Məhkəmə qərarları › İş №2(060)-3528/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3528/2021

24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3528/2021 24.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh Mixail oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Mixail oğluna qarşı “sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2011-ci il tarixli, 2(060)-2988/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq Cavabdeh Mixail oğlundan 23 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iştirak edən zaman iddia tələbini müdafiə edərək göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2011-ci il tarixli, 2(060)-2988/2011 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh Mikayıl oğlundan 09 iyun 2011ci ildən başlayaraq hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi mqidarında və 50 manat sabit pul məbləğində aliment tutularaq 23 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi, Cavabdeh Mikayıl oğlundan 20 (iyirmi) manat dövlət rüsumunun alınıb dövlət nəfinə verilməsi barədə qətnamə qət olunmuşdur. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşağın saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əlavə olaraq, cavabdeh sürücülük fəaliyyəti ilə məşğuldur. Bundan başqa təmir işləri ilə də məşğuldur. Onun aylıq gəliri 1000-1500 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2011-ci il tarixli, 2(060)-2988/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq Cavabdeh Mixail oğlundan 23 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh Mixail oğlu iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, 2009-cu il tarixində faktiki nikah qeydiyyatından keçməklə İddiaçı ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 23.03.2010-cu il təvəllüdlü X3 anadan olmuşdur. Hazırda o, 120 manat aliment ödəyir. Özü şirkətdə maşinist vəzifəsində çalışır. Aylıq maaşı 278 manat təşkil edir. Himayəsində xəstə atası, bacısı və bacısının iki uşaqları var. Lakin buna baxmayaraq, o, hər ay 130 manat aliment ödəyə biləcəyini qeyd edərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə İddiaçı və Cavabdeh Mixail oğlunun izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan, AZ-İİ № 685587 saylı, 24.06.2011-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X3 23.03.2010-cu il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 3002 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2988/2011 saylı, 25.07.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh Mikayıl oğlundan 09 iyun 2011-ci ildən başlayaraq hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 50 manat sabit pul məbləğində aliment tutularaq 23 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh Mixail oğlunun 24.05.2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı alimentin artırılması tələbinə dair bildirir ki, o, hər ay 120 manat aliment ödəyir. Özü şirkətdə maşinist işləyir və aylıq maaşı 278 manat təşkil edir. Hazırda iddianı qismən qəbul edir və ayda 130 manat aliment ödəyə bilər. İş materiallarında olan “xxxx” LTD-nin 04.05.2021-ci il tarixli, 35 saylı arayışından görünür ki, Cavabdeh Mixail oğlu 06.10.2020-ci il tarixində əmək müqaviləsi bağlanmış və hal-hazırda “xxxx” MMC-də Maşinist vəzifəsində işləyir və orta aylıq əmək haqqısı 278,52 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23 saylı Mənzil-Kommunal Sahəsinin 13.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Mixail oğlu Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, D/yol y/massivi, ev 2, mənzil 40-da qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23 saylı Mənzil-Kommunal Sahəsinin 13.02.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı oğlu Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, D/yol y/massivi, ev 4, mənzil 25-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2021-ci il üçün “X4” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 23.03.2010-cu il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2988/2011 saylı iş üzrə çıxartdığı 25 iyul 2011-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 23.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 175 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2988/2011 saylı 25 iyul 2011-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 23.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Mixail oğlundan hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh Mixail oğlundan 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar