Məhkəmə qərarları › İş №2(060)-3460/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3460/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3460/2021 06.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «İddiaçı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək əsas borc üzrə 7580,74 ABŞ dolları, cərimə üzrə 3539,08 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1146,60 ABŞ dolları olmaqla, cəmi 12266,42 ABŞ dolları kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11.05.2016-cı il tarixli, 002/16 saylı kredit kartı müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 15% olmaqla 12 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə onun iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4135/2020 saylı, 15.10.2020-ci il tarixli qiyabi qətnaməsi ilə cavabdehdən 7580,74 ABŞ dolları, cərimə üzrə 3539,08 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1146,60 ABŞ dolları olmaqla, cəmi 12266,42 ABŞ dolları kredit borcunun (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdehin ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3460/2021 saylı, 09.03.2021-ci il tarixli qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilmiş, mülki işin icraatı təzələnmişdir. Cavabdeh tərəfindən yazılı etiraz ərizəsi tədim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında 11.05.2016-cı ildə 002/16 saylı, 12 ay müddətində illik 15% ödəmək şərti ilə 10000 manat ABŞ dolları kredit verilməsinə dair müqavilə bağlanmışdır. Maddi vəziyyəti pisləşdiyindən kredit ilə əlaqədar ödənişləri həyata keçirə bilməmişdir. Bu müddət ərzində öhdəliyin icrası ilə bağlı ona qarşı heç bir tələb irəli sürülməmişdir. Həmin kredit müqaviləsinin müddəti 11.05.2017-ci il tarixdə bitmiş və həmin vaxtdan iddia müddətinin axımı başlamış və 3 illik iddia müddəti 11.05.2020-ci il tarixdə başa çatmışdır. İddiaçının iddia ərizəsi isə 09.07.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında təqdim edilmiş etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, tələb üzrə iddia müddəti keçmişdir. Bu səbəbdən mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1977-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan tərəflər arasında bağlanmış 11.05.2016-cı il tarixli, 002/16 saylı kredit kartı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 15% olmaqla 12 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışında göstərilmişdir ki, cavabdehin 07.05.2020-ci il tarixinə banka 7580,74 ABŞ dolları məbləğində əsas borcu, 3539,08 ABŞ dolları məbləğində cərimə, müqavilə müdəti bitdikdən sonra illik beş faizlə hesablanmış 1146,6 ABŞ dolları olmaqla, cəmi 12266,42 ABŞ dolları borcu vardır. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 20.05.2020-ci il tarixli pretenziya göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərardadı ilə lisenziyası ləğv edilmiş İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi Cavabdeh 11.05.2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialından kredit götürmüş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş bu səbəbdən banka əsas və faiz borcu qalmışdır. Bu səbəbdən iddiaçı əsas və faiz borcunun, eyni zamanda kredit müddətinin bitdiyi dövrdən sonra illik 5 faizlə hesablanmış borcun və cərimənin cavabdehdən tutulmasını xahiş edir. Eyni zamanda cavabdeh məhkəməyə ərizə tədim edərək mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi 11.05.2016-cı il tarixində 12 ay müddətində bağlanmışdır. Müqavilənin qüvvədə olduğu müddət 11.05.2017-ci il tarixində bitmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edildiyindən iddiaçı cavabdehdən borcu 11.05.2020-ci ilə qədər tələb edə bilərdi. Lakin, iddiaçı məhkəməyə 09.07.2020-ci ildə müraciət etmişdir. Cavabdeh bu səbəbdən mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlərə dair sənədin təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəfindən belə bir sənədin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən və cavabdeh mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyindən mübahisəyə iddia müddəti tətbiq edilməli və iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 7580,74 ABŞ dolları, cərimə üzrə 3539,08 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1146,60 ABŞ dolları olmaqla, cəmi 12266,42 ABŞ dolları kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar