Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-350/2025 04.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh iddiaçı «X3» ASC-nin xeyrinə 8380,06 manat əsas, 558,33 manat faiz, 30,52 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8968,91 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 110,09 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 46 ay müddətinə, illik 25% ödəmək şərtilə 8436 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 03 sentyabr 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 8380,06 manat əsas, 558,33 manat faiz, 30,52 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8968,91 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
Tərəflərin mövqeləri:
3. İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı tərəfindən tələb olunan borc məbləği ilə razı deyildir. Tədqiq olunan sübutlar:
5. İddiaçı «X3» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 58nkSUM/24 saylı kredit müqaviləsindən görünür ki, bank xx.xx.2027-ci il tarixinədək illik 25 faiz ödəmək şərtilə 8436 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi və ona bank hesabı (cari, kredit) açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
6. 58nkSUM/24 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, ödənişlərin icra edilməsi müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir.
7. 03.07.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı «X3» ASC tərəfindən cavabdehə müqavilə üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv olunması təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçı «X3» ASC tərəfindən tərtib edilmiş 03 sentyabr 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 58nkSUM/24 saylı kredit müqaviləsi üzrə 8380,06 manat əsas borc, 558,33 manat faiz borcu, 30,52 manat cərimə olmaqla, cəmi 8968,91 manat borcu vardır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2025-ci il tarixli, 9/366 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 20 fevral 2024-cü il tarixli, 58/nkSUM/24 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" KB ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 03 iyul 2024-cü il tarixə - pretenziya məktubu ilə müraciət olunduğu tarixə: əsas borc üzrə 8380,06 manat, faiz borcu üzrə 493,74 manat, 19 sentyabr 2024-cü il tarixə - əsas borc üzrə 8380,06 manat, faiz borcu üzrə 630,02 manat.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:
- Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
13. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
14. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, bank xx.xx.2027ci il tarixinədək illik 25 faiz ödəmək şərtilə 8436 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi və ona bank hesabı (cari, kredit) açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
15. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
16. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
17. Cavabdehin borc məbləği ilə razı olmaması səbəbindən məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və həmin ekspertiza tədqiqatının nəticəsi olaraq 20 fevral 2024-cü il tarixli, 58/nkSUM/24 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" KB ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 03 iyul 2024-cü il tarixə - pretenziya məktubu ilə müraciət olunduğu tarixə: əsas borc üzrə 8380,06 manat, faiz borcu üzrə 493,74 manat, 19 sentyabr 2024-cü il tarixə - əsas borc üzrə 8380,06 manat, faiz borcu üzrə 630,02 manat.
18. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
19. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bank 25%-lə cavabdehə kreditə verdiyi pul vəsaitinin ödənilməsini tələb edir. Ödənilməli olan əsas borca münasibətdə faiz məbləği tərəflərin razılaşması ilə müqavilə əsasında müəyyənləşdirilmişdir.
20. 03 sentyabr 2024-cü il tarixli maliyyə arayışında cavabdehin 558,33 manat faiz borcunun olduğu göstərilmişdir. İddiaçı cavabdehə 03 iyul 2024-cü il tarixdə pretenziya ilə müraciət edərək həmin dövrədək olan əsas və faiz borcunun ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsində təqdim edilmiş ekspert rəyi ilə iddiaçının cavabdehə pretenziya məktubu ilə müraciət etdiyi 03 iyul 2024cü il tarixə faiz bocunun 493,74 manat təşkil etdiyi müəyyən edilmişdir.
21. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.
22. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 493,74 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.
23. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
24. Məhkəmə işin hallarını, o cümlədən tərəflərin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 30,52 manat təşkil edən cərimə məbləğini məqsədəmüvafiq hesab edir.
25. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 8380,06 manat əsas borc, 493,74 manat faiz, 30,52 manat cərimə borcu olmaqla, cəmi 8904 (səkkiz min doqquz yüz dörd) manat, 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 109 (yüz doqquz) manat, 04 (dörd) qəpik hissəsi tutularaq «X3» ASC-yə ödənilməlidir.
Məhkəmə xərcləri:
26. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-6488/2024 saylı qərardadına əsasən iddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
27. 17.06.2025-ci il tarixdə qeyd edilən mülki iş üzrə ekspert rəyi və ekspertiza xərclərinə dair bildiriş məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə əsasən məhkəmə tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
28. Məhkəmə hesab edir ki, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir.
Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8380,06 manat əsas borc, 493,74 manat faiz, 30,52 manat cərimə borcu olmaqla, cəmi 8904 (səkkiz min doqquz yüz dörd) manat, 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 109 (yüz doqquz) manat, 04 (dörd) qəpik hissəsi tutularaq «X3» ASC-yə ödənilsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva