Məhkəmə qərarları › İş №2(060)-3550/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3550/2025

02.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3550/2025 02.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən övladı xx.xx.2012-ci il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazanc və gəlirinin 1/4 hissəsi miqdarında və 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli 2(105)-2328/2022 saylı qətnaməsi ilə qarşı tərəfin apellyasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi «50 manat sabit pul məbləğində alimentin tutulması» hissəsində ləğv edilmişdir. Lakin onun hazırda ödədiyi aliment uşağın maddi tələbatlarını ödəmir. Belə ki, Respublika üzrə 1 uşağın saxlanılması minimumu 235 manat təşkil edir, oğlu məktəblidir, onun maddi məsrəfləri durmadan artır, lakin iddiaçı bu məsrəfləri qarşılamaq imkanında deyildir, bu da uşağın mənafeyinə təsir göstərir. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(105)-2328/2022 saylı qətnaməsi ilə qət edilmiş alimentin dəyişdirilməklə xx.xx.2012-ci il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatanadək saxlanılması alimentin sabit pul məbləğində, respublika üzrə müəyyən edilmiş yaşayış minimumunun 0,70 misli məbləğində müəyyən edilməsi və mediasiya xərcinin cavabdehdən iddiaçının nəfinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 833554 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 24 yanvar 2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

7. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(060)-2080/2022 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixdə, Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X1 İddiaçı yanında saxlanması, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) 1/4 hissəsi miqdarında və 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması xx.xx.2022-ci il tarixindən hesablanması, **-RG-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Tucson” markalı nəqliyyat vasitəsi üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun 25 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2328/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(060)- 2080/2022 nömrəli qətnaməsi «50 manat sabit pul məbləğində alimentin tutulması» hissəsində ləğv edilməsi, iddia həmin hissədə təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(060)-2080/2022 nömrəli qətnaməsinin apellyasiya şikayəti ilə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 03 dekabr 2024-cü il tarixində verilmiş AZ-İ № 500464 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Sumqayıt Apellyasiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş, bu barədə 23 noyabr 2024-cü il tarixində 477 nömrə ilə qeyd edilmişdir.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-01562 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

11. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi müəllim, ümumi təhsil məktəbi vəzifəsində çalışır, aylıq əmək haqqı isə 951,47 manatdır.

12. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh "Sumqayıt Tibb Mərkəzi" PHŞ-də həkim vəzifəsində çalışır, aylıq əmək haqqı isə 1450 manatdır.

13. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə 524375*****8313 nömrəli kart hesabına 122,48 manat pul köçürülmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından bir yetkinlik yaşına çatmayan övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(060)-2080/2022 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixdə, Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2012ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanması, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) 1/4 hissəsi miqdarında və 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Daha sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2328/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(060)- 2080/2022 nömrəli qətnaməsi «50 manat sabit pul məbləğində alimentin tutulması» hissəsində ləğv edilməsi, iddia həmin hissədə təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(060)-2080/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi ilə təyin edilmiş alimentin məbləği hazırda uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin sabit məbləğdə müəyyən olunması, yəni cavabdehdən hər ay yaşayış minimumunun 0,70 misli həddində sabit pul məbləğində aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

17. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

18. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

19. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

20. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsi təmin edilməlidir.

22. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

23. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

24. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin hal-hazırda rəsmi iş yeri vardır. Bu səbəbdən cavabdehdən hər ay qazancının (digər gəlirlərinin) dörddə bir hissəsi həcmində (təxminən 122,48 manat) aliment tutulur. Hazırda iddiaçı həmin məbləğin uşağın saxlanılması üçün kifayət etmədiyini, uşaqlar üçün yaşayış minimumunu əsas götürərək, alimentin sabit pul məbləğində tutulmasını tələb edir.

25. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə aliment 2 formada tutula bilər: 1) qazancın (gəlirin) müəyyən hissəsi kimi; 2) sabit pul məbləğində.

26. Bundan əvvəlki qətnamə ilə qət edilmişdir ki, aliment qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulsun. Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunub ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. O cümlədən, Mülki Prosessual Məcəllənin 233.4-cü maddəsində qeyd olunub ki, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

27. Göründüyü kimi, bu maddələr alimentin miqdarını dəyişmək səlahiyyəti verir. Həmin maddələrin tələbi baxımından alimentin tutulması formasının da dəyişdirilməsi mümkündür, çünki formanın dəyişdirilməsi nəticə etibarilə miqdarın dəyişməsinə səbəb olur.

28. Alimentin tutulması formasının dəyişdirilməsi (qazancın müəyyən hissəsi əvəzinə sabit pul məbləğində tutulması) Ailə Məcəlləsinin 78.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olduğu halda mümkündür. Həmin maddədən görünür ki, bu əsasların sırasına “alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozması” da aiddir. Alimentin qazancın müəyyən hissəsi kimi tutulması iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, cavabdehin əmək haqqının müəyyən hissəsi kimi tutulma təxminən 122,48 manat təşkil edir. Bu məbləğ də «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qeyd olunmuş məbləğə uyğun deyildir. Bu hal iddiaçının marağının əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Odur ki, alimentin tutulma forması dəyişdirilməli, aliment sabit pul məbləği kimi tutulmalıdır.

29. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

30. Belə ki, 2025-ci ildə minimum əməkhaqqı 400 manat müəyyən edilmişdir.

31. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini, tərəflərin izahatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir.

32. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf hər ay sabit pul məbləğində minimum əmək haqqının 0,70 misli həddində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

33. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

34. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır.

35. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi iddiaçı da valideyn olaraq öz uşağını saxlamağa borcludur.

36. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

37. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

38. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

39. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

40. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

41. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

42. Beləliklə, məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı birgə nikahdan olan uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən müəyyən müddət keçdiyini və bu müddət ərzində uşağın böyüməklə tələbatlarının da artdığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2328/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh aylıq əmək haqqının 1/4 hissəsi miqdarında tutulmuş aliment dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2328/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh aylıq əmək haqqının 1/4 hissəsi miqdarında tutulmuş aliment dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar