Məhkəmə qərarları › İş №2(060)-3451/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3451/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3451/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(060)-3533/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış 234 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 17 mart 2017-ci il təvəllüdlü X8 və 09 aprel 2019-cu il təvəllüdlü X4 boşanmadan sonra İddiaçı yanında qalması, Cavabdeh İddiaçı xeyrinə 17 mart 2017-ci il təvəllüdlü X5 və 09 aprel 2019- cu təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat və 09 aprel 2019-cu il təvəllüdlü X4 03 yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamədən cavabdeh tərəfdən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-745/2021 saylı qətnaməsi ilə şikayət qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən alimentin tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmişdir. Cavabdehdən onun xeyrinə 17 mart 2017-ci il təvəllüdlü X8 və 09 aprel 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay, hər bir uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ədalətsizcəsinə qəbul edilən xx.xx.2021-ci il tarixli qətnamə ilə təyin olunmuş aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə yetməmiş, daha sonra iddiaçı alimentin artırılması ilə bağlı yenidən Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Baxmayaraq ki, artıq 2022-ci ildə ölkəmizdə uşaqlar üçün yaşayış minimumu hər uşaq üçün 193 manat müəyyən edilmişdir, lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3486/2022 saylı qətnaməsi ilə alimentin miqdarı yaşayış minimumundan aşağı, hər ay, hər bir uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı hesab edir ki, həmin vəsait də uşaqların saxlanmasına bəs etmir. Uşaqlar böyüdükcə onların qayğısı və ona görə də məsrəfləri günbəgün artır. Bundan başqa, sonuncu məhkəmənin təyin etdiyi aliment də ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da aşağı olmuşdur. Cavabdeh övladları ilə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə cavabdeh vaxtlı-vaxtında tam ödəmir, bundan qəsdən yayınır. Baxmayaraq ki, əmək qabiliyyətlidir və hazırda işləyir. Uşaqların bütün qayğısını ehtiyaclarını tamamilə iddiaçı özü çəkir. İddiaçı uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək qadın olaraq ona hədsiz çox çətinlik yaradır. Göstərilənlərə əsasən iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3486/2022 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan 17 mart 2017-ci il təvəllüdlü X8 və 09 aprel 2019-cu il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq hər bir uşaq üçün 220 manat olmaqla, hər ay 440 manat sabit pul məbləğində müəyyən edilməsi, habelə mediasiya xidmətinin göstərilməsi ilə bağlı ödənilmiş 50 manat rüsumun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X13 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, cavabdeh hazırda işləmir. Bu səbəbdən də alimenti ödəməyə maddi imkanı yoxdur. İddiaçı rəsmi işdə işləyir, yüksək əmək haqqı alır, lakin cavabdeh rəsmi işdə işləmir və ikinci dəfə qurduğu ailə həyatından xx.xx.2022-ci il təvəllüdlü X9 adlı azyaşlı övladı olduğundan, o, ikinci ailəsini belə çətinliklə saxlayır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ № 975816 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 mart 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

7. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV № 272609 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 09 aprel 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

8. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 23 iyul 2021ci il tarixində verilmiş nikahın pozulması şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 348 nömrə ilə qeyd edilmişdir.

9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 3486/2022 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-745/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh oğlundan hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, hər bir uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində alimentin tutulub xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi, cavabdeh X3 iddiaçı tərəfindən ödənilmiş 37,5 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 120 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin olunmaması, bundan əlavə iddianın verilməsinə görə 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. İş materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İV № 828406 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 11 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X2r.

11. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh "xxxx" MMC-də çap qurğuları üzrə operator vəzifəsində çalışır, aylıq maaşı isə 550 manatdır.

12. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı Sumqayıt şəhəri üzrə İcra Hakimiyyətində dövlət qulluqçusu olaraq məsləhətçi vəzifəsində çalışır və aylıq maaşı isə 1154 manatdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin nikah münasibətlərindən iki uşaqları anadan olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(060)-3486/2022 saylı qətnaməsi ilə Cavabdeh oğlundan hər ay, hər bir uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində alimentin tutulub xx.xx.2017ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

17. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

18. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

20. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

21. Məhkəmə, hazırda uşaqların saxlanılmaları üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmalarına kifayət etməməsi ilə bağlı iddiaçının izahatını, cavabdehin nümayəndəsinin izahatını, cavabdehin başqa nikahdan övladının olmasını, tərəflərin rəsmi iş yerlərini və əmək haqlarını, habelə yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün 180 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması məqsədəmüvafiqdir.

22. Məhkəmə qeyd edir ki, uşaqlardan ayrı yaşayan valideynlərdən birinin üzərinə aliment öhdəliyinin qoyulması birmənalı olaraq həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki uşağın ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün tələb olunan bütün digər zəruri xərclər onun himayəsində qaldığı valideyinin üzərinə düşür. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşaqların atalarının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır.

23. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf hər ay sabit pul məbləğində 440 manat miqdarında alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

25. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır.

26. Həmçinin, Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

28. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, Cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, İddiaçı da valideyn olaraq öz uşağını saxlamağa borcludur.

30. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

31. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

32. Məhkəmə iddia tələbinin “iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən alimentin artırılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

33. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

34. Məhkəmə iddia tələbinin “mediasiya xidmətinin göstərilməsi ilə bağlı ödənilmiş 50 manat rüsumun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

36. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir.

37. Beləliklə, məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı birgə nikahdan olan uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən müəyyən müddət keçdiyini və bu müddət ərzində uşaqların böyüməklə tələbatlarının da artdığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3486/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

45. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

46. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. (360 x 12 = 4320 manat. 3320 x 1% = 33,2 manat. 30+33,2= 63,2 manat)

47. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 63,2 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət gəlirlərinə alınmalıdır.

Nəticə hissəsi:

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3486/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh X3 63,2 (altmış üç manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar