Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3395/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evin boşaldılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» KB ASC (bundan sonra – iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaqla evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evini (bundan sonra – mübahisəli ev) almışdır. Mübahisəli ev üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarış verilmişdir. Lakin, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə qeydiyytda qalmaları iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Belə ki, iddiaçı tərəfindən evin özgəninkiləşdirilməsi cavabdehlərin iradəsindən asılı olaraq qalır. Belə olan təqdirdə həmin şəxslərin mübahisəli evdən çıxarılmaları zəruridir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh1 xx.xx.1971-ci ildə, Cavabdeh5 xx.xx.1974-cü ildə, Cavabdeh2 xx.xx.1944-cü ildə, Əjdər Əsgərli xx.xx.1996-cı ildə, Cavabdeh4 xx.xx.1995-ci ildə anadan olmuşlar. Cavabdehlər mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. İşdə olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələri haqqında 18.03.2020-ci il tarixli 48/1 saylı protokoluna əsasən mübahisəli ev Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-93/2018 saylı, 28.03.2018-ci il tarixli icra sənədinə əsasən iddiaçıya 79688 manata satılmışdır. Bununla bağlı “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” ilə iddiaçı arasında eyni tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mübahisəli ev üzərində iddiaçının mülkiyyət hüququ 01.12.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutma mübahisəli evə yönəldilmiş və mənzil hərrac nəticəsində iddiaçının mülkiyyətinə keçmişdir. Hal-hazırda iddiaçı öz mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini və evin boşaldılmasını tələb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan evdə qeydiyyatda qalmaları və həmin evdə yaşamaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli evə istifadə hüquqları itirilmiş hesab edilərək həmin ev cavabdehlər tərəfindən boşaldılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin və cavabdehlər həmin fərdi yaşayış evindən çıxarılaraq fərdi yaşayış evi boşaldılsın. Hazırkı qətnamə göstərilən şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3395/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3395/2021
20.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver