Məhkəmə qərarları › İş №2(060)-343/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-343/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-343/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 4100 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, təxminən 1992-ci ildən Sumqayıt şəhərində xırda ticarətlə məşğul olur. Cavabdeh da məhz Sumqayıt şəhərində yerləşən ticarət mərkəzindən tanıyır. Təxminən 2024-cü ilin fevral ayında cavabdeh ona yaxınlaşaraq, barəsində başqa bir işlə bağlı hüquq mühafizə orqanında araşdırma olduğunu, hüquqi yardımdan istifadə etmək üçün vəkilə ehtiyac yarandığından ondan qısa müddət ərzində qaytarmaq şərtilə 1000 manat borc pul istəmişdir. Cavabdehin səmimiliyinə inanaraq 2024cü ilin fevral ayında cavabdehə 1000 manat borc pul vermişdir. Təxminən 1 aydan sonra cavabdeh yenidən ona yaxınlaşaraq, ona olan etibarından və münasibətlərinin səmimiliyindən istifadə edərək ticarətlə məşğul olmaq üçün qısa müddət ərzində qaytarmaq şərtilə ondan 1200 manat borc pul istəmişdir. Təkrar cavabdehə 1200 manat borc pul vermişdir. Bir müddətdən sonra verdiyi pulların qaytarılmasını cavabdehdən tələb etdikdə, cavabdeh ona bildirdi ki, banka kredit borcu var. Həmin kreditin bağlanması üçün ona 1500 manat pul lazımdır. Krediti tam bağlasa, yenidən kredit götürüb sənə olan borcunu bağlayacaqdır. Bu məqsədlə cavabdeh yenidən ona olan etibarından istifadə edərək ondan 1500 manat borc pul istəmişdir. Cavabdehin sözlərinə inanaraq yenidən 1500 manat borc pul vermişdir. Qeyd edilənlərdən başqa cavabdeh ondan hissə-hissə yenidən 400 manat almışdır. Ümumilikdə cavabdehin ona 4100 manat borcu vardır. Cavabdeh almış olduğu 4100 manat pulu qısa müddət ərzində qaytaracağına dair söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh aldığı borcu qaytarmamış və hər dəfə müxtəlif bəhanələr gətirərək ondan aldığı borcu qaytarmaqdan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçıdan 2500 manat məbləğində borc götürmüşdür. Polis idarəsində izahat verdikdən sonra cavabdehə nə pul ödəmiş, nə də ondan pul almışdır. Belə ki, ona haqqında şikayət olduğunu bildirmişlər. İddiaçı izahatında onun başına dəmirlə vurduğunu, bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Oradan çıxıb məhkəməyə müraciət etməyi düşünmüşdür. İddiaçının vəkili yaxınlaşıb iddiaçıya ödəniş etmək niyyətində olub-olmadığını soruşmuşdur. Ödəniş etmək istədiyini bildirmişdir. Daha sonra notarial qaydada borc müqaviləsi tərtib edibetməyəcəyimi soruşduqda razı olmuşdur. Bundan sonra iddiaçı dərhal məhkəməyə müraciət etmişdir. İddiaçıya 4100 manat ödəniş etmək niyyəti olmamışdır. Məhkəmə iclaslarının hər birində iddiaçının ona əlbəəl pul vəsaiti vermədiyini bildirmişdir. Bütün ödənişlər kart vasitəsilə hesaba köçürülmüşdür. Sonuncu iclasda iddiaçı əlbəəl ona pul verdiyini iddia edir. İddiaçı ona 4100 manat məbləğində borc verdiyini sübut edəcəyi təqdirdə, ödəniş etməyə hazırdır. Lakin məbləğ o qədər olmamışdır. İddiaçıya 2565 manat borcu qalmışdır. İddiaçı həmin məbləği qəbul etmir.

Tədqiq olunan sübutlar:

5. Cavabdeh tərəfindən Sumqayıt şəhəri Polis İdarəsi 4-cü Polis Bölməsində verilmiş izahatda bildirmişdir ki, İddiaçı uzun illərdir ki, tanıyır. Onunla ticarət fəaliyyəti ilə məşğul olduğu dövrdə tanış olmuşdur. 2024-cü ilin yanvar ayının əvvəllərindən başlayaraq təxminən iyun ayının sonlarına qədər Akifdən hissə-hissə omaqla təxminən 4100 manat borc almışdır. Əvvəllər işlədiyi üçün ondan aldığı borcun bir qismini qaytara bilsə də, sonradan Akifdən aldığı borcu qaytara bilməmiş və ona 4100 manat borcu yaranmışdır. 2024-cü ilin iyul ayından işləmədiyi üçün Akifə olan borcunu qaytara bilməmişdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 17:00-17:30 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Univermaq” ticarət mərkəzinin yaxınlığında Akifin ticarət ilə məşğul olduğu yerə yaxınlaşmışdır. Bu zaman Akif ilə söhbət etməmiş, sadəcə olaraq həmin yerdə 10-15 dəqiqə oturduqdan sonra 2-ci mikrorayon ərazisində oradan durub getmişdir. Bundan sonra oradan uzaqlaşıb getmişdir. Oradan Akifə harasa getməyi təklif etməmiş, onu Sumqayıt şəhərində yerləşən 24 saylı uşaq bağçasının yaxınlığına aparmamış, onu döyməmiş və heç bir xəsarət yetirməmişdir. Akifə 4100 manat borcu olduğu üçün Akif ondan borcunu tez almaq məqsədi ilə şikayət etmişdir.

Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb, sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarı: Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. ... Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5- ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

1. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

2. Belə ki, Cavabdeh tərəfindən Sumqayıt şəhəri Polis İdarəsi 4-cü Polis Bölməsində verilmiş izahatı əsasında müəyyən olunur ki, Cavabdeh İddiaçı borca 4100 manat pul aldığını təsdiq etmişdir. Eyni zamanda məhkəmə iclasında cavabdeh Polis İdarəsində izahat verdikdən sonra iddiaçıya ödəniş etmədiyini bildirmişdir. İddiaçı hazırda məhkəməyə iddia ilə müraciət edərək həmin borcun qaytarılmasını cavabehdən tələb edir.

3. Cavabdeh məhkəmə iclaslarında izahatında cavabdehə 2565 manat məbləğində borcunun qaldığını bildirsə də, Sumqayıt şəhəri Polis İdarəsi 4-cü Polis Bölməsində verdiyi izahatla qeyd olunan hal təkzib olunur. Eyni zamanda cavabdeh tərəfindən polis bölməsində izahat verildikdən sonra iddiaçıya olan borcundan hər hansı məbləğdə pul vəsaitinin ödənildiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh həmin məbləğin müəyyən hissəsini müxtəlif vaxtlarda İddiaçı məxsus kart hesablarına keçirdyini bildirsə də, məhkəməyə sorğu əsasında daxil olmuş, iddiaçıya məxsus "xxxx" ASC-nin kart hesabından çıxarışda onun tərəfindən cavabdehə 26 avqust 2024-cü il tarixdən sonra hər hansı ödənişin edildiyi müəyyən edilməmişdir.

4. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlanı əsaslandırdıqlan faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlanı əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Hazırki halda borcunun verildiyini sübut etmək yükü iddiaçının, həmin borc vəsaitinin geri qaytarıldığını sübut etmə yükü isə cavabdehin üzərinə düşür.

5. İddiaçı cavabdehin yuxarıda qeyd edilən izahatını məhkəməyə təqdim etməklə, 4100 manat məbləğində pul vəsaitini iddiaçıya ödədiyini sübut etsə də, cavabdeh isə həmin vəsaitin qaytarıdığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

6. Hazırki mübahisənin qanuni əsasına gəldikdə isə məhkəmə tərəflər arasında pul vəsaitinin aralarında yazılı müqavilə bağlanmadan digər tərəfə verilməsi səbəbindən hazırki mübahisəyə borc müqaviləsi ilə bağlı müddəların tətbiq edilməli olmaması qənəatinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırki halda isə tərəflər arasında şifahi razılaşma (müqavilə) olsa da və bu şifahi razılaşma əsasında tərəflərin borc verilməsi və alınması ilə bağlı iradə ifadələri olsa da, müqavilənin yazılı formada bağlanması ilə bağlı qanunvericiliyin imperativ tələbinə riayət edilməmişdir. Belə olan halda tərəflər arasında borc vəsaitinin verilməsi ilə bağlı şifahi razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından həmin Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından etibarsız əqddir.

7. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.

8. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).

9. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.

10. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

11. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ irəli sürülə bilər.

12. Hazırki işdə də tərəflər arasında qanunvericiliyin imperativ tələbinə uyğun olaraq cavabdehə borc məbləği yazılı formada bağlanmış borc müqaviləsi əsasında deyil, şifahi razılıq əsasında verildiyindən və cavabdehin əldə olunmuş pul vəsaiti üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından iddiaçı əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılmasını tələb etməkdə haqlıdır.

13. Yuxarıda istinad edilən qanunvericilik aktı normasının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh hər hansı bir əsas olmadan əsassız varlandığına görə onun həmin pulu geri qaytarmaq öhdəlikləri yaranmışdır. Odur ki, iddia təmin edilərək 4100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Nəticə:

14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 4100 (dörd min yüz) manat pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 61 (altmış bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar