Məhkəmə qərarları › İş №2(060)-3582/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3582/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3582/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 1640,66 manat məbləğində kredit borcu, 264,97 manat faiz borcu və 221,49 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə, 2127,12 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 03.01.2019-cu il tarixli, 001A********** saylı kredit müqaviləsinə əsasında aylıq faiz dərəcəsi 2,0833% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 27.01.2020-ci il tarixli 001A190031421S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişləri dəfələrlə yubatmış, kredit müqaviləsi üzrə 15.09.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1359,34 manat ödəniş etmiş, onun iddiaçıya 1640,66 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 28.01.2021-ci il tarixə 135 gün üçün hesablanmış faiz borcu 264,97 manat, 28.01.2021-ci il tarixə 135 gün üçün hesablanmış cərimə 221,49 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, həqiqətən kredit müqaviləsinə əsasən bankdan iddia ərizəsində göstərilən məbləğə kredit götürmüşdür. Lakin, pandemiya ilə əlaqədar borcu ödəmək qabiliyyətində deyildir. Ona şərait yaradılarsa və əlavə qrafiq tərtib edilərsə borcunu hissə-hissə ödəyə bilər. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh2 Cavabdeh1 izahatı ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1988-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 isə xx.xx.1977-ci ildə, Quba rayonu, Digah kəndində anadan olmuşdur. O, Quba rayonu, Digah kəndində qeydiyyatdadır. Cavabdeh1 ilə iddiaçı arasında bağlanan 03.01.2019-cu il tarixli, 001A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1ə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan 03.01.2019-cu il tarixli köçürmə barədə qəbz bunu təsdiq edir. Kredit müqaviləsi üzrə ödəniş planına əsasən Cavabdeh1 18 ay müddətinə hər ay 204 manat, sonuncu ay isə 198.08 manat ödəniş etməli idi. 27.01.2020-ci il tarixli 001A190031421S saylı sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilmişdir. Kredit razılaşması üzrə ödəniş planına əsasən Cavabdeh1 10 ay müddətinə hər ay 202 manat, sonuncu ay isə 493.88 manat ödəniş etməli idi. İddiaçı ilə bağlanmış 03.01.2019-cu il tarixli, 001G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh1in öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı qarşısında zamin olmuşdur. 27.01.2020-ci il tarixli 001G**********01S saylı sazişlə zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh1in 28.01.2021-ci il tarixə əsas borc üzrə 1640,66 manat, faiz borcu üzrə 264,97 manat, cərimə borcu üzrə 221,49 olmaqla, cəmi 2127.12 manat borcu vardır. İş materiallarında olan 12.03.2021-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumu ödəmişdir. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən o, 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, maliyyə arayışında göstərilən məbləğdə əsas borc və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1640,66 manat əsas borc məbləğinə 221,49 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 50 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1la birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh2 müştərək qaydada tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 1640,66 manat, faiz borcu üzrə 264,97 manat, cərimə üzrə 50 manat olmaqla, cəmi 1955 (min doqquz yüz əlli beş) manat 63 (altmış üç) qəpik məbləğində pul və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumundan 20 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar