Məhkəmə qərarları › İş №2(060)-3541/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3541/2022

24.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3541/2022 24.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı X4, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Yusubzadə İsmayıl Qurban oğlu Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qıızı ilə 17 oktyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü Yusubzadə Sami İsmayıl oğlu övladları dünyaya gəlmişdir. Birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X1 və 12. 02.2010-cu il təvəllüdlü Yusubzadə Sami İsmayıl oğlu onun himayəsindədir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci tarixli, 2(105)-1216/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, ilkin iddia üzrə Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü Yusubzadə Sami İsmayıl oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Yusubzadə İsmayıl Qurban oğluna verilməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bildirir ki, Cavabdeh birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cı təvəllüdlü Yusubzadə Sami İsmayıl oğlunun təhsil və sağlamlıq xərcləri ilə maraqlanmır. Övladlarının xərcləri yeterincə artıqdır. xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü Yusubzadə Sami İsmayıl oğlunun sağlamlıq və hazırlıq xərcləri Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(105)- 1216/2021 nömrəli qətnaməsi ilə tutulan alimentdən xeyli artıqdır. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci tarixli, 2(105)-1216/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü Yusubzadə Sami İsmayıl oğlunun yetkinlik yaşına çalanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat, ümumilikdə 386 manat miqdarın alimentin Yusubzadə İsmayıl Qurban oğluna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbini dəqiqləşməsi barədə ərizə təqdim edərək soyadının İusubzadə kimi dəyişdiriməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İusubzade İsmaıl, onun nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə etdiklərini bildirərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İusubzade İsmaıl, onun nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 9 gün əvvəlcədən poçt və telefon vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. Yusubzadə İsmayıl Qurban oğlu ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 xx.xx.2006-cı il tarixdə, Yusubzadə Sami İsmayıl oğlu isə xx.xx.2010-cu il tarixdə doğulmuşlar. Ataları Yusubzadə İsmayıl Qurban oğlu, anaları Cavabdehdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 306/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Yusubzadə İsmayıl Qurban oğlu ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 2705 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü Yusubzadə Sami İsmayıl oğlunun ataları Yusubzadə İsmayıl Qurban oğlunun yanında qalmaları və xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü Yusubzadə Sami İsmayıl oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 160 manat olmaqla,320 manat sabit pul məbləğində alimentin tutularaq Yusubzadə İsmayıl Qurban oğluna ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 45/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, birgə nikah dövründə əldə edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində 29 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmış, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 57A nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüququ üzrə paylar 2/3 (üçdə iki) hissədə İddiaçı Yusubzadə İsmayıl Qurban oğlunun, 1/3 (üçdə bir) hissədə isə Cavabdeh olmaqla müəyyən edilmişdir. Yuxarıda qeyd olunan qətnamədə həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli qətnaməsinə istinad olunmuşdur.Qətnaməyə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-306/2020 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, ilkin iddia üzrə Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü Yusubzadə Sami İsmayıl oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Yusubzadə İsmayıl Qurban oğluna verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “X6” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda iddiaçı X3 iki uşağın saxlanılması üçün ödənilən 170 manat məbləğində aliment uşaqlarının saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, fərd olaraq hər bir uşağın qanunvericiliyin tələbinə uyğun olaraq maddi cəhətdən sağlam şəraitdə yaşamaq hüququ təmin edilməlidir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin artılması ilə bağlı iddia irəli sürərkən tələbinin əsası təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə aktı ilə müəyyən edilmiş alimentin məbləğinin cari ildə məbləği dəyişdirilmiş, həmin vaxtdan qısa müddət keçməsinə baxmayaraq, cavabdehin maddi vəziyyətinə əsaslı dəyişikliyin olması iş materialları ilə təsdiq olunmamışdır. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1216/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh iddiaçı İusubzade İsmaılin xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü Yusubzadə Sami İsmayıl oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 95 manat olmaqla, cəmi 190 manat sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1216/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh iddiaçı X2 xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü Yusubzadə Sami İsmayıl oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 95 manat olmaqla, cəmi 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar