Məhkəmə qərarları › İş №2(060)-339/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-339/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-339/2022 13.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 13 yanvar 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********09909 olan Samsung Galaxy A40 markalı telefon üçün 426 manat ödənilməmiş hissə, 10.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72302 olan Samsung Galaxy A40 markalı telefon üçün 377 manat ödənilməmiş hissə, ümumilikdə 803 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 13.12.2019-cu il və 10.09.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********09909 olan Samsung Galaxy A40 markalı telefon və İMEİ kodu **********72302 olan Samsung Galaxy A40 markalı iki ədəd telefon almış və nəticədə mağazaya 803 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 631 manat (18 ay x 29 manat + 109 manat ilkin ödəniş) olan İMEİ kodu **********09909 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 426 manat olmaqla ondan, 426 manat ödənilməmiş hissə, 10.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 630 manat (18 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********72302 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 377 manat olmaqla ondan, 377 manat ödənilməmiş hissə məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 458 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Ona görə də iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə bağlı bildirdi ki, iddia tələbini qəbul edir. Həqiqətən də, onunla "xxxx" MMC arasında iki müqavilə bağlanmış və o, iki ədəd telefon almışdır. İşsizliyi və maddi vəziyyəti ilə əlaqədar ödəniş edə bilməmişdir. Ona hər ay 50 manat ödəməsi təklif edilmişdir, lakin onu da ödəyə biməmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.12.2019-cu il tarixli, 01122414 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********09909 olan Samsung Galaxy A40 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.09.2019-cu il tarixli, 00902635 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********72302 olan Samsung Galaxy A40 markalı telefon almışdır. İş materiallarında olan 21.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh"xxxx" MMC-yə müqavilələr üzrə 803 manat məbləğində borcu vardır. İşdə olan 20.01.2021-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 13.12.2019-cu il və 10.09.2019-cu il tarixli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 803 (426+377) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********09909 olan Samsung Galaxy A40 markalı telefon üçün 426 (dörd yüz iyirmi altı) manat ödənilməmiş hissə, 10.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72302 olan Samsung Galaxy A40 markalı telefon üçün 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, ümumilikdə 803 (səkkiz yüz üç) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar