Məhkəmə qərarları › İş №2(060)-3390/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3390/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3390/2020 04.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İlkin İddiaçı iştirakı ilə, İlkin İddiaçı Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə ödəməli olduğu 24.530 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 24.560 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin iddiasının təmin edilməməsi, eyni zamanda onun özünün borclu kimi tanınması və İddiaçı 16.240 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan birgə iş görüb mənfəət əldə etmək məqsədi xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixədək hissəhissə olmaqla ümumilikdə 24530 manat pul alaraq mənimsəmişdir. xx.xx.2017-ci il tarixində Cavabdeh ondan iş qurmaq məqsədi ilə ona 8000 manat pul verməsini, əvəzində bir ay müddətində 640 manat artıq pul verəcəyini vəd etmiş, o da həmin miqdar pulu ona vermişdir. xx.xx.2017-ci il tarixində Cavabdeh işin gedişatında müəyyən çətinliklərin baş verməsi bəhanəsi ilə ondan yenidən 1200 ABŞ dolları istəmiş, o da bu pulu ona vermişdir. Daha sonra xx.xx.2017-ci il tarixində yenə həmin bəhanə ilə ondan 1200 ABŞ dolları almış, xx.xx.2018-ci ilə qədər 2500 ABŞ dolları və 3000 manat pulu ondan almışdır. Cavabdeh həmin müddətdə və ondan sonra da mütəmadi olaraq ondan iş birliklərindən fərqli olaraq şəxsən özü üçün müəyyən miqdarda (100, 150, 200 manat) pullar da almış və birgə icarə götürdükləri ofislərin icarə haqlarını, eləcə də kommunal xərclərini ödəmədiyindən bu işlərdən də borcunun miqdarı 4560 manata çatmışdır. Ona verdiyi borcun məbləğlərini təsdiq edən ümumi tanışları da var. Sonradan ona məlum olunmuşdur ki, Fərqanənin onunla iş birliyi olmamış, hər dəfə yalançı vədlər verərək guya qurduqları işin müvəffəqiyyətlə davam etdiyini bildirmiş, nəticədə onu aldaraq pullarını mənimsəmişdir. Sonradan bu baradə cavabdehə bildirdikdə o, ondan aldığı pulları öz ehtiyacları üçün xərclədiyini və yaxın zamanda aldığı pulları geri qaytaracağını bildirmişdir. Lakin göstərdiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq bir neçə dəfə cavabdehdən borclu olduğu pulu qaytarmasını tələb etsə də, cavabdeh qərəzli olaraq borcun ödənilməsindən yayınmışdır. O cavabdehə borcu əvvəlcədən heç bir faiz hesablamadan vermişdir, tək istəyi borcun vaxtında qaytarılması olub. Cavabdehin ona qarşı bu əməlində cinayət tərkibi olduğunu düşünərək Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə müraciət etmişdir. Polis bölməsində şikayət ərizəsi ilə bağlı Cavabdeh borcunu qismən etiraf etmişdir. Ərizəni araşdıran təhqiqatçı cavabdehin və onun izahatını aldıqdan sonra aralarında olan münasibətlərdə cinayət tərkibi olmadığına əsaslanaraq cinayət işi başlanmasını rədd etmiş, ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ilkin iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, onun İddiaçı ilə birlikdə heç bir iş birlikdəliyi olmayib. O, sadəcə icarə müqaviləsi bağlayaraq ofisin aylıq arendasını bölüşmək üçün icarəyə götürdüyü ofisdə tam fərqli sahələrdə işləyərək birlikdə oturmuşlar. Birlikdə icarəyə götürdükləri ofisin (Akim Abbasov 9B, İnşaatçılar metrosu) aylığı 250 AZN olmaqla hərəsinə 125 AZN düşmüşdür. Bir müddət 2017.12 tarixinə qədər birlikdə oturmuşlar. Yay sezonu olduğu üçün işləri zəifləmiş, bir neçə ay içində toplam 2600 AZN hissə-hissə xx.xx.2017-ci il tarixindək ödəyə bilmədiyi üçün X1 borcu yaranmışdır. Həmin müddətdə 2017.09.01 tarixində X2 adlı şəxs ondan 8000 AZN pul borc istəmişdir. İddiaçı 7% üzərində (640 AZN) gəlir qazanmaq məqsədi ilə ona onun 2600 AZN borcunu çıxmaq şərti ilə 5400 AZN pul vermişdir. Amid Əhədovu da təkidlə razılaşdırmışdır. Sonra onlar birlikdə başqa ofisə (Nizami metrosu yaxınlığında) aylığı 500 AZN olan ofisə köçmüşlər. Burda da aylıq ödəniş hərəsinə 250 AZN olaraq ödənilmişdir. 2018-ci ilin yanvar ayını bütöv və fevral aylarını həftədə 2-3 gün ofisə gəlmişdir. Sonra demək olar ki aprel və may ayında bir gün bir saatlıq ofisə gəlmişdir. Həmin vaxt ofis üçün onun tərəfindən kreslo, stol (toplam 500 AZN) stullar (6 ədəd-17 AZN), faks (210 AZN) aparatı, printer skaner kserokopiya edən üçü birində aparatı (450 AZN), divan və digər (mətbəx) ləvazimatları təzə vəziyyətdə əşyalar almışdır. İşlədikləri dövrdə o bitkisəl qida əlavələrinin satışı ilə məşğul olmuşdur. İddiaçı isə tibbi ləvazimatların satışını etmişdir. Nizami metrosu yaxınlığındakı ofisdə cəmi iki ay birlikdə işləmiş, İddiaçı həmin ayın ödənişini özü etmişdir. O iki aydan sonra ofisdən istifadə etməmişdir. Buna baxmayaraq İddiaçılə münasibəti yaxşı olduğundan ofis üçün aldığı əşyaları çıxartmayaraq müvəqqəti ofisdə saxlamışdır. Çünki İddiaçı heç bir ofis avadanlıqları olmamışdır. Onun İnşaatçılarda aylığı 150 AZN olan bir anbarı olmuşdur. Onun da yanvar ayından iyul ayına qədər ödənişini o etmişdir. Baxmayaraq ki, orda 70 kvadratlıq anbarın 15-20% yeri ona aid olmuş, böyük hissə İddiaçı mallarına aid olmuşdur. Lakin heç bir ödəniş almamışdır. Nizami metrosu ətrafindakı ofisdən 2018-ci ilin sentyabrında çıxmışlar. O bütün əşyalarını Akim Abbasov 9B ünvanındakı anbarına İddiaçılə birlikdə daşımışdır. İddiaçı orda işlərini aparmışdır. Bir gün o işə gəldikdə görmüşdür ki, İddiaçı anbarın giriş çıxış qapısının qıfılını dəyişib ofis-anbara daxil olmağı məhdudlaşdırmışdır. İndi anlamışdır ki, İddiaçı ona qarşı öncədən düşünülmüş və əşyalarını məqsədli şəkildə mənimsəməyi planlaşdırmışdır. Həmin vaxt o anbardan qida əlavəsi olan preparatlarının bir hissəsini götürmüşdür. Amma Fomenta (12 ml sirop) adli 916 ədəd anbarda ona məxsus olan 13740 (on üç min yeddi yüz qırx ) manat dəyərində (Fomental 20ml sirop) qida əlavəsi preparatları və ofis üçün aldığı əşyalar İddiaçı qalmışdır. Hətta o, İddiaçı zəng edərək xahiş etmişdir ki, karobkaların sayını desin. 2019-cu ilin fevral ayının 25-də həmin Fomenta preparatından zeytun firmasına sifariş gəldiyi üçün o adam göndərmişdir. İddiaçı həmin gün onun bütün mallarını mənimsəmişdir. O gündən etibarən bütün mal və ləvazimatlarına, əşyalarına əl qoymuşdur. O, İddiaçı işlərində zəifləmə olduğu ücün borc pul istəmişdir. Onun xanımının iştirakı ilə 500 AZN Elmlər metrosu yanında, bir dəfə də İddiaçı zəng edərək 500 AZN borc pulu kartına vurmasını xahiş etmişdir ki, maddi durumu düzələn kimi geri qaytaracaqdır. Ofisdə isə 1200 ABŞ dolları da bir dəfə almışdır. Cəmi 3040 AZN almışdır. Bundan əlavə onun İddiaçı heç bir borcu yoxdur. İddiaçı müraciət etdiyi iddia ərizəsində 24530 manat məbləğində pul tələb edir. İddiaçı qeyd etdiyi məbləği necə və harada kimlərə veribsə və ya xərcləyibsə, bu barədə onun həmin şəxslərə heç bir qarışacağı və ya zaminliyi yoxdur. O zaman dəfələrlə gedib 13740 AZN dəyərində olan dərmanları və ofis əşyalarını götürmək istəsə də, İddiaçı onun nə malını, nə də əşyalarını verməmişdir. Dərman preparatlarının isə saxlama müddəti vardır. İddiaçı özündə saxlayıb həmin dərmanların saxlama müddətini ötürmüş, sonra da hansısa şəxslərə təklif edib ki, rayonlarda müddəti bitmiş dərmanları, vaxtı keçmiş preparatı təklif edib satdırsın. Eyni zamanda onun ofis əşyalarının da icazəsiz istifadəsini davam etdirmiş, artıq həmin əşyalar da yararsız hala salınmışdır. Hazırda cavabdeh İddiaçı dərman preparatlarının dəyəri 13740 AZN və ofis əşyalarının dəyəri 2500 manat pulu tələb edir. Göstərilənlərə əsasən qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin qarşılıqlı iddiası tamamilə əsassızdır. Onun ofisdə bir dənə mebeli olmuşdur. Həmin mebeli də cavabdeh icarəyə götürdükləri yerdən istənilən vaxt gedib götürə bilər. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qarşılıqlı iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə qarşılıqlı iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o polis orqanında cavabdehə 5000 manat borcunun olduğunu etiraf etsə də, sonradan gedib evdə hesablama aparmış, İddiaçı cəmi 3040 manat borcu olduğu qənaətinə gəlmişdir. Qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi sübutlar isə onun komputerindədir. belə ki, komputerində onun ofisdə qalan dərmanlarının sayı göstərilib. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş cinayət işinin başlanılmasının rədd ediməsi haqqında xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə daxil olmuş şikayətində göstərmişdir ki, tanıdığı Cavabdeh ondan birgə iş görüb mənfəət əldə etmək məqsədilə hissə-hissə olmaqla ümumilikdə 24000 manat pul alaraq mənimsəmişdir. Sonradan ona məlum olmuşdur ki, Fərqanənin onunla iş birliyi olmamış, hər dəfə yalançı vədlər verərək guya qurduqları işin müvəffəqiyyətlə davam etdiyini bildirmiş, nəticədə onu aldadaraq pullarını mənimsəmişdir. Təhqiqat zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2014-cü ilin avqust ayında tanıdığı Elçin adlı şəxslə Yasamal rayonu, A.Abbasov küçəsi 9b ünvanında icarəyə ofis götürərək həmin ofisdə ayrı-ayrılıqda öz işləri ilə məşğul olmuşlar, yəni özü bio qida əlavəsi olan məhsulların satışı ilə məşğul olmuşdur. Bundan bir neçə ay sonra İddiaçı adlı şəxs gələrək ofisdə onlarla birgə icarə haqqı verib tibbi ləvəzimatların satışı ilə məşğul olmuşdur. 2017-ci ildə onların işlədiyi sahədə çalışan şəxslər ofisə gələrək qida əlavəsi məhsullarının ofisdə satışını təklif etmiş, həmin vaxt onun pulu olmadığından özü etiraz etsə də Akif həmin adamlarla razılaşmışdır. Həmin vaxtlarda onun borc pula ehtiyacı olduğundan Akif müəllimdən hissə-hissə borc almış və sonradan həmin pulları qaytarmışdır. Lakin bir müddət sonra ticarətdə işləri zəiflədiyindən Akifdən ara-sıra aldığı 1200 ABŞ dolları və 500 manat pulu və 2018-ci ilin noyabr ayında aldığı daha 500 manat pulu qaytara bilməyərək borclu qalmışdır. Həmçinin Akiflə şərik götürdükləri ofisin kirayə haqqından təxminən 2000 manat Akifə borcu qalmışdır. Beləliklə Akifin göstərdiyi kimi ona 24530 manat deyil, cəmi 5000 manat borcu vardır. Sözügedən qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan faktda cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. AZE seriyalı, 08756100 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. AZE seriyalı, 13616156 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1975-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. (“S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarı) Qanunvericiliyin tələblərindən irəli gələrək, məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehin polis orqanında verdiyi izahatı sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilkin İddiaçı 5000 manat məbləğində pulunu almış, aralarında razılaşdıqları müddətdə həmin məbləği qaytarmalı olsa da qaytarmamış, nəticədə İddiaçı 5000 manat məbləğində maddi ziyan dəymişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə ilkin iddia üzrə Cavabdeh polis orqanında ilkin iddiaçıya 5000 manat borclu olması barədə verdiyi izahatını məhkəmə iclasında qismən dəyişdirməsini cavabdehin özünü müdafiə etmək və məsuliyyətdən yayınmaq məqsədilə edilmiş hərəkət kimi qiymətləndirir. Lakin məhkəmə hesab edir ki, ilkin İddiaçı sözügedən məbləğdən qalan 19530 (24.530-5000) manat hissəsində iddia tələbinin əsaslandığı halları sübuta yetirə bilməmişdir. Belə ki, o, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə də qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı onun 13740 AZN dəyərində dərman preparatlarını və 2500 manat dəyərində ofis əşyalarını mənimsədiyini qeyd etsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 5000 (beş min) manat məbləğində pul tutularaq ilkin İddiaçı verilməli, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, ilkin iddia tələbi qismən (təxminən 20 faiz hissədə) təmin edildiyindən ilkin iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 24 manatı ilkin iddiaçıya aid edilməli, 6 manatı isə qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qarşılıqlı iddia isə təmin edilmədiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində borc və 6 (altı) manat dövlət rüsumu alınaraq ilkin İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin ediməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar