Məhkəmə qərarları › İş №2(060)-3459/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3459/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3459/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” ASC (bundan sonra – iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) kredit borcunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək caabdehlərdən 4690,74 ABŞ dolları əsas borc, 322,94 ABŞ dolları faiz borcu, 148,80 ABŞ dolları cərimə olmaqla, cəmi 5162,48 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 05.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, 30% ödəmək şərtilə 6300 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmış və onlar digər cavabdehlə birgə məsuliyyət daşıyırlar. Lakin, Cavabdeh1 kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri pozmuş və kreditin vaxtlı vaxtında ödənilməsini təmin etməmişdir. Sumqayıt Şəhər Məhkəməsin 2(060)-4996/2016 saylı, 28.03.2016-cı il tarixli məhkəmə əmri ilə təmin edilmişdir. Cavabdeh1 məhkəmə əmrinə yazılı etiraz təqdim etdiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4996/2016 saylı, 05 mart 2021-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı 21.05.2021-ci il tarixində məhkəməyə daxil olmuş ərizəsində işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1960-cı ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1957-ci ildə anadan olmuş, Zəngilan rayonu, H.Hacıyev küçəsi, ev 21-də qeydiyyatdadır. Cavabdeh3 xx.xx.1961-ci ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Zəngilan şəhər İnzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 21.04.2016-cı il tarixli, 369 saylı arayışında Cavabdeh2 Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 407a-da yaşadığı göstərilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05.02.2015-ci il tarixli, 192micSUM/15 nömrəli əlavə kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 30% ödəmək şərtilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 439 manat, sonuncu ay isə 440,50 manat ödəniş etməli idi. 07.03.2016-cı il tarixli maliyyə arayışına əsasən cavabdehin 4690,74 ABŞ dolları əsas borc, 322,94 ABŞ dolları faiz borcu, 148,80 ABŞ dolları cərimə olmaqla, cəmi 5162,48 ABŞ dolları borcu vardır. 07.03.2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı ərizənin verilməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. 23.02.2016-cı il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehi 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. 21.05.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 3258,08 ABŞ dolları əsas borc, 0 ABŞ dolları faiz borcu, 0 ABŞ dolları cərimə olmaqla, cəmi 3258,08 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. İddiaçı ərizəsində cavabdehlərdən 4690,74 ABŞ dolları məbləğində əsas borcun və 322,94 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını xahiş etsə də, iş materiallarına əlavə edilmiş maliyyə arayışında 21.05.2021-ci il tarixinə cavabdehlərin banka əsas borc üzrə 3258,08 ABŞ dolları borcu olduğu qeyd olunmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 3258 ABŞ dolları məbləğinə 148,80 ABŞ dolları cərimənin hesablanması məqsədə müvafiqdir. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). İddiaçı borcun Cavabdeh1lə yanaşı Cavabdeh2 və Cavabdeh3 da tutulmasını xahiş etsə də, iş materialarında həmin şəxslərin iddiaçı ilə zaminlik müqaviləsi bağlamalarına dair hər hansı sübut yoxdur. Bu səbəbdən iddia tələbi həmin cavabdehlərə münasibətdə təmin edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət 10 manatı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3258,08 ABŞ dolları əsas borc və 148,80 ABŞ dolları cərimə olmaqla, cəmi 3406 (üç min dörd yüz altı) ABŞ dolları 08 (səkkiz) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və ödənilmiş 20 manat dövlət rüsumunun 10 (on) manatı Cavabdeh1 tutularaq iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar