Məhkəmə qərarları › İş №2(060)-36/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-36/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-36/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Rzayeva (Şıxbabayeva) Bahar Məhəmməd qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Rzayeva (Şıxbabayeva) Bahar Məhəmməd qızına qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 5910 (beş min doqquz yüz on) manat məbləğində borc pulun, həmçinin 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı onun bacısıdır. İddiaçı cavabdehi yaxın tanışı vasitəsi ilə tanımış, 2019-cu ilin fevral ayında pula ehtiyacı olduğunu bildirərək cavabdeh ondan 6300 (altı min üç yüz) manat məbləğində borc istəmişdir. Həmin pulun müqabilində pensiya kartını girov kimi qoyaraq borcunun kartdan tutulmasına, həmin pensiya kartını bağlatdırarsa məsuliyyətə cəlb olunmağa razı olması ilə bağlı ikisi arasında yazılı əqd bağlanmışdır. Həmin vaxtdan 6 ay ərzində cavabdehin verdiyi kartdan hər ay 65 manat olmaqla, ümumilikdə 390 manat pul çıxarda bilmişdir. Daha sonra cavabdeh kartı bağlatdırmış, borcu qaytaracağını bildirsə də borcunu qaytarmaqdan boyun qaçırmışdır. İddiaçı cavabdehə borcunu qaytarması üçün çox imkan yaratsa da müsbət nəticə olmamışdır. Buna görə məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Rzayeva (Şıxbabayeva) Bahar Məhəmməd qızı iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçıdan pul almamış və belə bir sənəd varsa həmin sənəd iddiaçı tərəfindən saxta tərtib edilmişdir. O, iddiaçının bacısı olan Qənirədən borca pul almış və həmin pulun ödənilməsi üçün isə özünə məxsus pensiya kartını Qənirəyə vermişdir. İddiaçı iddia edir ki, onun kartından 6 ay müddətinə həmin borca görə 455 manat pul çıxarmışdır. İddiaçının bu iddiası tam əsassızdır. Çünki onun kartından doğrudan da hər ay 65 manat pul çıxarıbsa bu məbləğ 455 manat yox, 390 manat etməlidir. İş materiallarında olan sadə yazılı qəbz həqiqətən də onun tərəfindən imzalanmışdır. Lakin həmin qəbz 17 fevral 2019-cu ildə deyil, 2015-ci ildə yazılmışdır. Belə ki, o 2015-ci ildə iddiaçının nümayəndəsi olan bacısı Qənirədən 1000 manat alarkən, həmin aldığı pula 2019-cu ilə qədər faiz hesablanaraq, sözü gedən qəbz yazılmışdır. Bununla yanaşı o, pulu alarkən Qənirə ona demişdir ki, 1000 manat az olduğuna görə məhkəmədə bu işə baxılmayacaq, ona görə də qəbzdə 6300 manat yazılsın. O, ümumiyyətlə 2019-cu ildə Azərbaycan Respublikasında olmamışdır. Bundan əlavə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hazırki iddia tələbi ilə bağlı iddia müddəti 3 ildir. Əgər hesab edilsə ki, həqiqətən də onun iddiaçıya borcu varsa, iddiaçı qanunvericlikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsini rəhbər tutaraq, iddia müddətini tətbiq edib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan sadə yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 6300 (altı min üç yüz) manat məbləğində pul almasını bildirmiş və bu barədə həmin qəbzi imzalamışdır. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatdan görünür ki, iddiaçı 6 ay ərzində cavabdehin verdiyi kartdan hər ay 65 manat olmaqla, ümumilikdə 390 manat pul çıxarmışdır. Məhkəmə, cavabdehin məhkəmə iclasında verdiyi izahatında qəbzin 17 fevral 2019-cu ildə deyil, 2015-ci ildə yazıldığı, belə ki, 2015-ci ildə iddiaçının nümayəndəsi olan bacısı Qənirədən 1000 manat alarkən, həmin aldığı pula 2019-cu ilə qədər faiz hesablanaraq, sözü gedən qəbzin yazıldığı, bununla yanaşı o pulu alarkən Qənirənin ona 1000 manat az olduğuna görə məhkəmədə bu işə baxılmayacağı, ona görə də qəbzdə 6300 manat yazılması barədə dediklərini ağlabatan hesab etmir. Ümumiyyətlə cavabdeh məhkəmə iclasında ziddiyyətli izahatlar verərək, iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 358.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Rzayeva (Şıxbabayeva) Bahar Məhəmməd qızından 5910 (beş min doqquz yüz on) manat məbləğində borc pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Rzayeva (Şıxbabayeva) Bahar Məhəmməd qızından 5910 (beş min doqquz yüz on) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar