Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3471/2022 22.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun tanışıdır. Onlardan Cavabdeh2 2020-ci ilin dekabr ayında müraciət edərək ona təcili pul lazım olduğunu, həmin pulu ən geci 2 ay müddətində qaytaracağını bildirmiş, o, cavabdehə inanaraq ona 37500 (otuz yeddi min beş yüz) manat məbləğində borc pul vermişdir. Lakin cavabdeh ona vəd etdiyi vaxtda aldığı pulu qaytarmamış və həmin aldığı puldan bu müddət ərzində cəmi 4200 manat ödəniş etmişdir. Cavabdeh2 hazırda ona 32800 (otuz iki min səkkiz yüz) manat borcu qalmışdır. Cavabdeh həmin pulu ondan alması barədə yazılı qəbz vermiş, həmin qəbzdə də ondan aldığı pulu digər Cavabdeh1 verdiyini qeyd etmişdir. Halbuki o, həmin pulu verərkən bu pulu digər cavabdehə verməsini bilməmiş, bunu Cavabdeh2 sonradan etiraf etməklə bu barədə iltizam da yazmışdır. Digər Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ona müraciət edərək 50300 (əlli min üç yüz) manat məbləğində borc pul götürmüş və həmin pul müqabilində 2 ədəd pul kartını girov qoymuşdur. Cavabdeh həmin pulu ondan götürərkən bildirmişdir ki, bu pulu 3 günlüyə götürür və bankdan pul götürən kimi aldığı bu pulu tam olaraq, ona olan digər borcunu isə hissə-hissə qaytaracaqdır. Cavabdeh bu puldan da qabaq ondan xx.xx.2021-ci il tarixdə 2000 manat pul almış və həmin pulu da qaytarmamışdır. O, bu müddət ərzində dəfələrlə cavabdehlərə müraciət etmiş, həmin pulları istəmiş, lakin onlar müxtəlif bəhanələr gətirməklə ondan aldıqları pulları qaytarmamış, nəticədə onu ağır bir duruma salmışlar. Qeyd olunanlara əsasən Cavabdeh1 52300 manat məbləğində borcun və həmin pula görə ödədiyi 250 manat dövlət rüsumunun, Cavabdeh2 32800 manat məbləğində borcun və həmin pula görə ödədiyi 190 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, iddia iki nəfərə qarşı yönəlmişdir. Hər iki xanımın iltizamı var. Onlardan biri 2020-ci ilin dekabr ayında yazılıb və Cavabdeh2 aiddir. Orada qeyd olunmuşdur ki, iddiaçı Gülşənə 37500 manat borc pul vermiş, cavabdeh həmin puldan 4200 manatını qaytarmış, qalan məbləğ qalmışdır. Digər qəbz Cavabdeh1 aiddir. Gülnarə xx.xx.2021-ci il tarixdə 50300 manat borc pul götürmüş, bunun müqabilində 2 ədəd kart girov qoymuşdur. Etiraf olunan 4200 manatdan başqa tərəflər iddiaçıya heç bir pul qaytarmamışlar. xx.xx.2021-ci il tarixdə 2000 manat götürmüşdür. Bununla bağlı da qəbz vardır. İş materiallarında olan disklər iddiaçıya xəbər verilmədən yazılmışdır. Onlar tərəfindən isə məhkəməyə tərəflərin mesajları və dəftər təqdim olunmuşdur. Whatsapp yazışmalarında Cavabdeh2 iddiaçıdan pul istəməsi məlum olur. Gülşən tərəfindən yazılmış dəftərdə onun iddiaçıdan aldığı 37500 manat pulu hansı məqsədlərlə istifadə etməsi qeyd olunmuşdur. Ona görə də iddia tələbini əsaslı hesab edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Gülnarəyə iki dəfə pul vermişdir. Birinci dəfə Gülşənə 39500 manat pul vermiş, o isə pulu Gülnarəyə çatdırmışdır. Pulu verdiyi tarixlər dəqiq yadında deyil, iltizamlarda qeyd olunmuşdur. Cavabdehlərə də dəfələrlə hesabatı aparmalı olduqlarını bildirmişdir. Niyyəti gəlir götürmək olmuşdur. Bütün məbləğ 50300 manatın içərisinə daxildir. Gülnarə ona bankdan pul götürərək borcu bağlayacağını bildirmişdir. Gülşənə verdiyi 39500 manatdan az-az olmaqla, cəmi 4200 manat ona qaytarılmışdır. Gülnarə tərəfindən isə ona 1000 manat pul qaytarılıb. Cavabdehlər iki dəfə pul qaytarmaq adı ilə evinə gəlmiş, lakin səsini yazdıqdan sonra getmişlər. Cavabdeh1 izahatında bildirdi ki, o, iddiaçıya 200 manat pul vermiş, heç birini qeyd etməmişdir. Müxtəlif vaxtlarda 7000 manat, 4000 manat, dəfələrlə də 1000 manat olmaqla ödənişlər etmişdir. İddiaçı bir il onun kartından pul çıxarmışdır, bununla bağlı kamera görüntüləri də vardır. Bir il müddətinə 15%-lə, ikinci il isə 6%-lə iddiaçıya pul ödəmişdir. Onun Fəridəyə heç bir borcu yoxdur. Hətta Fəridənin ona borcu var. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunur ki, iddiaçı Gülşən xanıma 2 ay müddətində qaytarmaq şərti ilə 37500 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında isə hissə-hissə 39500 manat pul verdiyini, həmin puldan ona 4200 qaytarıldığını bildirmişdir. Bu məbləğ çıxılanda belə 37500 manat etmir. İddiaçı iddia ərizəsini imzalasa da, orada yazılanlardan xəbərdar deyildir. Əgər Gülşən xanımın vasitəsi ilə verilən və 2 ay sonra qaytarılmalı olan pul qaytarılmırdısa, daha sonra 2021-ci ildə 2000 manat, 50300 manat pul verilməsi nə qədər düzgündür? İki ədəd kart girov qoyulmuşdur. Gülnarə xanımın yoldaşına məxsus kartdan hər ay 460 manat, digər kartdan isə 130 manat pul çıxarılıb. Ümumi məbləğ 37500 manatdır, iddiaçı isə əsassız varlanmaq niyyəti ilə 85000 manata yaxın pul tələb edir. İddiaçının əsassız varlanmaq niyyətinin nəzərə alınaraq məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 izahatında bildirdi ki, 2020-ci ilin may ayında Gülnarəyə pul lazım idi. Fəridə xanım isə faizə pul vermiş, ailəvi dostdurlar, münasibətləri yaxşı olmuşdur. Yoldaşı 10 ildir ki, xəstədir. Nə vaxt pula ehtiyacı olsa, Fəridədən istəmiş, faizə olsa belə həmişə ona kömək etmişdir. Bir dəfə ona 200 manat pulu faizsiz vermişdir. Pandemiya dövrü olduğundan Fəridə ona Gülnarəni evinə gətirməməsini bildirmiş, pulu Fəridədən götürərək Gülnarəyə vermişdir. Fəridə ona bildirmişdir ki, birdən onlardan hansısa biri virusdan ölər. Buna görə də 1 ildən sonra iddiaçı onu aldadaraq qəbz yazdırmışdır. Fəridə pulu ona vermiş, o da aparıb Gülnarəyə çatdırmışdır. Kasıb adamdır, o qədər yüksək məbləğdə pulu götürə bilməz. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, Konstitusiya Məhkəməsinin qərarına əsasən hər hansı borc müqaviləsi hətta notarial qaydada təsdiq olunsa belə, məhkəmə həmin müqaviləyə formal yanaşmamalı, müqavilənin etibarlılığını yoxlamalıdır. İş materiallarında qəbzlər olmasına baxmayaraq həmin qəbzlər etibarlı deyildir. Sonradan üzərində düzəliş olunmuş qəbzlər vardır. İddiaçının məhkəmə iclasında heç bir sualı şəxsən cavablandırmamasına da məhkəmə tərəfindən qiymət verilməlidir. İddia tələbi etibarlı əqdə əsaslanmır. Tərəflər arasında faiz münasibətləri olmuşdur. Ötən məhkəmə iclaslarında və audio yazılarda 15%-lə faizə pul verdiyini, daha sonra 6%-lə hesabladığını bildirmişdir. 50 manat hörmət edilməsi məsələsi də ağ yalandır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinn rədd olunması barədə qətnamə qəbul edilməsini, həmçinin qanunsuz olaraq bank-kredit təşkilatının funksiyaları yerinə yetirdiyinə görə iddiaçı barəsində xüsusi qərardad çıxarılaraq cinayət işinin başlanmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh2 İddiaçı 37500 (otuz yeddi min beş yüz) manat pul borc götürüb Cavabdeh1 vermişdir. Qəbzdəki xx.xx.2021-ci il tarixli qeyddən görünür ki, bu puldan Gülnarə 2500 (iki min beş yüz), 2800 (iki min səkkiz yüz) və 1400 (min dörd yüz) manat qaytarmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə İddiaçı 2000 (iki min) manat pul almış, xx.xx.2021-ci il tarixdə pulu qaytaracağını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı 50300 (əlli min üç yüz) manat borc götürmüş, buna görə iki kart girov qoymuşdur. Bankdan pul götürdüyünə görə pulu 3 günlüyə götürmüşdür. Bankdan götürdüyü pulu verdikdən sonra qalan pulu hissə-hissə qaytaracaqdır. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar və iş materiallarında olan sübutlar əsasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həqiqətən müxtəlif vaxtlarda iddiaçıdan borc pul almış, pulu əlyazma qəbzlərdə qeyd olunmuş vaxtlarda qaytaracaqlarını bildirmiş, lakin üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri sübutlar tədqiq edilərkən müəyyən edilmişdir ki, tərəflər arasında müxtəlif vaxtlarda borc pul öhdəliyinin olması, həmin öhdəliyin məs Cavabdeh2 vasitəsi ilə İddiaçı tərəfindən verilməsi işin mübahisəsiz halıdır. Bundan əlavə cavabdeh tərəfindən təqdim olunmuş disklər tədqiq edilərkən məhkəmə Cavabdeh1, Cavabdeh2, İddiaçı birliktə borc məbləğinin hesablanması, həmin məbləğlərin qaytarılması, ən əsası isə Cavabdeh1 İddiaçı 46300 manat məbləğində borcu olduğunu etiraf etməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iclasında izahat verərkən, ayrı-ayrılıqda imza edilməklə iltizam alınmış məbləğin ayrı-ayrılıqda deyil, əslində 50300 manat məbləğə daxilində olmasını bildirməsi, məhkəmə tərəfindən həqiqətə nail olunması baxımından mühüm əhəmiyyət kəsb etmiş və həmin hal, məhkəməyə təqdim olunmuş və tədqiq olunmuş disklərdə öz əksini tapmışdır. Məhkəmənin qənaətinə görə iddiaçının mübahisələndirilən məbləği, tərəflərin Cavabdeh2 tanıdığı üçün onun vasitəsi ilə verməsi, imza edilərək götürülməsi mübahisə predmeti olmamaqla, tərəflərin qəbul etdikləri haldır.Yəni ayrı-ayrılıqda imza edilərək qəbz yazılmasına baxmayaraq hər iki cavabdehlərin birliktə öhdəlik götürmələri məhkəmə iclasında verdikləri izahatları və iş materialları ilə öz təsdiqini tapır (həmin məbləğin Cavabdeh2 vasitəsi ilə götürülməsi, onun vasitəsi ilə qaytarılması). Bu səbəbdən cavabdehlərdən məbləğ müştərək qaydada tutularaq, İddiaçı ödənilməlidir. Mübahisə edilən 2000 manat məbləğin iddiaçı tərəfindən məhkəmə iclasında 1000 manat olması bildirilərək qismən etiraf edilməsi, işin faktiki hallarına əsasən tədqiq olunarkən sübut olunmur. Məhkəmə həqiqətə nail olunması üçün, işdə olan təqzib olunmayan və şübhəyə əsas yaratmayan hallara qiymət verərək, işdə olan sübutlara əsaslanır. Bundan əlavə məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş borclu Cavabdeh1 və Cavabdeh2 pul ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdehlər tərəfindən yerinə yetirilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin qismən etiraf etmələri ilə bağlı onların özləri tərəfindən məhkəmə mübahisəsindən əvvəl yazılaraq, məhkəməyə təqdim etdikləri video disklərdə imza etdikləri iltizamları, etirafları ilə təsdiq olunduğu üçün məhkəmənin iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Ona görə də iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında qanunsuz olaraq bank-kredit təşkilatının funksiyaları yerinə yetirdiyinə görə iddiaçı barəsində xüsusi qərardad çıxarılaraq cinayət işinin başlanmasını xahiş etməsinə münasibət bildirərək qeyd edir ki, tərəflərin qarşılıqlı razılıqlarına əsasən könüllü olaraq pul öhdəliklərinin olması hüquqlarını təmsil etdiyi şəxsin (Cavabdeh2) yazılı iltizam götürərək imza etdiyi qəbzlə öz təsdiqini tapır. Hər hansı şəxsin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının araşıdırılması üçün hər bir tərəf müvafiq qurumlara müraciət etməkdə sərbəstdirlər. Məhkəmə qeyd edir ki, həmin fəaliyyətin araşdırıldığı təqdirdə bu hal birmənalı şəkildə vəkil olaraq təmsil etdiyi şəxsə münasibətdə də araşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehlərdən müştərək qaydada 340 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46300 (qırx altı min üç yüz) manat borc və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 340 (üç yüz qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46300 (qırx altı min üç yüz) manat borc və 340 (üç yüz qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3471/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3471/2022
22.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver