Məhkəmə qərarları › İş №2(060)-3445/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3445/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3445/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 323.41 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 12.06.2017-ci il tarixinə 207.88 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 42.44 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 371.15 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 944.88 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan “İddiaçı" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış İKM 01 nömrəli, 12.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30 % dərəcəsi ilə 670 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 12.06.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 iddiaçıya 323.41 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 12.06.2017-ci il tarixinə 207.88 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 42.44 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 371.15 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 944.88 ABŞ dolları borcu təşkil edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, kreditlə kondisioner almışdır. O, həmin kondisionerin pulunu hissə-hissə olaraq 700 manat ödəmişdir. Bundan başqa o, krediti ABŞ dolları ilə deyil manatla götürmüşdür. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış İKM 01 nömrəli, 12.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30 % dərəcəsi ilə 670 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC arasında 12.06.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 20.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya 323.41 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 12.06.2017-ci il tarixinə 207.88 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 42.44 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 371.15 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 944.88 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, X7 özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, müştərilər tərəfindən qeyd edilən satışlar üzrə mağazaya edilmiş aylıq kredit ödənişlərini dərhal banka təqdim etməli olduğu halda, həmin öhdəliyin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib 2016-cı ilin əvvəllərindən 14 fevral 2018-ci il tarixədək olan müddətdə Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllədə yerləşən həmin mağazada ayrı-ayrı müştərilər tərəfindən kreditlər üzrə edilən ödənişləri cinayətdən xəbərsiz olan həmin mağazanın ayrı-ayrı satıcıları vasitəsilə qəbul etdikdən sonra yığılmış həmin kredit ödənişləri üzrə müxtəlif məbləğlərdə, o cümlədən, Cavabdeh1 12.06.2015-ci il tarixli, İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 570 manat məbləğində pul vəsaitinin 165 manatını, ümumilikdə 109 nəfər tərəfindən ödənilmiş cəmi 49.264,14 manat (qırx doqquz min iki yüz altmış dörd manat on dörd qəpik) məbləğində pul vəsaitini kredit ödənişi üzrə həmin müştərilərin adından İddiaçı ASC-yə və həmin bankın ləğv etmə prosesində olması ilə əlaqədar Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödəməyib “Technom” mağazasının dövriyyəsinə sərf etməklə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını, kredit ödənişlərinin təmin etməklə bağlı fəaliyyətini pozub əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş və vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Bununla da, X7 və X6 Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Həmin hökmlə mülki iddia tam təmin edilərək, zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-yə vurulmuş 49.294,14 manat maddi ziyanın mülki cavabdehlər X5 və X3 tutularaq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hökm edilmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən götürdüyü kreditlə bağlı ödədiyi 165 manatın mağazanın iki əməkdaşı tərəfindən mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapmış, İddiaçı ASC-yə dəymiş ziyanın, o cümlədən Cavabdeh1 tərəfindən mağazaya ödənilmiş, lakin banka ödənilməmiş 165 manatın təqsirləndirilən şəxslərdən tutulub iddiaçı banka ödənilməsi hökm edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh götürdüyü kreditin ödənişlərini qismən ödədiyindən, onun ödədiyi məbləğlərin iki şəxs tərəfindən qismən ələ keçirilərək mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapdığından, o cümlədən bununla əlaqədar İddiaçı ASC-yə dəymiş ziyanın həmin cinayəti törətmiş şəxslər tərəfindən ödənilməsi qərara alındığından, Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas borcu (165 manatın ABŞ dollarının məzənnəsi 1 dollar=1,70 manata uyğun olaraq 97.05 dollar) 97.05 ABŞ dolları məbləğində azaldılmalıdır. Belə olan halda tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə (323.41 – 97.05 = 226.36) əsas borc 226.36 ABŞ dolları təşkil edir. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərdən iddiaçının xeyrinə əsas borca görə 226.36 ABŞ dolları tutulmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 12.06.2017-ci il tarixinə 207.88 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 42.44 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 371.15 ABŞ dolları cərimə borcun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, işdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndi. Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. Həmin Fərmanın 5.1. bəndi. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X2 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Fərmanın 5.2. bəndi. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Fərmanın 6.1. bəndi. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 6.2. bəndi. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 6.3. bəndi. Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması (qərarın 19-cu bəndi), bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 226.36 ABŞ dolları əsas borc və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 226.36 ABŞ dolları əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar