Məhkəmə qərarları › İş №2(060)-3550/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3550/2023

03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3550/2023 03.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, arvadı X2 2023-cü ilin yanvar ayında bacısı üçün ev almaq məqsədilə Cavabdeh məxsus Sumqayıt şəhəri, 4-cü mkr., ev 19/27., mənzil 106-1 mənzilinə baxaraq həmin mənzili bəyənmişdir. Bundan sonra arvadı bacısı ilə birlikdə Cavabdeh ilə həmin mənzildəki kombi aparatının, mətbəx mebelinin, kondisionerin, kitab şkafının və digər xırda əşyaların mənzildə qalması şərti ilə evin 65000 manata satılmasına razılığa gəlmişlər. İddiaçının arvadının bacısı həmin evin alınması ilə bağlı beh qoyulması üçün iddiaçıya 500 manat pul vermişdir. 2023-cü ilin yanvarın 24-də iddiaçı ev sahibi Cavabdeh ilə görüşüb beh olaraq 500 manatı pul vermişdir. Cavabdeh tanıdığı üçün həmin behi notarial qayda da rəsmiləşdirməmişlər. 2023-cü ilin yanvarın 28də iddiaçı Cavabdeh bildirmişdir ki, baldızının 5-6 min manatı çatmır, həmin pulu bankdan kredit götürəcək, maksimum alqı-satqını 20-25 günə həyata keçirəcəklər. 2023-cü ilin fevralın 15-də Cavabdeh zəng edərək ona məxsus mənzilin alqı-satqısı ilə bağlı notariusa getməyi təklif etmişdir. Lakin Cavabdeh telefonda iddiaçıya bildirmişdir ki, həmin mənzili satmır. İddiaçı ondan behi geri qaytarmasını tələb etsə də cavabdeh həmin behi geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra iddiaçı Sumqayıt şəhər Polis İdarəsinin İ Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin 1 Polis idarəsində verdiyi izahatında həqiqətəndə ona məxsus Sumqayıt şəhəri, 4-cü mkr, ev 19/27, 106 saylı mənzilin satışı ilə bağlı iddiaçıdan 500 manat beh aldığını etiraf etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1 Polis Bölməsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olumuşdur ki, ərizədə göstərilmiş xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Ona görə də cavabdehdən ona ödədiyi 500 manat pulun geri alınması ilə bağlı hazırki, iddia tələbi ilə Məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, baldızı üçün ev axtaranda 2023-cü ilin yanvar ayının 21-i, ya da 22-si Cavabdeh evini tapıb, bəyənmiş və evin qiymətini 65000 manata razılaşmışlar. Sonra yanvar ayının 24-də Anarla görüşüb ona 500 manat beh vermişdir. Daha sonra yanvar ayının 28-də Anarla görüşmüş və Anara 58000 manat pullarının olduğunu, yerdə qalan məbləğin çatışmadığını, əgər ona təcili pul lazımdırsa, 58000 manatı ona verə biləcəklərini, yerdə qalan məbləğ ilə bağlı 1 ay müddətinə notarial qaydada nisyə alqı-satqı müqaviləsi bağlaya biləcəklərini bildirmişdir. Anar ona bir-birilərini tanıdıqları üçün problem olmayacağını söyləmişdir. 2023-cü ilin fevral ayının 15-də Anara zəng edib pulun hamısının hazır olduğunu, evi alqı-satqı edə biləcəklərini söyləmiş, Anar isə artıq evi satmadığını bildirmişdir. Anarın evi satmamasına ehtimalı budur ki, Türkiyədə zəlzələ olmuş, bu da evlərin qiymətlərinin artmasına təsir göstərməkdən əlavə, insanların yeni tikili bina evlərinə etibarının itməsinə təsir göstərmişdir. Anara verdiyi 500 manatı qaytarmasını istədikdə Anar behi verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, Kənanı əvvəldən tanıyır. Kənan baldızı üçün onun evini almaq istəmişdir. Onlar danışmış, evin qiymətinin 65000 manat olduğunu və nə qədər israr etmələrinə baxmayaraq, 65000 manatdan aşağı düşməyəcəyini də bildirmişdir. Kənan evə görə ona 500 manat beh vermişdir. Kənandan evin alqı-satqısını nə vaxt edəcəklərini soruşanda Kənan evin alqı-satqısının yanvar ayından fevral ayına keçməyəcəyini söyləmişdir. Sonra birinci gün Kənan ona zəng vuraraq işlərinin alınmadığını bildirərək 3-cü günə kimi möhlət istəmişdir. Həftənin 3-cü günü, artıq fevral ayına təsadüf etmişdir. Bundan sonra Kənanla görüşmüş, Kənan bank məsələsinin düzəlmədiyini və işlərinin danışdıqları kimi alınmayacağını bildirmişdir. Bundan sonra Kənana ona ziyan vurduğunu demişdir. Belə ki, Anar iddiaçının ona verdiyi 500 manatın üzərinə 500 manat qoyaraq yeni mənzil almaq üçün 1000 manat məbləğində beh vermişdir. Kənanla danışanda hələ Türkiyədə zəlzələ olmamış, Türkiyədəki zəlzələ fevral ayının ya 6-sı, ya da 7-sinə təsadüf etmişdir. Kənan behi ondan Türkiyədə zəlzələ olmamışdan qabaq istəmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, İddiaçı onun bacısının əridir. Bacısıgil Sumqayıtda, özləri isə Bakıda yaşayırlar. Sumqayıtdan ev almaq üçün bacısı ilə onun ərinə ev tapmaqlarını xahiş etmişdir. Bacısının əri İddiaçı ev tapdıqdan sonra oğlu və Kənan ilə birlikdə həmin evə baxmağa getmiş, evi bəyənmişdir. Evin qiymətini 65000 manat razılaşmışlar, bununla bağlı 2023-cü ilin yanvar ayının 24-də Kənana 500 manat vermişdir ki, beh kimi Anara versin. Beh verəndən sonra pulunun müəyyən hissəsinin çatmadığını, pulun qalan hissəsini düzəldəcəyini bacısının ərinə söyləmişdir. Kənan Cavabdeh evi satmağa tələsdiyini, bildirmişdir. Fevral ayının 15-də pulun çatışmayan hissəsini də düzəltmiş və Kənana zəng vurub pulun hazır olduğunu söyləmişdir. Kənan da Cavabdeh zəng vurub pulun hazır olduğunu bildirəndə Cavabdeh evi artıq satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, X3 onun bacısıdır. Bacısı Sumqayıt şəhərində ev almaq istədiyini buna görə də ev tapmağı ondan xahiş etmişdir. Bacısına görə əri ilə Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 19/27 saylı evin 106 saylı mənzilinə əri ilə birlikdə baxmağa getmiş, bəyənmişdir. Cavabdehə məxsus evin qiyməti 65000 manat dəyərində müəyyən olunmuşdur. Bacısı onun ərinə cavabdehə beh verməsi üçün 500 manat pul vermişdir. Əri də öz növbəsində həmin pulu cavabdehə vermişdir. Bundan sonra bacısı evin ümumi dəyərinə bir az pulunun çatmadığını bildirmişdir. Əri pulun çatışmadığını cavabdehə bildirdikdə cavabdeh nisyə ev satmadığını söyləmişdir. Bacısı fevral ayının 15-də mənzilin pulunu tamamladıqdan sonra alqı-satqı üçün cavabdə müraciət etsə də, cavabdeh evi satmaqdan imtina ediyini bildirmişdir. Bununla belə Türkiyədə olan zəlzələ ilə əlaqədar bina evlərinin qiymətinin qalxdığını bildirmiş, ona verilən 500 manat behi də qaytarmaqdan imtina etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: DİN Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 ərizəsində qeyd edilən xüsusatların mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı tələbinin hüquqi əsası kimi cavabdehə verdiyi behi ona qaytarmasını xahiş edir. İşdən və iş materiallarından, həmçinin məhkəmə iclasında dindirilən şahid ifadələrindən məlum olur ki, İddiaçı cavabdehə məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 19/27 saylı evin, 106 saylı mənzili 65000 manat dəyərinə baldızı üçün almaq barədə cavabdehlə razılaşmışdır. Bundan sonra alqı-satqı edənədək 24 yanvar 2023-cü il tarixdə Cavabdeh 500 manat beh iddiaçı tərəfindən verilmişdir. Tərəflər arasında bağlanmış şifahi beh müqaviləsinə görə iddiaçı cavabdehə məxsus evin 65000 manat dəyərinin yanvar ayının sonunadək ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin yanvar ayının sonunda Kənan Anara pulun tam hazır olmadığını bildirmiş və 58000 manat ödəməklkə nisyə alqı-satqı etmələrini xahiş etmişdir. Cavabdeh bu təkliflə razılaşmamışdır. Göründüyü kimi İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı iddia edir ki, cavabdehin evi satmamasına səbəb Türkiyədə baş verən zəlzələ ilə əlaqədar bina evlərinin qiymətlərində baş verən artım olmuşdur. Lakin iddiaçının öhdəliyini yerinə yetirmədiyi vaxt Türkiyədə zəlzələ olmamışdır. Belə ki, Türkiyədə baş verən zəlzələ 2023-cü ilin fevral ayının 6-na təsadüf edir. İddiaçı iddia edir ki, 24 yanvar 2023-cü il tarixdə beh verərkən alqı-satqını fevral ayının sonunadək həyata keçirəcəkləri barədə cavabdehlə razılaşmışlar, cavabdeh isə iddia edir ki alqı-satqının 2023-ci ilin yanvar ayının sonunadək həyata keçirməyə razılaşmışlar. Bu hissədə məhkəmə iddiaçının dediklərinə tənqidi yanaşır, belə ki, iddiaçı dediyi kimi 2023-cü ili fevral ayının sonunadək razılaşma olsa idi, belə olan halda iddiaçı 2023-cü ilin yanvar ayının sonunda cavabdehə nisyə alqı-satqı edə biləcəklərini və tam vəsaitlərini çatmaması barədə bildirməsinə zərurət qalmırdı. Məhkəmə şahidlərin ifadələrinə dair qeyd edir ki, həmin şəxslər behin verilməsində iştirak etmədikləri üçün, alqı-satqıya dair müddətlər barədə məlumatlı olmayıblar, yalnız sonradan iddiaçının dediklərinə istinad edirlər. Məhkəmə hesab edir ki, alqı-satqı müddəti barədə cavabdehin gətirdiyi dəlillər daha ağlabatındır, iddiaçı götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh 500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar