Məhkəmə qərarları › İş №2(060)-3596/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3596/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3596/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış 10.02.2020-ci il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 24 % dərəcəsi ilə hesablanmaqla, 2750 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdeh müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. 10.02.2020-ci il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsinə əsasən 22.02.2021-ci il tarixinə Cavabdeh əsas borc üzrə 2679.99 manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 557.01 manat cəmi 3237 manat borcu mövcuddur. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10.02.2020-ci il tarixli, BPM**********63 kredit müqaviləsi üzrə 2679.99 manat əsas borc, 557.01 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, cəmi 3237 manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 2679.99 manat, faiz borcu üzrə 674.93 manat, cəmi 3354.92 manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan 10.02.2020-ci il tarixli məxaric orderdən görünür ki, bank tərəfindən Cavabdeh 2722.5 manat məbləğində pul verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 22.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2679.99 AZN əsas borc, 557.01 AZN faiz borcu olmaqla, cəmi 3237 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 12.01.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 3 gün müddətində İddiaçı ASC-nə ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********63 saylı, 10.02.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 48 ay müddətində 2750 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 10.03.2020-ci il tarixdən başlayaraq hər ay banka 89.7 manat, sonuncu ay 86.06 manat, ümumilikdə 4302.06 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 28.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2679.99 AZN əsas borc, 674.93 AZN faiz borcu olmaqla, cəmi 3354.92 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, cavabdehin məhkəməyə verdiyi izahatından və iş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 28.04.2021-ci il tarixə İddiaçı ASCnə 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2679.99 manat əsas, 674.93 manat faiz borcu olmaqla ümumilikdə 3354.92 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarına əsasən cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2679.99 manat əsas, 674.93 manat faiz borcu olmaqla ümumilikdə 3354.92 manat borc, 30 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2679.99 manat əsas, 674.93 manat faiz borcu olmaqla ümumilikdə 3354.92 (üç min üç yüz əlli dörd manat doxsan iki qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar