Məhkəmə qərarları › İş №2(060)-3520/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3520/2023

31.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3520/2023 31.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ondan əsassız olaraq əldə etdiyi 2400 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan 3000 manat pulu borc kimi Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində almış, pulunu geri istədikdə geri qaytaracağını bildirmiş, iddiaçıdan möhlət istəmiş, hətta bir dəfə yanında fəhlə kimi çalışmağı da təklif etmişdir. Lakin ağır işlərdə işləyə bilmədiyi üçün bu təklifdən imtina etmişdir. Sonradan hətta iddiaçıya iş tapacağını söz verdiyini, lakin sözünə əməl etmədiyi və uzun müddət keçdiyi üçün iddiaçı əsəbləşib 102 xidmətinə məlumat vermişdir. Üzərindən 1-2 saat keçəndən sonra iddiaçıya zəng vurub borcunu qaytaracağını bildirdiyi üçün iddiaçı yenidən zəng vurub şikayətinin olmadığını bildirmiş, daha sonra 102 xidmətinə yenidən müraciət etmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09 oktyabr 2022-ci il tarixli qərardan da göründüyü kimi, aparılan araşdırma zamanı cavabdehin izahatı alınmış və o, öz izahatında bildirmişdir ki, iddiaçını dollar dəyişən Natiq kimi tanımış, dollar mübadiləsi etmişlər və 3000 manat borcu qalmış, daha sonra 600 manat verdiyi üçün 2400 manat borcu qaldığını söyləmişdir. Cavabdeh iş düzəltmə adı ilə iddiaçıdan o pul məbləğini almış, bu barədə Polis İdarəsində də bildirmişdir. Hal-hazırda da iddiaçıya olan borcu 2400 manatdır. Cavabdehə borc verərkən yanında Oktay adlı tanışı da olmuşdur. İddiaçı məhkəmə iclasında bildirdi ki, cavabdeh onun həmyerlisi və tanışıdır. 2022ci ilin sentyabr ayında oğlunu mühafizə işinə düzəltməsi üçün cavabdehə 3000 manat məbləğində pul vermişdi. Cavabdeh etibarından sui-istifadə etmiş, pulunu mənimsəmişdir. Pulunu qaytarması üçün ona etdiyi müraciətin nəticəsiz olduğunu gördükdən sonra 102-yə zəng edərək polisə ondan şikayət etmişdir. Bundan sonra cavabdeh iddiaçıya olan borcundan 300 manat, daha sonra 200 manat, sonra isə 100 manat olaraq ödənişlər etmişdir. Bu ödənişləri etdikdən sonra qalıq borcunu da ödəyəcəyinə söz verərək şikayət ərizəsini geri götürməyini xahiş etmişdir. Bundan sonra şikayət ərizəsini geri götürsə də, cavabdeh ona olan 2400 manat qalıq borcunu ödəməmişdir. Cavabdehə pulu verərkən yanlarında Oktay adlı tanışı olmuşdur. O, cavabdeh barəsində şikayət ərizəsi ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçını valyuta mübadiləsi aparan şəxs kimi tanıyır. Aralarında onunla 3-4 il əvvəl dollar mübadiləsi olmuşdur. İddiaçı ilə aralarında heç bir borc məsələsi, habelə oğlunu işə düzəltməyi ilə bağlı hər hansı bir razılıq olmamışdır. İddiaçı onun yanına gələrək valyuta mübadiləsindən sonra ona 2400 manat borcu qaldığını bildirmişdir. O, bununla razılaşmamış və iddiaçıya dəqiq hesablama aparmasını tövsiyyə etmişdir. Lakin, iddiaçı israrla borcu olduğunu bildirmiş və həmin pulu tələb etmişdir. Bu məsələ ilə bağlı onları bir dəfə Sumqayıt Şəhər Polis İdarəsinə çağırıblar. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1956-cı ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə məhkəmə sorğusu əsasında iddiaçının Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ünvanladığı müraciət üzrə materialı surəti məhkəməyə göndərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı 40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Öncə qeyd edilməlidir ki, iddia ərizəsində iddiaçı cavabdehə borc olaraq 3000 manat pul verdiyini, cavabdehin həmin məbləğdən 600 manat qaytardığını və qalan 2400 manatı qaytarmadığını bildirmişdir. Məhkəmə iclaslarında verdiyi izahatda isə iddiaçı cavabdehə həmin məbləği oğlunu işə düzəltmək məqsədi ilə verdiyini bildirmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında heç bir borc və yaxud işə düzəltmə məsələsinin olmadığını, iddiaçı ilə bir neçə dəfə valyuta mübadiləsi apardıqlarını və iddiaçının ondan 2400 manat pul tələb etdiyini bildirmişdir. Bu səbəbdən mübahisəyə Mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları tətbiq edilməlidir. Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). İddiaçı cavabdehə oğlunu işə düzəltmək üçün 3000 manat pul verdiyini bildirsə də, qeyd edilən halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının vəsatəti əsasında Sumqayıt şəhər Polis İdarəsi üçüncü Polis bölməsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın aid olduğu materiallar məhkəmə tərəfindən əldə edilmişdir. Həmin materiallardan da görünür ki, iddiaçı istintaq orqanına verdiyi izahatda cavabdehə oğlunu işə düzəltmək üçün 3000 manat pul verdiyini, cavabdehin həmin puldan 600 manat qaytardığını və 2400 manatı qaytarmadığını bildirmişdir. Cavadeh isə istintaq orqanına məhkəməyə verdiyi izahatla oxşar məzmunlu izahat vermişdir. İddiaçı cavabdehə pulun verilməsində Oqtay adlı şəxsin də iştirak etdiyini bildirmiş, lakin həmin şəxsi şahid qismində məhkəməyə təqdim etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin ondan əsassız olaraq əldə etdiyi 2400 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar