında gedib torpaq sahəsini özəlləşdirəcəklər. Lakin həmin razılaşmadan xeyli müddət keçsə də cavabdeh vəd verdiyi torpaq sahəsini iddiaçının adına rəsmiləşdirməmişdir. Bundan başqa iddiaçı ona inanaraq həmin torpaq sahəsinin onlara veriləcəyinə ümid etmiş, bir müddət sonra isə iddiaçılara məlum olmuşdur ki, həmin ərazidə olan hasarlar Sumqayıt şəhər İcra Hakimiyyətinin göstərişi əsasında sökülmüşdür. Cavabdehlərin bu hiyləsi nəticəsidə iddiaçılar ümumi sahəsi 12 sot olan torpaq sahələrindən məhrum olmuşdur ki həmin torpaq sahəsinin bazar qiyməti təxminən 20000 manatdır. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunları təsdiq etdi. Bildirdi ki, 1992-ci ildə ümumi sahəsi 12 sot olan 792 nömrəli bağ sahəsini Nihat İbrahimov adlı şəxsdən almışdır. Digər İddiaçı2 İddiaçı1 arvadının bacısıdır. 1992-ci ildə 12 sot torpaq sahəsini alarkən torpağa görə ödəmiş olduğu məbləğin yarısını qayınatası, İddiaçı2 atası vermişdir. Lakin həmin torpaq sahəsinə görə bir bağçılıq kitabçası verilmiş, həmin bağçılıq kitabçası İddiaçı1 adına olmuşdur. Xəzər dənizi suyunun səviyyəsi qalxdığı üçün həmin ərazini və digər bağları su basmışdır. 2007-ci ildə təkrar həmin əraziyə getdikdə özünə məxsus bağ sahəsinin Cavabdeh2 tərəfindən dəmir setka ilə hasara alındığını görmüşdür. Belə hesab edir ki, Bağçılığın sədri cavabdeh X7 oğlu ilə Cavabdeh2 əlbir olaraq hissə-hissə İddiaçı1 məxsus torpaq sahəsini satmışdırlar. Buna görə də həmin torpaq sahəsinin dəyərinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmənin ona ünvanladığı suala cavab verərək bildirmişdir ki, 1992-ci ildə Nahid adlı şəxsdən aldığı bağ sahəsinin bağçılıq kitabçasını torpağının zəbt olunduğunu bildikdən sonra cavabdeh X8 oğluna vermişdir. Həmin kitabçanı verməsi xx.xx.2019-cu il tarixli aktda öz əksini tapmışdır. Məhkəmənin həmin aktda kitabçanı təhvil verməsi ilə bağlı məlumatın əks olunmaması ilə bağlı sualına cavab olaraq bildirmişdir ki, cavabdeh X8 oğluna inandığı üçün bağçılıq kitabçasının təhvil verilməsinin aktda əks olunmadığını bilməmişdir. Torpağın özünə məxsus olmasının aktlarla sübut olunduğunu bildirdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Digər İddiaçı2 bildirdi ki, 1992-ci ildə Novruz torpaq alarkən atası ona pul vermişdir. Həmin torpağın yarısı İddiaçı1, digər yarısı isə atasına məxsusdur. Torpaqla bağlı bağçılıq kitabçası bacısının əri İddiaçı1 adınadır. Hazırda üç bacısı bir qardaşı vardır. Onların hər birinin evi var, lakin özünün evi olmadığı üçün hazırda məhkəməyə müraciət edir ki, Cavabdeh1 həmin torpağı qaytarsın, həmin torpaq sahəsində özünə ev tiksin. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədi. Bildirdi ki, iddiaçıların torpağını qanunsuz zəbt etməmişdir. Özünün torpaq sahəsi vardır. İddiaçının dediyi vaxtdan əvvəl həmin ərazidə yaşayır. Özünün torpağı olduğu təqdirdə heç kəsin torpağına ehtiyacı olmadığını bildirdi. Həmçinin bildirdi ki, məcburi köçkün deyildir. Özünə torpaq sahəsi almış, hazırda da həmin torpaq sahəsində yaşayır. İddia tələbinin əsassız olduğunu, buna görə də rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 oğlunun nümayəndəsi –vəkil Nümayəndə iddia tələbini qəbul etmədi. Bildirdi ki, iddiaçı torpağın ona məxsus olubolmaması barədə heç bir sənəd təqdim edə bilmir. İddiaçı əgər torpağın qanunsuz zəbt edildiyini iddia edirsə, bu halda torpağı zəbt edən şəxslərə qarşı torpaq sahəsindən çıxarılma iddiası ilə məhkəməyə müraciət edə bilərdi. Bununla yanaşı Cavabdeh1 iddiaçıdan bağçılıq sənədini almadığını bildirdi. İddiaçının təqdim etdiyi aktda da bağçılıq kitabçasının təhvil verilməsi ilə bağlı məlumat yoxdur. Torpağın kim tərəfindən zəbt edildiyini iddia edirsə iddiaçının həmin adamları taparaq torpaqdan çıxarılmalarını tələb edə bilər. Hazırki halda iddia tələbinin əsassız olduğunu bildirərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı1 “Xəzər” bağları ərazisində qaynatası X6 ilə birlikdə 1200 m2-dan ibarət bağları olmuşdur. Bir neçə il bundan əvvəl bağlar ərazisindən kanalizasiya xətti çəkilərkən İddiaçı1 və qaynatası X4 bağları plana düşərək sökülmüşdür. - xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı1 indiki Simurq şadlıq sarayı istiqamətində 1992-ci ildə Xəzər bağlarında dənizə tərəf axırıncı sol tərəfdə olan 12 sot bağ sahəsini almışdır. Bağın içində 10 kv.m kərpicdən ev, 5 tonluq maşın çəni, su xətti, ağac növləri, su hovuzu və bağın içində lazım olan alətlər olmuş, hasar köhnə dəmir lövhələrdən ibarət olmuşdur. İddiaçılar həmin ərazini su basana kimi həmin bağdan istifadə ermişlər. - Sumqayıt Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 686 saylı məktubunun məzmunundan görünür ki, torpaq sahəsinin İddiaçı1 mülkiyyətində olmasını təsdiq edən hər-hansı bir sənədin mövcud olmadığı səbəbindən torpaq sahəsinə dair iddianın əsassız olduğu əks edilmişdir. Həmçinin həmin sahənin digər vətəndaşa verilməsi barədə Sumqayıt Bələdiyyəsində heç bir məlumat mövcud deyildir. - Bağçının üzvlük kitabçasından görünür ki, Cavabdeh2 bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.2001-ci il tarixli, 16 №-li protokoluna əsasın bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçılıq cəmiyyəti bağından 500 kv.m olan 792 №-li bağ sahəsi Sumqayıt Şəhər XDS-nin xx.xx.1986-cı il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daimi istifadə edilmək üçün verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir (1112). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 Sumqayıt şəhəri Xəzər bağlar massivində 12 sotdan ibarət torpaq sahəsinin ona məxsus olmasını, həmçinin cavabdehlər tərəfindən həmi sahənin üçüncü şəxslərə satılmasını təsdiq edən heç bir sübut təqdim edə bilmir. Digər İddiaçı2 özünün də dediyinə görə atasının mübahisəli torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmamışdır, qeyd edir ki, torpaq sahəsi İddiaçı1 adına sənədləşdirilmişdir. Lakin İddiaçı1 adına sənəd müəyyən edilməmişdir. Hətta İddiaçı1 adına torpaq sahəsinin ona məxsus olmasını müəyyən edən olsa idi belə, cavabdeh İddiaçı2 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı1 iddia etdiyi Sumqayıt şəhəri Xəzər bağlar massivində 12 sotdan ibarət torpaq sahəsinin ona məxsus olması iş materialları ilə sübuta yetirilmir. Həmçinin cavabdeh İddiaçı2 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından, iddia tələbi əsaslı deyildir. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar Mikayilov Novruz İmdad oğlunun və İddiaçı2 cavabdehlər X5 oğlundan və Cavabdeh2 müştərək qaydada 20000 manat məbləğində (hər birinə 10000 manat olmaqla) dəymiş maddi ziyanın və məhkəmə xərclərinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar