Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3470/2022 23.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, İş № 2 (060)-807/2019 saylı qətnaməsi ilə təyin edilmiş cavabdehlə nikahlarından olan övladı - xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay cavabdehdən 154 manat məbləğində tutulmalı olan alimentin Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi məbləğinə dəyişdırilərək iddiaçının xeyrinə tutulması, ilkin Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin cavabdehdən tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 13 noyabr 2011-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahdan xx.xx.2014-cü il təvəllüdlü X3 adlı 1 övladı anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulmuş, iddiaçının münasibətləri normallaşdırmaq, ailə münasibətlərini qaydaya salmaq cəhdləri heç bir nəticə verməmişdir. Cavabdeh, hal-hazırda hərbi hissə ərazisində yaşayır. Lakin bütün bunlara baxmayaraq, ailənin dağılmaması üçün əlindən gələni etmişdir. Lakin cavabdeh ailə münasibətlərini davam etdirməyi lüzumsuz saymışdır. Beləliklə də son nəticədə ailə dağılmışdır. Beləliklə, nikahları Sumqayıt şəhər məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçının xeyrinə ondan xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay cavabdehdən 154 manat məbləğində aliment tutulması qət edilmişdir. Qeyd etmək istəyir ki, cavabdeh uşağın atası olmasına baxmayaraq, uşağın saxlanılması ilə əlaqədar iddiaçıya heç bir köməklik göstərmir. Rəsmi olaraq hərbi hissədə işləyir və məhkəmə icraçısı da onun qazancını və gəlirlərini müəyyən edə bilmir, baxmayaraq ki, faktiki olaraq rəsmi işlərdə işləyib, hal- hazırda, 1700 manatdan çox yüksək qazanc əldə edir. İddiaçı isə heç bir gəlir əldə etmir və hal-hazırda, xəstə uşağı müalicə etmək üçün maddi imkanı çatmır. Uşağı müalicə edən həkimlər onun mütəmadi olaraq yazda və payızda müalicə olunmasını məsləhət görürlər. Borclu isə heç onun dərman pullarını ödəmir. Bundan başqa, o, uşağa ümumiyyətlə qayğı göstərmək üzrə öz borclarını yerinə yetirmir, əksinə,uşaq xəstə olarkən iddiaçıya heç bir köməklik göstərməmişdir, uşağın müalicə olunmağındakı xərclərdə iştirakdan boyun qaçırmışdır. Beləliklə, cavabdeh uşağın atası olmasına baxmayaraq, onun saxlanılması ilə əlaqədar mənə heç bir köməkluk göstərmir. Baxmayaraq ki, faktiki olaraq yüksək gəlir əldə edir. Ona görə də, hal-hazırda, əvvəllər təyin olunmuş aliment məbləği dəyişdirilməlidir. Ailə Məcəlləsinə əsasən, uşağı saxlamağa aliment ödəyən valideyn həm də onun bütün xərclərində iştirak etməlidir. TƏRƏFLƏRİN İZAHATİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, qazancı dəyişkən deyildir. Hər ay 746 manat məbləğində sabit maaş alır. Aliment borcundan heç vaxt yayınmamışdır, gecikmələri yoxdur. Bundan əlavə övladına əlavə maddi yardımda da iştirak edir. Hər ay alimentdən əlavə övladına 50, yaxud 100 manat pul verir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. İŞ MATERİALLARİNDA OLAN: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-807/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X5 iddiaçı X2 yanında qalması, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. - Sumqayıt “ASAN Xidmət” X6 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X3 adlı övladı vardır. - xx.xx.2022-ci il tarixli, 2021-008301 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cəfərova X8 etibarnamə üzrə nümayəndəsi, Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - AZ-İ № 319943 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 148 nömrə ilə qeyd edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən- Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əssən - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əssən - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əssən - Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-ci maddəsinə əssən- Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əssən - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əssən - Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MƏHKƏMƏNİN MÖVQEYİ: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2011-ci ildə Cavabdeh ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahdan xx.xx.2014-cü il təvəllüdlü X3 adlı 1 övladı anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 807/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X3 iddiaçı X2 yanında qalması, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. Uşağın artmaqda olan tələbatlarını nəzərə alaraq alimentin miqdarının dəyişdirilməsi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-807/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Məhkəmə, tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmasını məqsədə müvafiq hesab edir. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından göründüyü kimi, iddia tələbində alimentin məbləğini müəyyən etmək mümkün deyildir. Ona görə də hazırki iddia qiymətləndirilməyən iddia sayıldığından qanunvericiliyin tələbinə əsasən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-807/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddianın verilməsinə görə 100 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3470/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3470/2022
23.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver