Məhkəmə qərarları › İş №2(060)-353/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-353/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-353/2024 29.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 4687 (dörd min altı yüz səksən yeddi) manat 16 (on altı) qəpik əsas borc, 378 (üç yüz yetmiş səkkiz) manat 77 (yetmiş yeddi) qəpik faiz və 161 (bir yüz altmış bir) manat 71 (yetmiş bir) qəpik cərimə olmaqla, ümumilikdə cəmi 5227 (beş min iki yüz iyirmi yeddi) manat 64 (altmış dörd) qəpik borcun, 72 (yetmiş iki) manat 28 (iyirmi səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 11 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 6500 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Təmraz oğlu ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2023-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4687 (dörd min altı yüz səksən yeddi) manat 16 (on altı) qəpik əsas borc, 378 (üç yüz yetmiş səkkiz) manat 77 (yetmiş yeddi) qəpik faiz və 161 (bir yüz altmış bir) manat 71 (yetmiş bir) qəpik cərimə olmaqla, ümumilikdə cəmi 5227 (beş min iki yüz iyirmi yeddi) manat 64 (altmış dörd) qəpik borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, o, 6500 manat kredit götürmüşdür. Onun 14 illik ailəsi dağılıb. Hazırda o, uşaqlarının saxlnılması üçün hər ay 380 manat aliment ödəyir. O, kredit götürəndə ailəli idi, ailəsi ilə birlikdə krediti ödəyirdi. Lakin hazırda o, həm aliment, həm də krediti birlikdə ödəyə bilmir. O, borcunu ödəməkdən boyun qaçırmır. Borcunu ödəməyə razıdır. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, digər cavabdeh olan qardaşının dedikləri ilə razıdır. Zahid kredit götürdüyü vaxt ailəli idi, ailəsi də ona dəstək olurdu. Ailəsi dağıldıqdan sonra alimenti krediti birlikdə ödəməyə gücü çatmadı. Ödəniş məbləği aşağı salınarsa onlarda krediti ödəyə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 11-Z1-1-0-975-22 saylı “Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh1 İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 6500 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə bağlanmış № 11-Z1-1-0-975-22 saylı Zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh2 ilə İddiaçı ASC-nin “Xalqlar” filialı arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən xx.xx.2022-ci il tarixli, № 11-Z1-1-0-975-22 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İşdə olan Kreditlərin Bərpası Departamentinin İnformasiya Sistemləri və dəstək şöbəsinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASCyə 4687 (dörd min altı yüz səksən yeddi) manat 16 (on altı) qəpik əsas borc, 378 (üç yüz yetmiş səkkiz) manat 77 (yetmiş yeddi) qəpik faiz və 161 (bir yüz altmış bir) manat 71 (yetmiş bir) qəpik cərimə olmaqla, ümumilikdə cəmi 5227 (beş min iki yüz iyirmi yeddi) manat 64 (altmış dörd) qəpik məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı “İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 11-Z1-1- 0-975-22 nömrəli “Kredit müqavilə”si üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 36 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görə də kreditorun borcun əsas hissəsinin, ona hesablanmış cərimə borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 161,71 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 15 manat müəyyən edilməlidir Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 4687 (dörd min altı yüz səksən yeddi) manat 16 (on altı) qəpik əsas borc, 378 (üç yüz yetmiş səkkiz) manat 77 (yetmiş yeddi) qəpik faiz və 15 (on beş) manat cərimə olmaqla, ümumilikdə cəmi 5080 (beş min səksən) manat 93 (doxsan üç) qəpik məbləğində borcun və 72 (yetmiş iki) manat 28 (iyirmi səkkiz) qəpik ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar