Məhkəmə qərarları › İş №2(060)-3471/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3471/2025

07.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3471/2025 07.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzində qadın paltarı satmaqla məşğul idi. Müəyyən vaxtlarda münasibətləri daha da yaxşılaşdı. Bir gün cavabdeh iddiaçıya iş qurmağı təklif etdi. İddiaçı da əslində əlində müəyyən pul toplamışdı və həmin pulla evini təmir etdirəcəkdi. Lakin cavabdeh iddiaçı ilə o qədər inandırıcı danışdı ki, iddiaçı razılaşıb pulu ona verdi. 2024-cü ilin 15 noyabr tarixindən 17 dekabr tarixinə qədər 7100 manat məbləğində pulu cavabdehə verdi. Lakin artıq xeyli müddət keçdiyinə baxmayaraq, cavabdeh iddiaçı ilə görüşdən yayınır və maksimum iş məsələsindən uzaq durmağa çalışırdı. İddiaçı yekunda gəldi və cavabdehdən pulunu geri tələb etdi. Lakin cavabdeh iddiaçıya bildirdi ki, o, pulları xərcləmişdir və artıq heç bir pulu qalmamışdır. Sonra iddiaçı məcbur qalıb xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət etdi. Ərizənin araşdırılması təhqiqatçı polis kapitanı Vüsal Quliyev tərəfindən aparılmışdır. Təhqiqatçı tərəfindən dəvət olundu və izahatını verdim. İzahatında bildirdi ki, faktiki olaraq dələduzluğa məruz qalmış və Cavabdeh tərəfindən əmlakı mənimsənilmişdir. İddiaçının etibarından sui-istifadə olunmuşdur. Buna baxmayaraq, Vüsal Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin material araşdırılan zaman orada izahat verən cavabdeh iddiaçının ona pul verdiyini etiraf etdi və daha da irəli gedərək peşəkarcasına iddiaçıya şər atmaqdan belə çəkinmədi. Guya iddiaçıya o pulu ona faizə vermişdir. Halbuki, belə olmamışdır. Cavabdeh bu günə qədər iddiaçıya müəyyən məbləğ ödəmişdir. Özünün də etirafı ilə iddiaçıya 6000 manat borcu qalmışdır. Polisin yanında olanda da iddiaçıya bildirdi ki, yavaş-yavaş ödəyəcək. Bu dəqiqə imkanı yoxdur. Bu adam dərk etmir ki, onun imkanının olmaması iddiaçıya aid deyildir. Təhqiqatçının qərarından 2 ay keçməsinə baxmayaraq, pulunu qaytarmır, telefonla əlaqə saxlayıb pulunun qaytarmasını bildirdi, həmin zaman iddiaçıdan bir neçə gün vaxt istədi, yenə razılaşaraq qısa zamanda pulunu qaytarmasını bildirdi. Pulu qaytarmayanda telefonla əlaqə saxladıqda iddiaçını təhqir etdi. Bu işdə onun əri də yaxından iştirak edir. İddiaçının həmin pula böyük ehtiyacı var. Başqa yolla ala bilmir məcbur qalıb məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Cavabdeh 6000 manat, dövlət rüsumu üçün ödənilmiş 80 manat olmaqla, cəmi 6080 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra İddiaçı onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, hüquqlarını müdafiə etdiyi İddiaçı Şahhüseyn qızı pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımın göstərilməsi üçün vəkil ilə müqavilə bağlamışdır. Müqaviləyə uyğun olaraq vəkilə 525 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bu isə iddiaçının əlavə olaraq zərərə düşməyi deməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən hazırda iddia ərizəsi üzrə tələb edilən məbləğ 6525 manat təşkil edilir. İddiaçının tələb etdiyi məbləğin 6525 manat olaraq tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı ilə 4-5 il bundan əvvəl tanış olmuşdur. İddiaçı sələmə pul verirdi. İddiaçıdan ay ərzində 5000 manat məbləğində pul götürmüşdür. İddiaçıya sələmə pul götürmək istədiyini bildirdiyində qeyd eləmişdir ki, bu işlə başqası məşğul olur. 1000 manata 150 manat pul ödəyirdi. Daha sonra yenidən 1000 manat götürdü. Daha sonra bildirdi ki, başqa şəxsdən pulu götürür və əlavə olaraq 30 manat da ona verməlidir. İşləri yaxşı olduğundan borcu qaytara bilirdi. Daha sonra 1 il keçdikdən sonra 1000 manat götürdü. “Səfərli” Ticarət Mərkəzində görüşüb pulu verirdi. Ayrı-ayrı vaxtlarda ümumi olaraq 7100 manat pul götürmüşdür. Sentyabr ayının əvvəlindən dekabrın ayının 28-nə kimi ödənişlər etmişdir. Daha sonra bildi ki, ticarət mərkəzi satılır. İddiaçıdan biraz vaxt verilməsini xahiş etsə də, o, buna məhəl qoymayaraq polisə müraciət etmişdir. İzahatında götürdüyü məbləği qeyd etmişdir. Faizləri ödədikdən sonra hazırda borcu 6000 manat məbləğində təşkil edir. Borcu ödəməkdən yayınmır və hissə-hissə ödəyə bilər.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

8. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları

9. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-in 86.1-ci və 39.1.1-ci maddələrinə əsasən rədd edilməsi, İddiaçı maddi ziyanla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

10. Həmin qərardan görünür ki, İddiaçı izahatında təxminən 13 il müddətdir ki, Sumqayıt şəhəri, Karvan TM ərazisində xadimə işlədiyini, hazırda 2 ay müddətdir ki, təqaüdə çıxdığını, xadiməçi işlədiyi müddətdə Karvan TM-də paltar satışı ilə məşğul olan Təranə adlı qadını tanıdığını və münasibətinin yarandığını, Təranə ona pulu olmadığını, lakin pulu olarsa ucuz qiymə paltar alıb satış edərək yaxşı qazanc əldə edəcəyini təklif etdikdə onunla razılaşdığı və 2024-cü il 15 noyabrdan 17 dekabr tarixinə qədər olan müddət ərzində ondan 7100 manat pul aldığını, daha sonra Təranə ona işi qura bilmədiyini, pulları xərclədiyi bildirdiyini, Təranə ondan aldığı puldan 700 manat pul qaytarsa da yerdə qalan pulu bu günədək müxtəlif bəhanələr gətirərək qaytarmadığını bildirmişdir.

11. Həmin qərardan görünür ki, əsasən Cavabdeh izahatında təxminən 7-8 il müddətdir ki, Sumqayıt şəhəri ərazisində 34-cü məhəllə ərazisində yerləşən Səfərli TM-də paltar satışı ilə məşğul olduğunu, Xanımgül adlı qadını uzun müddətdir ki, tanıdığını, onun işlədiyi Ticarət Mərkəzin qarşısında xadiməçi işlədiyini və belə tanışlığının yarandığını, onunla söhbət əsnasında özünə pul lazım olduğunu dedikdə Xanımgülün ona tanışının faizə pul verdiyini dediyini, 2024-cü ilin avqust ayından dekabr ayının sonuna qədər olan müddət ərzində ondan hissə-hissə olmaqla 71 manat faizə pul aldığını, aldığı pulun müqabilində aylıq 1200 manat qaytarmalı, əlavə olaraq da ona 30 manat hörmət edəcəyi barədə razılığa gəldiklərini, ümumilikdə Xanımgülə avqust ayından dekabr ayı daxil olmaqla aylıq 750 manat əlavə olaraq da hər 1000 manata 30 manat ödəniş etdiyini, aldığı pulları sadəcə borc, yəni faizə aldığını, həmin pulları hər hansı iş görmək məqsədilə almadığını, hal-hazırda sonuncuya 6000 manat borcu olduğunu və ödəniş etmək imkanı olmadığını bildirmişdir.

12. İşin materiallarında olan İddiaçı ilə Nümayəndə arasında bağlanmış xx.xx.2025ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqi xidmətin dəyəri 525 manat məbləğində müəyyən edilmişdir.

13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, 416973*2636 saylı karta 525 manat məbləğində ödəniş edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərara əsasən izahatında İddiaçı 6000 manat borcu olduğunu etiraf etmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırda iddiaçı borcun qaytarılmasını tələb edir, cavabdeh də iddianı qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

20. Göründüyü kimi borc məbləği 3000 manatdan çox olduğuna görə, məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə əsassız varlanmaya dair maddi hüquq normaları tətbiq olunmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

22. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

23. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

24. Məhkəmə qeyd edir ki, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, bu halda iddiaçının tələb etdikləri sübut olunur. Halbuki, sübutetmə yükü cavabdehin iddiaçının bildirdiklərini təsdiq etdiyi andan cavabdehə keçib və borcu qaytarmağını, ona borcunun olmadığını iddiaçı deyil, cavabdeh sübut etməlidir. Yekun nəticə olaraq cavabdehin iddiaçıya borcu olduğu təsdiq olunur, lakin cavabdehin iddiaçıya pulu qaytarmağı sübut olunmur.

25. İddianın hüquqi yardıma görə ödənilmiş 525 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

26. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

27. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, Cavabdeh 6000 (altı min) manat məbləğində pul, 80 (səksən) manat ödənilmiş dövlət rüsumunun, habelə 525 (beş yüz iyirmi beş) manat hüquqi yardımın əvəzi alınaraq İddiaçı ödənilməlidir.

30. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul, 80 (səksən) manat ödənilmiş dövlət rüsumunun, habelə 525 (beş yüz iyirmi beş) manat hüquqi yardımın əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar