Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3373/2025 18.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1780/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin miqdarı dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşıa çatanadək saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində aliment tutulması ilə bağlı, Cavabdeh mediasiya üçün əvvəlcədən ödənilən 50 manat dövlət rüsumunun almaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi “alimentin artırılması” tələbindən ibarət olmaqla, iddia tələbinin əsasını ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artması təşkil edir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı tələb yaşayış minimumu və əmək haqqı artımına bağlıdır və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Bu səbəbdən hazırkı işə iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü yarımbəndinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş hallar olduğu (məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa) zaman məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi barədə müstəqil iddia qaldırıla bilər. Hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(060)-3895/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı deyil, artırılmış yaşayış minimumuna görə (246 manat) cavabdehdən tutulan alimentin artırılmasını iddia icraatı qaydasında məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, hazırkı halda iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından bu məsələ icra icraatı (8 indeksi) qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməlidir. Buna görə də mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya məsələ ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada təqdim olunsun. İddiaçıya hazırki tələb ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində müəyyən olunmuş qaydada icra icraatı qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-3373/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3373/2025
18.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver