Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-334/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, cavabdehin nümayəndəsi, vəkil X1 iştirakı ilə, iddiaçı QSC «Bank Standard” KB-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: QSC «Bank Standard” KB (bundan sonra - iddiaçı) Cavabdeh və X2 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1440,65 manat əsas borc, 539,35 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış 220 manat borc, 2037,27 manat cərimə olmaqla, cəmi 4237,27 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, 1xx/xx/110543/15 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh illik 24 faizlə, 24 ay müddətinə 2000 manat kredit verilmişdir. Lakin, Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun banka iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də borcu ödəməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/110543/15 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 24 faizlə, 24 ay müddətinə, 2000 manat kredit vermişdir. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixinə kimi iddiaçıya hər ay 105,74 manat ödəniş etməli idi. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixinə iddiaçıya 1440,65 manat əsas borcu, 539,35 manat faiz borcu, illik 5 faizlə hesablanmış 220 manat borcu və 2037,27 manat cərimə olmaqla, cəmi 4237,27 manat borcu vardır. İşdən göründüyü kimi cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərardadı ilə lisenziyası ləğv edilmiş QSC «Bank Standard” KB-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən QSC «Bank Standard” KB-nin Sumqayıt filialından kredit götürmüş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş bu səbəbdən banka əsas və faiz borcu qalmışdır. Bu səbəbdən iddiaçı əsas və faiz borcunun, eyni zamanda kredit müddətinin bitdiyi dövrdən sonra illik 5 faizlə hesablanmış borcun və cərimənin cavabdehdən tutulmasını xahiş edir. Eyni zamanda cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında ərizə tədim edərək mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixində 24 ay müddətində bağlanmışdır. Müqavilənin qüvvədə olduğu müddət xx.xx.2017-ci il tarixində bitmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edildiyindən iddiaçı cavabdehdən borcu xx.xx.2020-ci ilə qədər tələb edə bilərdi. Lakin, iddiaçı məhkəməyə xx.xx.2020-ci ildə müraciət etmişdir. Cavabdeh bu səbəbdən mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin ərizəsi üzrə hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsi səbəbindən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC «Bank Standard” KB-nin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 1440,65 manat əsas borc, 539,35 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış 220 manat borc, 2037,27 manat cərimə olmaqla, cəmi 4237,27 manat borcun tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-334/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-334/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver