Məhkəmə qərarları › İş №2(060)-351/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-351/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-351/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 373,32 manat əsas borc, 49,88 manat faiz, 543,32 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 68,55 manat borc olmaqla, ümumilikdə 1035,07 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub LPO İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014cü il tarixli, 14/257 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25% olmaqla, 12 ay müddətinə 1100 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə, illik 25%-lə 1100 manat məbləğində kredit vermişdir. - xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh LPO İddiaçı ASC-ə 373,32 manat əsas borc, 49,88 manat faiz, 543,32 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 68,55 manat borc olmaqla, ümumilikdə 1035,07 manat borcu vardır. - xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü ildə bağlanmış kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 25%-lə 1100 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 373,32 manat əsas borc, 49,88 manat faiz, 543,32 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 68,55 manat borc, ümumilikdə 1035,07 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, iddianın müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 68,55 manat tələb olunması hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 9.1-ci bəndinə əsasən, Borcalan ödənişləri bu Müqavilənin 6.3-cü bəndinə əsasən müəyyən olunmuş gündən sonrakı 7 (yeddi) təqvim günü müddətində ödəmədikdə, hər gecikdirilən gün üçün ödənilməmiş borc məbləğinin 1 (bir) faizi miqdarında cərimə ödəməlidir. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və buna görə də azaldılmalı, yəni 38 manat müəyyən edilməlidir. İddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan və tutulmalı məbləğ 500 manatdan çox oduğundan ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 373,32 manat əsas, 49,88 manat faiz, 38 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 68,55 manat borc, ümumilikdə 529,75 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238-244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 373,32 manat əsas, 49,88 manat faiz, 38 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 68,55 manat borc, ümumilikdə 529,75 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar