Məhkəmə qərarları › İş №2(060)-342/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-342/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-342/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1072,52 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 522,82 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 160,50 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1104,90 ABŞ dolları cərimə borcunun, cəmi 2860,74 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialı Cavabdeh1 24 ay müddətinə, illik 28% olmaqla, 1910 ABŞ dolları məbləğində kredit vermişdir. Bankla Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və onun kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1968-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 isə xx.xx.1987-ci ildə anadan olmuş, hazırda ünvan 2 məhəllə 6 ünvanında qeydiyyatdadır. İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış İKM 01 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 24 ay müddətinə, illik 28%-lə 1910 ABŞ dolları kredit verilmişdir. İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə Əlavədən görünür ki, İKM 01 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka hər ay 104,84 ABŞ dolları, sonuncu ay isə 104,75 ABŞ dolları ödənilməli idi. xx xxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan borcu əsas borc üzrə 1072,52 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2020-ci il tarixinə faiz borcu üzrə 522,82 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 160,50 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1104,90 ABŞ dolları cərimə borcu olmaqla cəmi 2860,74 ABŞ dolları təşkil edir. Cavabdehlərə borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə lisenziyası ləğv edilmiş İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi Cavabdeh1 xx.xx.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialından 24 ay müddətinə illik 28% olmaqla 1910 ABŞ dolları məbləğində kredit götürmüş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş bu səbəbdən banka əsas və faiz borcu qalmışdır. Bu səbəbdən iddiaçı əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 291/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə həmin cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC tərəfindən verilmiş mülki iddia təmin edilmiş, zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-yə vurulmuş 49294,14 manat maddi ziyanın mülki cavabdehlər X5 və X3 tutularaq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hökm edilmişdir. Mülki iddianın təmin edilməsinə əsas ondan ibarət olmuşdur ki, “Technom” mağazasının vəzifəli şəxsləri olan təqsirləndirilən şəxslərlə hökmdə adları qeyd edilən vətəndaşlar arasında alqı-satqı müqavilələri bağlanmış və həmin şəxslərə məişət əşyaları satılmışdır. İddiaçı ASC ilə həmin vətəndaşlar arasında bağlanmış kredit müqavilələrinə əsasən “Technom” mağazasından alınmış məişət əşyalarına görə maliyyələşmə İddiaçı ASC tərəfindən həyata keçirilmişdir. Mağazadan məişət əşyaları almış vətəndaşlar aldıqları əşyalara görə kredit ödənişlərinin bir qismini banka deyil mağazanın səlahiyyətli şəxslərinə həyata keçirmişlər. Lakin, mağazanın səlahiyyətli şəxsləri həmin ödənişlərin bir qismini mənimsəyərək banka ödəməmişlər. Bu səbəbdən mənimsənilmiş həmin vəsait qeyd edilən hökmə əsasən təqsirləndirilən şəxslərdən iddiaçının xeyrinə tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-291/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, X8 və X1 Ağababayevin xx.xx.2015-ci il tarixli İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 2333 manat məbləğində pul vəsaitinin 1206 manatını iddiaçıya ödəməmişlər. Həmin məbləğ isə qeyd edilən hökmlə X8 və X3 iddiaçının xeyrinə tutulmuş məbləğə aiddir. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə kredit borcu ABŞ dolları ilə verilmişdir. Cavabdeh isə mağazaya ödənişləri manatla etmişdir. Cavabdeh1 ödənişləri xx.xx.2016, xx.xx.2017, xx.xx.2016, xx.xx.2017, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2106, xx.xx.2017, xx.xx.2016, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015-ci il tarixli qəbzlər əsasında etmişdir. Yəni ödənişlər 2015-2017-ci illər arasında edilmişdir. Bu isə təxminən 1 ABŞ dollarının 1,55 manata bərabər məzənnədə olduğu dövrə aiddir. Bu səbəbdən Cavabdeh1 “Technom” mağazasına ödədiyi və iddiaçıya ödənilməmiş 1206 manat pul təxminən 778 ABŞ dolları təşkil edir. Həmin məbləği iki yerə bölərək iddiaçının tələb etdiyi əsas və faiz borcundan çıxdıqda əsas borc 683,52 ABŞ dolları, faiz borcu isə 133 ABŞ dolları təşkil edir. Mülki Məcəllədə həmçinin göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7.). Müqavilə üzrə əsas borc 683,52 ABŞ dolları təşkil etdiyindən gecikməyə görə faiz məbləği illik 34,15 ABŞ dolları təşkil edir ki, bu da üç il üçün 102,45 ABŞ dollarına bərabər olur. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi kredit müqaviləsinin icra müddəti xx.xx.2017-ci il tarixində bitmişdir. Lakin iddia ərizəsi 1 illik müddəti ötürməklə xx.xx.2020-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbi zaminə aid hissədə təmin edilə bilməz. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, əsas borc məbləğinə 1104,90 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 50 ABŞ dolları məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 683,52 ABŞ dolları əsas borc, 133 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 102,45 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 50 ABŞ dolları cərimə olmaqla, cəmi 968 (doqquz yüz altmış səkkiz) ABŞ dolları 97 (doxsan yeddi) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) və ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar