Məhkəmə qərarları › İş №2(060)-3518/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3518/2023

17.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3518/2023 17.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)- 1967/2021 nömrəli qətnaməsinə əsasən, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş hər ay 175 (yüz yetmiş beş) manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay 220 (iki yüz iyrimi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və alimentin tutulmasını ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan nikah xx.xx.2018–ci il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfındən 2555 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə tez-tez mübahisələri yaranmış, əlaqələri tamamilə kəsilmiş və faktiki olaraq ayrı yaşamağa başlamışdırlar. Cavabdeh onu və övladlarını atıb getmiş, ümumiyyətlə maraqlanmamışdır. Uşağın tələbatlarını ödəməkdə çətinlik çəkdiyinə görə, boşanmadan aliment tələbi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-1967/2021 saylı qətnaməsinə əsasən, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçiin hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və 3 yaşı tamam olana qədər 50 (əlli) manat maddi yardımın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, cavabdehlə barışmaq, onların gələcək birgə ailə həyatları və ailənin qorunub saxlanması mümkün olmadığına görə Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)- 173/2022 saylı qətnaməsinə əsasən rəsmi nikahlarına xitam verilmişdir. Hazırda isə ölkədə bütün ərzaq məhsullarının eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Qeyd edir ki, hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği övladının tələbatlarını ödəmir. Gündəlik məişət, təhsil, həkim xərclərinin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Heç bir yerdən əlavə gəliri, qazancı yoxdur. Bu səbəbdən də, “alimentin miqdarının artırılması” tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tələb edilən alimentin məbləği çoxdur. O, 636 manat maaş alır. Hazırda isə iş olmadığından əmək haqqın ¾ hissəsini alır. İddiaçı onun əmək haqqının 70%-i tələb edir. O, xx.xx.2023-cü ildə yenidən rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bildirir ki, iddiaçıya yaranmış aliment borcu olduğundan hər ay onun əmək haqqından tutulmalar olur. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV 269066 saylı doğum haqqında şəhadətnaməniin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019cu il təvəllüdlü X4 adlı bir uşaqları vardır. İşdə olan AZ-İ 410096 saylı nikahın pozulması haqqında şəhadətnaməniin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 ilə Cavabdeh arasında olan nikah Qusar Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur və nikahın pozulması haqqında akt qeydləri kitabında 47 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1967/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və 3 yaşı tamam olana qədər 50 (əlli) manat maddi yardımın xx.xx.2021-ci tarixdən başlayaraq tutulub X3 verilməsi qət edilmişdir. İşdə olan Qusar Rayon Məhkəməsinin 2(029)-173/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə Məmmədova (Babaxayeva) Mariya Faik qızı arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 11 sentyabr 2018-ci il tarixli 2555 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 09 iyun 2019-cu il təvəllüdlü X2 anası Məmmədova (Babaxayeva) Mariya Faik qızının himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi Məmmədova (Babaxayeva) Mariya Faik qızının yaşayış yerinin müəyyən olunması qət edilmişdir. İş materiallarında olan AZ-İİ 570496 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X6 ilə xx.xx.2023-cü il tarixdə 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi şəhər Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 822 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyir və 684 manat əmək haqqı alır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1967/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşağın saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin əmək haqqının məbləğini və cavabdehin hazırda başqa şəxslə nikaha daxil olduğunu nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1967/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı alimentin tutulmasını ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməli, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən 220 manat aliment tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 540 ((220-175)x12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci hazırki iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunu əhatə etdiyindən həmin məbləğ Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1967/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 09 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar