Məhkəmə qərarları › İş №2(060)-3526/2022

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-3526/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3526/2022 01.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1700 manat borcun, 39 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 100 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ondan xx.xx.2022-ci il tarixində nisyə alqı-satqı müqaviləsinə əsasən onun istifadəsində olan MOPEDİ (motosklet) almışdır. Cavabdehə verilmiş MOPED 1700 manata qiymətləndirilmiş və cavabdeh tərəfindən 5 (beş) ay ərzində (hər ay 340 manat) həmin məbləğ ona hissəhissə ödənilməli idi. Cavabdehlə hüquqi biliyi olmadığından nisyə alqı-satqı müqaviləsi əvəzinə aralarında xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt tərəflərindən imza edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməmiş, tərəflərindən olunmuş borcunun ödənilməsinə dair müraciətləri cavabsız qoymuş və nəticədə ona 1700 manat borcu müəyyənləşmişdir. Bildirir ki, bununla bağlı o, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Orada ərizəsinə əsasən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli məktubla bildirmişdirlər ki, müraciəti mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. Odur ki, o, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 1700 manat borcun, 39 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 100 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İddiaçı məhkəməyə yazılı ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmə iddiaçı İddiaçı izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli əlyazmasından görünür ki, Cavabdeh X1 məxsus mopedi keditə götürür. Mopedin dəyəri 1700 manat ilkin ödəniş 250 manat, qalan məbləği hissə-hissə 5 ay müddətinə tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 5-ci X6 Zəfər Məhərrəm oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sonuncunun 5-ci PB-nə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətində qeyd etdiyi xüsusatların mülki xarakterli olması nəzərə alınaraq aidiyyəti üzrə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə 101 manat ödəniş etmişdir. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 251-ci maddəsinə əsasən qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsinə qərara alır. Şərh edilənləri nəzərə alaraq məhkəmə, Cavabdeh 1700 (bir min yeddi yüz) manat məbləğində borcun, vəkilə görə ödənilmiş 100 (bir yüz) manat pulun və iş üzrə ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-240 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1700 (bir min yeddi yüz) manat məbləğində borcun, vəkilə görə ödənilmiş 100 (bir yüz) manat pulun və iş üzrə ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun tutulub İddiaçı ödənilsin. Cavabdeh qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar