Məhkəmə qərarları › İş №2(060)-3424/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3424/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3424/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona verdiyi 5236 (beş min iki yüz otuz altı manat) pulun və 73 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun iş yoldaşı olub. 2018cı ildə aralarında razılaşaraq avtomaşın almaq qərarına gəlmişdirlər. Azər bankdan kredit götürmüş, Opel markalı avtomaşın almış, ona göstərmişdir. Qeyd edir ki, maşını ona kreditlə verməli idi, bununla əlaqədar olaraq notariusa getdilər, müqavilə bağladılar, dörd iyun iki min on səkkizinci il tarixli müqavilənin şərtlərinə görə Cavabdeh (borc verən) İddiaçı (borc alan) 4040 manat 00 qəpik məbləğində borc verir. 2400 manat dəyərində avtomobil aldılar, o, hər ay 112 manat məbləğin olmaqla ona borcunu qaytaracaqdı. O, hər ay 200 manat məbləğində olmaqla 4 ay pul ödədikdən sonra gördü ki, xeyiri yoxdu, ona maşın verilmir. Hər dəfə başqa bəhanələrlə onun işi uzadılır. Ödəniş etməyi dayandırdı. O da növbəti aylarda icraya müraciət etdi, borcu onun əmək haqqına yönəltdilər. 1080 manat maaşından tutularaq Cavabdeh ödənildi. Daha sonra Cavabdeh işinə hücum çəkdi. 156 manat ona orda ödəniş etdi. Bundan başqa ayda 100 manat olmaqla ümumilikdə 900 manat Azər Heydorova ödəniş etdi. Sonradan Azər avtomaşın nasaz olduğuna görə qaytardığını bildirdi və bununla bağlı aralarında narazılıqlar yarandı. Bundan başqa o bankdan yenidən kredit götürmək istədiyini dedi və ona bildirdi ki, ona qalan 1300 manat borcunu tam şəkildə ödəsin. O, da cavabdehə ona yenidən 1300 manat ödəniş etdi. İkinci dəfə onu aldadaraq ona qaytardığı avtomobili ona (Cavabdeh) geri qaytarmağı üçün kömək istədi, o, isə cavadehə ona bu işi görəcəyi təqdirə ona 500 manat verməli olacağını bildirdi. O da razılaşdı, amma ona ödəniş etmədi. Bir aydan sonra Cavabdeh avtomobili qaytardığı şəxslə evlərinin yanındakı dayanacaqda görüşdürdü, həmin şəxsə öz cibindən 500 manat ödəniş edərək maşını cavabdehə qaytartdırdı. Bundan sonra ikinci dəfə cavabdeh ona vəd etdi ki, borcu o, cavabdehə tam ödədikdən sonra ona yeni DAEWO NEXİA markalı maşm verəcək. O, da cavabdehə 120 manat bir, 100 manat 100 manat ayr-ayrı vaxtlarda 180 manat da başqa vaxtda ona ödənişlər etdi. Aralarında bağlanan müqavilədən iki il sonra cavabdeh onu yenidən məhkəməyə müraciət etmədən icraya şikayət etdi, bunun da nəticəsi olaraq 3 aydır ki, onun əmək haqqından ayda 200 manat məbləğində pul tutulur. Bu barədə icraçıya yazılı surətdə bildirdi ki, İcra haqqında qanunun 75-ci maddəsinə əsasən Birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. O da hər ay 300 manat məbləğində aliment ödəyir. Əmək haqqına yönəldilən tutulma zamanı bu da nəzərə alınmalı idi. Lakin icraçı ona bildirdi ki, hara istəyir, şikayət etsin. O da alimenti ödəməkdə çətinlik çəkir. Hal hazırda alimenti borc alaraq ödəyir. Bütün bunlarla əlaqədar olaraq aralarında mübahisə yaranmış, aralarında yaranmış narazılıq həll olunmadığından bu barədə polisə müraciət etmişdir. Cavabdeh vədinə əməl etməməsini bildirmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 07 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Polis bölməsində Azərə ödədiyi ödənişlərin qəbzləri alınaraq işə tikilmiş, sonuncu ödədiyi 1300 manat bankın qəbzini isə o itirdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Azərlə birlikdə işləmişdirlər, aralarında pul mübahisəsi olub. O, cavabdehdən maşın almaq üçün pul götürmüş, daha sonra maşın işi alınmamışdır. Qeyd edir ki, o, maşını qonşusundan alırdı və maşın Azərin adına alınacaqdı. Bildirir ki, bununla bağlı cavabdehlə aralarında kredi müqaviləsi bağlanılıb. Qeyd edir ki, müqavilə maşın alınması üçün bağlansa da, maşın işi həll olunmadı. O, bir müddət cavabdehə ödəniş etsə də, sonradan ödəniş etməyi dayandırmışdır. Məsələ ilə bağlı hətta 1-ci Polis Bölməsində araşdırılma aparılıb. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2014-cü ildə FHN-də işləyəndə iddiaçı komandiri ilə gəlib bankdan pul götürüb ona verməyi xahiş etmişdi. O, da Bankdan pul götürüb iddiaçıya vermişdi. İddiaçının dediklərinə görə 2250 manatı iddiaçı, qalan 3000 manatı da digər şəxs götürmüşdü. Bir müddət sonra iddiaçı ödəniş edə bilməyəcəyini bildirdi. Daha sonra iddiaçı maşın almaq istədiyini, pul lazım olduğuu demişdi. O, notarius yolu ilə iddiaçıya 4000 manat borc pul verdi. İddiaçı özünə “07” markalı nəqliyyat vasitəsi aldı. İddiaçı ona olan borcundan 1515 manat ödəniş etdi, qalan məbləği isə ödəyə bilmədi. Bununla əlaqədar o, İcra İdarəsinə müraciət etdi, yalnız bundan sonra iddiaçı ona 900 manat ödəniş etdi. Qeyd edir ki, iddiaçının kredit müqaviləsi üzrə borc ödənişi tam bitməyib. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, cavabdeh onun oğludur, oğlu ilə iddiaçının arasında birinci dəfə belə bir hadisə baş verəndə iddiaçının evinə tək, daha sonra isə oğlu ilə getmişdir. Oğlu iddiaçıya pulu ödəməməsinin səbəbini soruşduqda iddiaçı əvvəllcə ödədəyini, daha sonra maaş almadığını bildirmişdir. İddiaçı oğlunun pulunu qaytarmaqdan imtina edir. Oğlu heç bir yerdə işləmir, ailə saxlayır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, Cavabdeh xeyrinə İddiaçı 1765 manat pul və 20 manat dövlət rüsumu olmaqla 1785 manat pul tutulmalıdır. İşdə olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 4040 manat pul vermiş, İddiaçı həmin borcu xx.xx.2021-ci il tarixədək 36 ay müddətinə hər ay 112 manat olmaqla (sonuncu ay 120 manat) qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin hansı əsasla ona 5236 manat pul ödəməli olmasını sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən cavabdehin iddiaçıya borc verməsi barədə kredit müqaviləsinin olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 73 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar