Məhkəmə qərarları › İş №2(060)-339/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-339/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-339/2024 16.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhkəmə rüsumu olan 92 manatın və 7000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə ailəvi tanışlıqları olmuşdur. Bir müddət sonra cavabdeh ona özünə şəxsi istifadə etməsi üçün kredit olaraq noutbuk, telefon və qızıl-zinət əşyası almaq istədiyini bildirmiş və bu işdə köməklik etməsini istəmişdir. O, cavabdehdən bu qədər əşyanın kreditlə götürülərsə ödənişlərini necə edə biləcəyini soruşduqda isə, sonuncu bildirmişdir ki, ödənişləri etməkdə heç bir çətinliyi olmayacaqdır. O, cavabdehin səmimiliyinə və ailəvi tanışlıqlarına inanaraq cavabdehə əgər bu qədər əşyanı kreditlə alsan boşuna kreditə niyə artıq pul ödəyirsən, əgər nəğd alış etsən, daha sərfəli olacağını və bu məqsədlə borc pul verə biləcəyini bildirmişdir. Cavabdeh isə ona bildirmişdir ki, o, əşyaları nəğd alışla alıb versin, cavabdeh özü isə ona hər ay ödəniş etməklə borcunu qaytarsın. Bu məqsədlə o, müxtəlif vaxtlarda mağazaya gedərək cavabdeh istədiyi əşyaları nəğd alışla alıb sonuncuya vermişdir. Alınan əşyalar bunlardır: 1884 manat dəyərində noutbuk (hər ay 157 manat ödəniş etməklə); 1680 manat dəyərində Samsung A54 markalı telefon (hər ay 140 manat ödəniş etməklə); 3900 manat dəyərində iphon 14 pro max telefon (hər ay 325 azn ödəniş etməklə); müxtəlif qızıl zinət əşyaları - qalan borcu 1645 manat dəyərində. Cavabdeh aldığı əşyaların pulunu hər ay ona ödəniş etməklə qaytarmağa söz vermişdir. Lakin, uzun müddət keçməsinə baxmayaraq cavabdeh, ödənişləri vaxtında etməyərək ona olan borcu qaytarmamışdır. Cavabdeh müxtəlif bəhanələrlə bundan imtina edir. Həmin əşyaların alınması üçün o, digər tanıdığı bir şəxsdən şəhid anası Ruhiyyə adlı xanımdan da borc pul götürmüşdür. Cavabdeh ödənişləri vaxtında etmədiyi üçün o, öz gəlirindən məcburiyyət qarşısında qalıb şəhid anasının ödənişini etmişdir. O, göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasında iddiaçı izahatında göstərdi ki, iddianı müdafiə edir. Onun cavabdehlə ailəvi tanışlıqları olmuşdur. İddia ərizəsində qeyd olunan əşyaları cavabdeh ondan kreditə götürmüşdür. Hazırda cavabdehin ona 4600 manat borcu vardır. Həmçinin qeyd etdi ki, cavabdehin qardaşı da ondan kreditə əşyalar götürmüşdür və hazırda 1950 manat borcu vardır. Cavabdeh qardaşının ödənişləri edə bilməyəcəyi təqdirdə ödənişləri özünün edəcəyi barədə ona zəmanət vermişdir. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, onun iddiaçıya hazırda 4600 manat borcu vardır. İddiaçı əşyaları onun qardaşına əlbəəl vermişdir. Qardaşının isə 5 aylıq kredit borcu qalmışdır. Qardaşı ödənişləri vaxtı-vaxtında edir. O, isə işsiz qaldığından ödənişləri edə bilmir. Həyat yoldaşı iddiaçının kartına bir dəfə 300 manat pul göndərmişdir. Daha sonra 100 manat da ödəniş etmək istədikdə iddiaçı ödəniş edilməməsini, məhkəmənin qərarını gözlədiyini bildirdi. O əlavə olaraq iddianı 4600 manat həcmində qəbul etməsi barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iddianı 4600 manat həcmində qəbul edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı müxtəlif vaxtlarda mağazaya gedərək cavabdehin istədiyi əşyaları nəğd alışla alıb sonuncuya vermişdir. Cavabdehin iddianı 4600 manat həcmində qəbul edir. Hazırda iddiaçı cavabdehin ona 4600 manat borcu olduğunu təsdiq edir. Həmçinin qeyd etdi ki, cavabdehin qardaşı da ondan kreditə əşyalar götürmüşdür və hazırda 1950 manat borcu vardır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıya ondan aldığı əşyaların dəyərini iddiaçıya qaytarmaq öhdəliyinin daşıyıcısı olduğuna baxmayaraq, bunu tam, layiqincə yerinə yetirmədiyindən, iddia Cavabdeh aid hissədə əsaslıdır. Cavabdeh iddianı 4600 manat həcmində etiraf edir. Məhkəmə, eyni zamanda qeyd edir ki, cavabdeh iddianın 1950 manat hissəsi ilə bağlı iddiaya cavab verməli olmayan şəxsdir. Cavabdeh İddiaçı qarşısında iddianın 1950 manatın qaytarılması hissəsi ilə bağlı öhdəlik daşımadığından iddia həmin hissədə ona münasibətdə əsassızdır. Cavabdehin iddiaçı qarşısında iddianın 1950 manat hissəsi ilə bağlı öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş –müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 66 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 4600 manat və ödənilmiş 66 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4600 manat və ödənilmiş 66 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar