Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3535/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə müvəqqəti yaşayış hüququnun verilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kiçik övladı X3 18 yaşı tamam olanadək onun və övladları X4, X9, X5, X3 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evə müvəqqəti yaşayış hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ev Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmişdir. AR Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2-də yerləşən 54C saylı torpaq sahəsi mülkiyyət hüququ əsasında cavabdehə məxsusdur. Həmin torpaq sahəsi üzərində 3 otaqlı ev mövcuddur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-754/2023 saylı qətnaməsi ilə onun azyaşlı övladları-X4, X9, X5, X8 ilə birlikdə cavabdeh X1 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılmaqları qət edilmişdir. Həmin məhkəmə prosesində o, qeyd olunan mənzildən ona istifadə hüququnun verilməsi ilə bağlı qarşılıqlı iddia verməmişdir. Lakin belə hesab edir ki, onun həmin mənzildən azyaşlı uşaqlarında müvəqqəti yaşamaq hüququ vardır və bunu onunla əsaslandırır ki, cavabdehin həyat yoldaşı onun doğma xalası olmuş və xalası onu doğulduğu vaxtdan faktiki olaraq övladlığa götürmüş, onu böyütmüş, o, da onun ailə üzvü kimi Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 4a-da yerləşən, 4 saylı mənzilə qeydiyyata düşmüş, 2012-ci ildə həmin mənzili onun da razılıq ərizəsi ilə sataraq əldə olunmuş vəsait hesabına Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında fərdi yaşayış evi almış və köçərək bu evdə yaşamışlar. Onu da qeyd edir ki, onun ailənin ümumi təsərrüfatının formalaşmasında da xidmətləri olmuş, belə ki, 14 yaşından etibarən cabahdehin tələbi ilə əmək fəaliyyətinə başlamış və əldə etdiyi əmək haqqını mərhum xalasına və onun həyat yoldaşına-cavabdehə vermişdir. Mübahisəli evdə aparılmış təmir işlərində iştirak etmiş və bu məqsədlər üçün böyük məbləğdə vəsait sərf etmişdir. Hətta cavabdeh və mərhum xalası onların ondan başqa vərəsələrinin olmadığını bildirmiş və həmişə ona “biz vəfat edəndən sonra bu ev sənə qalacaqdır” demişlər. Onun keçmiş həyat yoldaşı ilə nikah münasibəti pozulduğu üçün bu evdə azyaşlı uşaqları ilə yaşayır və bu ev onun yeganə yaşayış yeridir. Özü heç yerdə işləmir, maddi vəziyyəti ağırdır, kirayə mənzil tutmaq onun maddi imkanı xaricindədir. Buna görə də o, qeyd olunan evdə ona azyaşlı uşaqları ilə müvəqqəti yaşayış hüququnun verilməsini məqsədəuyğun bilir. Belə hesab edir ki, qeyd olunan hallar nəzərə alınaraq ona və azyaşlı övladlarına müvəqqəti yaşamaq hüququ verilməlidir. İş üzrə İddiaçı qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı onun həyat yoldaşının bacısı qızıdır. O, iddiaçını övladlığa və himayəsinə götürməmişdir. Müvəqqəti olaraq onun evindən istifadə etməyinə icazə vermişdir. İddiaçının onun evində yaşaması hazırda onun hüquqlarını pozur. İddiaçı evin kommunal xərclərini belə ödəmir. Hazırda evin xeyli miqdarda kommunal borcu var. Onun mənzilinə maddi ziyan vuraraq evində olan əşyaları satırlar. Bundan başqa hazırki mülki iş üzrə iddiaçı və onun ailə üzvlərinə qarşı, ona mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhərinin Corat qəsəbəsi, 2, məhəllə, 54 C ünvanında yerləşən fərdi həyət evindən çıxarılmalarına dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-754/2023 saylı qətnaməsinə əsasən iddia tələbim təmin olunaraq cavabdehlərin fərdi həyət evindən çıxarılmaları qət edilmişdir. Qətnamədən narazı qalan həmin iş üzrə cavabdehlər apellyasiya şikayətilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1053/2023 saylı, xx.xx.2023 tarixli qətnaməsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023 tarixli, 2(060)-754/2023 saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Məhkəmə prosesində, hazırki iş üzrə iddiaçı xanım iştirak etmiş və onun, hazırki iş üzrə "mübahisəli" fərdi həyət evindən çıxarılmaya dair subyektiv hüququnun olmamasını, ona məxsus torpaq üzərində inşa edilmiş evin qanunsuz tikili olduğunu ifadə etmişdir. Ona görə də o,da bu cılız fikrin məhsulu olan "iddia ərizəsi"nə dair belə bir haqlı fikir formalaşır ki, necə olur, onun maraqlarına uyğun tələb irəli sürərkən, bu xanımın nəzərində qanunsuz, onun qanunsuz, haqsız və qərəzli "iddiası"nda isə, fərdi həyət evinin qanunsuz inşası barədə bir kəlimə də belə ifadə yoxdur. Beləliklə, iddiaçının iddia ərizəsi, ona daha çox ziyan vurmaq, qanunu görməzdən gəlmək və hörmətsizlikdən başqa bir şey deyildir. Ona görə də, iddia ərizəsinə etiraz edir, hesab edir ki, o araşdırılmadan iddiaçıya qaytarılmasına dair qərardad çıxarılmalıdır. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarından görünür ki, İddiaçı X6 ilə 2007-ci ildə rəsmi nikaha girmiş və birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüldü X8 adlı dörd övladları olmuşdur. Nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-754/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, cavabdehlər İddiaçı və X6 azyaşlı övladları ilə birlikdə iddiaçı X1 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılmaları qət edilmişdir. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1053/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş və cavabdehlər İddiaçı və X6 azyaşlı övladları ilə birlikdə iddiaçı X1 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X7 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X7 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli mənzilə dair istifadə hüququ əmələ gəlməmişdir. İstifadə hüququ olmadığı halda isə, yəni mövcud olmayan hüququn tanınması qeyri-mümkün olduğuna görə istifadə hüququnun tanınması barədə tələb irəli sürməsi əsassızdır. İddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması faktına dair isə məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat əmlak hüquqlarını yaratmır. Çünki qeydiyyatın məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmış və həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmədə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi və öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiklər halların sübut edilməsi barədə sübutları məhkəməyə təqdim etmədi. Belə ki, iddiaçı özü də izahatında qeyd edir ki, hazırda istifadə hüququnun tanınmasını tələb etdiyi evdə yaşasa da, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1053/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı və X6 azyaşlı övladları ilə birlikdə iddiaçı X1 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılmaları qət edilmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı evin əşyalarını talayaraq, evi yandıraraq evi tərk etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə müvəqqəti yaşayış hüququnun verilməsi tələbinə” dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-3535/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3535/2024
10.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver