Məhkəmə qərarları › İş №2(060)-3478/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3478/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3478/2022 14.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" QSC BOKT-un etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X14, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" QSC BOKT-un Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə və iddiaçı Cavabdeh "xxxx" QSC- BOKT-a qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" QSC BOKT Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə əsas borc üzrə 1 256 250.00 (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat, faiz borcu üzrə 158.287.50 (yüz əlli səkkiz min iki yüz səksən yeddi manat, 50 qəpik) manat olmaqla, cəmi 1 414.537.50 (bir milyon dörd yüz on dörd min beş yüz otuz yeddi manat, 50 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 1497,27 (min dörd yüz doxsan yeddi manat 27 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh "xxxx" QSC BOKT-a qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında tərtib olunmuş xx.xx.2014-cü il tarixli 11358 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin iddiaçı Cavabdeh hesabından silinməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QSC BOKT iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“Bank Aktivlərinin X17” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “Bank Aktivlərinin X17” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər SFK-34 saylı, 19 iyun 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nəqliyyat filalı ilə Cavabdeh arasında xx.xx.2014cü il tarixdə, N 11358 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 12 % tətbiq edilməklə, 60 ay müddətinə 1 256 250 (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır. Qeyd olunan Kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 12 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh təhvil verilmiş akta əsasən müqavilə üzrə hazırda olan əsas borc üzrə 1 256.250.00 (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat, faiz borcu üzrə 158 287.50 (yüz əlli səkkiz min iki yüz səksən yeddi manat, 50 qəpik) manat olmaqla, cəmi 1 414.537.50 (bir milyon dörd yüz on dörd min beş yüz otuz yeddi manat, 50 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh isə iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nəqliyyat filalı ilə onun arasında xx.xx.2014-cü il tarixdə, 11358 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ona illik 12 % tətbiq edilməklə, 60 ay müddətinə 1 256 250 (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. Əslində həmin vaxt ona heç bir pul vəsaiti verilməmişdir. Həmin müqavilədə qeyd olunan pullar bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı 14 oktyabr 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Əfqan Hacıyev, hakimlər Fikrət Qəribov və Zeynal Ağayev) “İnter Sekyuriti MMC-nin rəhbəri İbrahim Hüseynov bankın digər rəhbər işçiləri ilə, o cümlədən "xxxx" ASC-nin İdarə Heyətinin sədri X12 əlbir olub külli miqdarda bankın vəsaitlərini mənimsəməyə görə uzun müddətli həbs cəzalarına məhkum olunmuşlar. Bakı Apelyasiya Məlıkəməsinin 1(103)-845/2017 saylı 01 iyun 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanmış və həmin tarixdən hökm qanuni qüvvəsini almışdır. Həmin hökmə əsasən iddiaçının adına rəsmiləşdirilmiş, yuxarıda qeyd olunan müqavilə külli miqdarda pul vəsaiti iş üzrə keçən təqsirləndirilən şəxslər tərəfindən mənimsənilmişdir. Göründüyü kimi, adına kredit müqaviləsi rəsmiləşdirilsə də, həmin müqavilə üzrə Kredit vəsaitləri ona verilməmişdir. Bu hallar qanunla qüvvəyə minmiş hökmlə tam təsdiqini tapır. Ona görə də cavabdehlə bağlanmış qeyd olunan müqavilə uydurma əqd olduğundan etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X24 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia ərizəsində qeyd olunan məbləğ cavabdehə heç bir təminat olmadan verilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh iddia ərizəsinin məzmuna uyğun izahat verərək bildirdi ki, qeyd olunan məbləğdən xəbəri yoxdur. Qeyd edilən böyük məbləğdə pulun heç bir təminat olmadan adi vətəndaşa verilməsi inandırıcı deyil. Belə ki, bankdan 5000 manat kredit götürmək istədikdə belə bank vətəndaşın qarşısında bir neçə şərt qoyur. Onun adına isə heç bir əmlak yoxdur, həmin vaxt Beynəlxalq Bankın işçisi kimi, 450-500 manat məbləğində əmək haqqı almışdır. Qeyd edir ki, onu və bankın bir neçə başqa işçisini çağırıb yeni əmək müqaviləsi bağlamaq adı ilə aldadaraq müqaviləyə imza etdirmişdilər. Qeyd edilənlərə əsasən Cavabdeh kredit müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nəqliyyat Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixdə, 11358 saylı Kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh 12 faiz olmaqla 60 ay müddətinə ******* (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixli məxaric qəbzinə əsasən ******* manat pul Cavabdeh tərəfindən imza etməklə qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "Aqrarkredit” QSC tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər SFK-34 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən "Aqrarkredit” QSC-yə verilmişdir. Həmin aktdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas borc üzrə 1 256 250 (bir milyon iki yüz əlli altı min iki yüz əlli) manat, faiz borcu üzrə 158.287.50 (yüz əlli səkkiz min iki yüz səksən yeddi manat, əlli qəpik) manat olmaqla, cəmi 1 414.537.50 (bir milyon dörd yüz on dörd min beş yüz otuz yeddi manat, əlli qəpik) manat məbləğində borcu vardır. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "Aqrarkredit” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. İddiaçı Bank Aktivlərinin X17 Cavabdeh xx.xx.2021-ci il tarixli, 4544 saylı bildiriş ünvanlayaraq, borcun ödənilməsinin təmin edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə X8, X13, X20, X9, X15, X16, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1-ci, 179.3.2, 308.2, 309.2, 313-cü və digər maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşdurlar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" QSC BOKT-un Cavabdeh kredit müqaviləsi üzrə əsas borc üzrə 1 256 250 manat, faiz borcu üzrə 158.287,50 manat olmaqla, cəmi 1 414.537,50 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X8 "xxxx" ASC-nin İH-nin sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə təşkil etdiyi mütəşəkkil dəstənin üzvləri - həmin Cəmiyyətin Mərkəzi filialının müdiri vəzifəsində işləyən X15 və X13, qeyd olunan filialın müdir müavini, daha sonra isə müdiri vəzifələrində işləyən X9, Nəqliyyat filialının müdiri vəzifəsində işləyən X16, Nərimanov filialının müdiri vəzifəsində işləyən X7, qeyd olunan Cəmiyyətin balansında olan binaların mühafızəsini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsində işləyən X10, yaxın dostu X20 və qeyriləri ilə birlikdə 30 iyul 2008-ci il tarixdən 13 fevral 2015-ci il tarixədək olan müddət ərzində «Banklar haqqmda Azərbaycan Respublikası Qanunu»nun, həmin Qanunun teləblerindən irəli gələn Azərbaycan Respublikası Mərkəzi X26 tərəfinden 18 noyabr 2008-ci il tarixdə təsdiq edilərək 10 dekabr 2008-ci il tarixdə müvafiq qaydada dövlət qeydiyyatına alınmış «Banklarda kreditlərin verilməsi qaydaları»nın və «Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının apanlması və qiymətlilərinin inkassasiyasının təşkili qaydaları»nın, habelə "xxxx" ASC-nin Müşahidə Şurasının 27 may 2009-cu il tarixli, 51 N°-li protokolunun 2 N-İi qərarı ilə təsdiq edilmiş «Bankın kredit siyasəti»nin tələblərini pozaraq, eləcə də, 1.500.000 manat və ondan yuxarı məbləğdə verilən kreditlərin "xxxx" ASC-nin Müşahidə Şurasının qərarına əsasən rəsmiləşdirilməsini nəzərdə tutan həmin Şuranm 23 oktyabr 2009-cu il tarixli, 52 N-li protokolunun 2 N-İi qərarının tələblərinə əməl etməyərək xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla özü və digər şəxslər vasitəsi ilə "xxxx" ASC-nin fılial müdirlərinə qanunsuz göstərişlər verib kollegial orqanının etmək hüququ olduğu hərəkətləri təkbaşına etməklə Müşahidə Şurasının qərarı olmadan Nəqliyyat filialının müdiri Kənan Orucovun, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından o cümlədən Cavabdeh adına rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli 11358 nömrəli kredit müqaviləsinə əsasən 27 iyun 2014-cü il tarixdə 1.250.000 manat məbləğində pulu nağd şəkildə filialların aidiyyatı əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakını mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, Cavabdeh adına rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli 11358 nömrəli kredit müqaviləsinə əsasən verilməli olan 1.250.000 manat Cavabdeh tərəfindən qəbul edilməmiş, həmin vaxt "xxxx" ASC-nin İH-nin sədri vəzifəsində işləyən X8 27 iyun 2014-cü il tarixdə 1.250.000 manat pulu nağd şəkildə filialların aidiyyatı əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürmüş, beləliklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mütəşəkkil dəstə halında talayaraq mənimsəmişdir. Qeyd edilənlər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün məzmunundan görünür ki,İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülki iddiası təmin edilərək X2 7.007.423,87 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına verilməsi, Azərbaycan Beynəlxalq Bankı» ASCnin mülki iddiasının qismən təmin edilərək, X2 63.080.0550,98 manat pulun alınaraq "xxxx" ASC-yə verilməsi, X8 və X5 9.865.372,5 manatın müştərək qaydada alınaraq "xxxx" ASC-yə verilməsi, X8 və X4 1.515.000 manatın müştərək qaydada alınaraq "xxxx" ASC-yə verilməsi, X8 və X6 8.915.417 manatın müştərək qaydada alınaraq "xxxx" ASC-yə verilməsi, X8 və X1 1.627.786,52 manatın müştərək qaydada alınaraq "xxxx" ASC-yə verilməsi, X8 və X3 9.696.204,52 manatın müştərək qaydada alınaraq "xxxx" ASC-yə verilməsi, X8 və X11 7.301.080 manatın müştərək qaydada alınaraq "xxxx" ASC-yə verilməsi hökm edilmişdir. Göründüyü kimi, həmin hökmlə cinayət törətmiş şəxslər tərəfindən həm İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə, həm də "xxxx" ASC-yə vurulmuş maddi ziyanın, o cümlədən Cavabdeh adına 27 iyun 2014-cü il tarixli 11358 nömrəli kredit müqaviləsinə əsasən rəsmiləşdirilmiş və həmin şəxslər tərəfindən mənimsənilmiş 1.250.000 manat pulun tutulması barədə mülki iddialar təmin edilmişdir. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir, Cavabdeh adına rəsmiləşdirilmiş 27 iyun 2014-cü il tarixli 11358 nömrəli kredit müqaviləsinə əsasən 1.250.000 manat pulun bankın İH-nin sədri və bankın başqa əməkdaşları tərəfindən mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapdığından, eyni zamanda həmin müqavilə üzrə dəymiş ziyanın cinayət törətmiş şəxslərdən tutulması barədə mülki iddialar təmin edildiyindən hazırki iş üzrə iddiaçı "xxxx" QSC BOKT-un həmin kredit müqaviləsi üzrə cavabdehdən əsas və faiz borcunun tutulması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə Cavabdeh "xxxx" QSC BOKT-a qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə əlaqədar isə aşağıdakıları qeyd edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələr) Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı barədə iddialara baxılarkən məhkəmə ilk növbədə tərəflərin əsl niyyətinin hansısa hüquqi nəticə əldə etməyə yönəlib-yönəlmədiyini aydınlaşdırmalı, müqavilədəki iradə ifadələrinin həqiqi məzmununu müəyyən etməli, bu zaman tərəflərin müqavilədən öncəki və sonrakı davranışları nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" ASC-nin Nəqliyyat Filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 11358 saylı Kredit müqaviləsi aldadılma nəticəsində bağlanmış, müqavilə Cavabdeh həqiqi iradəsini ifadə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh "xxxx" QSC BOKT-a qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməli, Cavabdeh ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında tərtib olunmuş xx.xx.2014-cü il tarixli 11358 saylı kredit müqaviləsi etibarsız hesab edilməli, həmin kredit müqaviləsinə əsasən kredit borcu və ona hesablanmış faizlər iddiaçı Cavabdeh hesabından silinməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı Cavabdehnın iddia tələbi təmin edildiyindən onun məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul "xxxx" QSC BOKT-dan tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı "xxxx" QSC BOKT-un iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu kimi ödədiyi 1497,27 manat məbləğində pul onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" QSC BOKT-un Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması barədə iddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh "xxxx" QSC BOKT-a qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilsin. Cavabdeh ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11358 saylı kredit müqaviləsi etibarsız hesab edilsin. Həmin kredit müqaviləsinə əsasən kredit borcu və ona hesablanmış faizlər iddiaçı Cavabdeh hesabından silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar