Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3529/2023 30.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 30 oktyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6656.83 AZN əsas borc, 4358.76 AZN faiz borcu, 672.90 AZN cərimə borcu olmaqla, ümumilikdə 11688.49 AZN kredit borcu və 125.09 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 04 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23 faizlə 24 ay müddətinə 9800 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 04 mart 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmış və Zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il aprel ayının 28-dək Cavabdeh1 banka 04 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6656.83 AZN əsas borc, 4358.76 AZN faiz borcu, 2691.59 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 13707.18 AZN borcu vardır. Cavabdeh1 04 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 2691.59 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 672.90 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ekspert rəyi ilə razı deyil. Ekspert rəyində qeyd edilən borcun məbləği ilə onların tələbləri arasında böyük fərq var. Hesab edir ki, belə olan halda iş üzrə yenidən ekspertiza təyin olunmalıdır. Cavabdehin etdiyi ödənişlər iddiaçı tərəfindən əsas borca çıxıldığı halda ekspert həmin ödənişləri faiz borcundan çıxaraq hazırkı rəyi təqdim etmişdir. Görünür ki, ekspert silinmələri daha çox faiz borcu üzrə aparılıb. Hesab edir ki, ekspert tərəfindən aparılan hesablamalar üzrə səhvlərə yol verilib. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, Cavabdeh2 məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh1 bildirmişdir ki, Bankdan 9800 manat kredit götürmüşdür. Həmin vaxt valideynləri ona zamin durmuşdur. 3 ay sonra anası xərçəng xəstəliyi səbəbi ilə dünyasını dəyişmişdir. Həmin vaxt Banka ödənişlərdə gecikmələr yaranmışdır. Belə ki, bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya baş vermiş, onun iş yeri bağlanmışdır. Bununla əlaqədar bankla razılaşmış və onun krediti ikinci dəfə rəsmiləşdirilmişdir. Ona əlavə faiz borcu hesablanmışdır. Daha sonra pandemiya ilə əlaqədar ödənişləri yenə vaxtında edə bilməmişdir. Hətta o, bankla əlaqə saxlayaraq heç bir yerdə işləmədiyi üçün ödənişlər edə bilmədiyini bildirmiş, yeni bir razılıq əldə etmək üçün Bankın Baş İdarəsinə yaxınlaşmış, lakin heç bir nəticəsi olmamışdır. Belə ki, ona yenə əlavə faiz borcu hesablanması təklif edilmiş, o razılaşmamışdır. Hazırda banka hər ay 100 manat ödəniş edir. Onun fikrincə banka 6343 manat borcu qalıb. Lakin bank ondan 11000 manat pul tələb edir. O, banka dəfələrlə müraciət edərək, yeni ödəniş cədvəlinin verilməsini xahiş etmiş, lakin Bank ondan birdəfəlik ödəniş etməsini istəmişdir. Ekspert rəyində ekspert onun faiz borcunu azaltsa da, o hesab edir ki, faiz borcu tamamilə silinməlidir. Belə ki, kreditin vaxtında qaytarılmamasının səbəbi ondan asılı olmayan səbəblərlə, pandemiya ilə əlaqədar olmuşdur. Onu da qeyd edir ki, himayəsində 4 uşaq və xəstə atası var. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 04 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 6656.83 AZN əsas borc, 4358.76 AZN faiz borcu, 2691.59 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 13707.18 AZN borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 4-MZ2-1-0-147-19 nömrəli kredit müqaviləsi və ona edilmiş xx.xx.2019-cu il tarixli 4-MZ2-1-0-147-19 saylı Əlavədən görünür ki, "xxxx"ASC Cavabdeh1 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 9800 manat məbləğində kredit vermişdir. İşdə olan 04.3.2019-cu il tarixli kassa məxari orderindən görünür ki, 9800 manat məbləğində kredit Cavabdeh1 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 4-MZ2-1-0-147-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 9800 manat məbləğində kredit verilmiş və sözügedən müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, KBD-3108 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5418 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 04 mart 2019-cu il tarixli 4-MZ2-1-0-147-19 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2021-ci il tarixə borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: əsas borc üzrə 6359.19 manat, faiz borcu üzrə 1745.42 manat. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 4-MZ2-1-0-147-19 nömrəli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Cavabdeh1 Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində cavabdehdən 6656.83 AZN əsas borcun, 4358.76 AZN faiz borcunun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5418 saylı rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 6359.19 manat əsas, 1745.42 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. İddiaçının nümayəndəsi ekspert rəyinin düzgün olmadığını, ekspert tərəfindən silinmələrin bankın silinmələri ilə üst-üstə düşmədiyini bildirsə də, məhkəmə hesab edir ki, həmin hallar ekspert rəyinin düzgün olmadığı nəticəsinə gəlməyə əsas vermir. Belə ki, ekspert rəyində mübahisəli kredit müqaviləsi üzrə borcun məbləğinin fərqli müəyyən edilməsi məhz müqavilə üzrə ödənişlərin silinmə ardıcıllığının fərqli aparılmasından irəli gələ bilər. Bu halda həmin silinmələrin mülki qanunvericiliyin tələblərinə zidd olmaqla qanunsuz olduğunu sübut etmək yükü rəylə razılaşmayan, hazırki halda iddiaçı tərəfin üzərinə düşür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, ekspert rəyinin əsassız olmasını ekspertin hesablamalarını bankın hesablama qaydası (borcun silinmə ardıcıllığı) əsasında aparmaması ilə əsaslandırmışdır. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borc alan və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə 6359.19 manat əsas, 1745.42 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 672.90 manat cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 50 manat pul tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 70 faiz hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 125.09 manat dövlət rüsumunun 88 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 37.09 manat hissəsi isə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. İddia tələbi qismən (təxminən 70 faiz hissədə) təmin edildiyindən 50 manat ekspertiza xərcinin 35 manat hissəsi cavabdehlərə, 15 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6359,19 (altı min üç yüz əlli doqquz manat on doqquz qəpik) manat əsas, 1745,42 (bir min yeddi yüz qırx beş manat qırx iki qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 8154,61 (səkkiz min yüz əlli dörd manat altmış bir qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 88 (səksən səkkiz) manat hissəsi tutulsun. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 35 (otuz beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 15 (on beş) manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3529/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3529/2023
30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver