Məhkəmə qərarları › İş №2(060)-3387/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3387/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3387/2020 12.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdeh X5 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 1040,26 manat əsas, 362,2 manat faiz, 412,73 manat cərimə borcu, xx xxxxxxx 2016-cı ildən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 190,95 manat əldən çıxmış fayda olmaqla, cəmi 2006,14 manat borc və ödənilmiş 30 dövlət rüsumunun «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014cü ildə bağlanmış kredit müqaviləsinə əsasən faizsiz 25 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Hazırda banka 1040,26 manat əsas, 362,2 manat faiz, 412,73 manat cərimə borcu, xx xxxxxxx 2016-cı ildən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 190,95 manat əldən çıxmış fayda olmaqla, cəmi 2006,14 manat borcu vardır. Ona görə də iddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdıraraq və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11-Y-1-0-703-14 nömrəli kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, cavabdehə faizsiz 25 ay müddətinə 1500 manatı pul verilmişdir, cavabdeh isə krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. - xx xxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X4 banka 1040,26 manat əsas, 362,2 manat faiz, 412,73 manat cərimə borcu, xx xxxxxxx 2016-cı ildən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 190,95 manat əldən çıxmış fayda olmaqla, cəmi 2006,14 manat borcu vardır. -hesabdan çıxarışdan görünür ki, X6 tərəfindən iddiaçıya axırıncı ödəniş xx.xx.2020-ci ildə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü ildə bağlanmış kredit müqaviləsinə əsasən faizsiz 25 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1040,26 manat əsas, 362,2 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddsəinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Azərbaycan Respublikasının MM-nin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 11-Y-1-0-703-14 saylı kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli 1 saylı əlavədən görünür ki, kreditin müqavilə üzrə ödəniş günü qeyri iş günü olduqda növbəti iş günü ödənilə bilər. Ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,5% cərimə hesablanaraq tutulacaqdır. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan, həmin məbləğin 5% -i həcmində, yəni 52 manat cərimə mütənasiblik baxımından məqsədəmüqvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, iddianın müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 190,95 manat tələb olunması hissəsi qismən təmin edilməlidir. Belə ki, əsas borc məbləği 1040,26 olmaqla müqavilə müddətinin bitməsi tarixindən təxminən 3 il keçdiyi üçün müqavilə müddəti bitdikdən sonra əsas borcun illik 5%-i 156 manat təşkil edir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh X3 1040,26 manat əsas, 362,2 manat faiz, 52 manat cərimə borcu, xx xxxxxxx 2016-cı ildən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 156 manat əldən çıxmış fayda olmaqla, cəmi 1610,46 manat borc və ödənilmiş dövlət rüsumundan 24 manat tutularaq iddiaçı «xxxx» ASC-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238-244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X3 1040,26 manat əsas, 362,2 manat faiz, 52 manat cərimə borcu, xx xxxxxxx 2016-cı ildən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 156 manat əldən çıxmış fayda olmaqla, cəmi 1610,46 manat borc və ödənilmiş dövlət rüsumundan 24 manat tutularaq iddiaçı «xxxx» ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar