Məhkəmə qərarları › İş №2(060)-3601/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3601/2022

28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3601/2022 28.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-306/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)-6397/2014 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə X6 arasında Sumqayıt Şəhər Qeydiyyat şöbəsində 22 may 2008-ci il tarixdə akt qeydləri kitabında 506 nömrə ilə qeydə alınmış nikah pozulması, xx.xx.2008ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 anaları X2 yanında qalması, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2014-cü il tarixindən başlayaraq hər bir uşağa 103 manat olmaqla ümumilikdə 206 manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutularaq iddiaçı X8ma verilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-306/2015 saylı qətnaməsi ilə iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulmalı olan alimentin miqdarı hər bir uşağa görə 80 manat həddində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşağın saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehin qazancı iddia olunan məbləğdə aliment ödəməyə imkan verir. Cavabdehin etirazı əsaslı deyil. Cavabdeh usta işləyir, ev təmiri ilə məşğuldur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında göstərdi ki, iddianı qəbul etmir. Hazırkı vəziyyətdə müəyyən edilmiş 160 manatdan artıq məbləğdə aliment ödənilməsi tamamilə mümkünsüzdür. Belə ki, o, evlənmişdir, bir üçaylıq qızı da var. O, onu da saxlamalıdır. Hələ 1000 manata yaxın aliment borcu var, bunu da ödəyə bilmir. Daimi işi və qazancı yoxdur. Odur ki, onun ailə və maddi vəziyyətini nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-306/2015 saylı, 26 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulmalı olan alimentin miqdarı hər bir uşağa görə 80 manat həddində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2022-ci il tarxili №MŞB/5-00833 X4 iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən mediasiyaya dəvət məktubu (poçt vasitəsilə göndərilib) və telefonla məlumatlandırılmasına baxmayaraq, X4 iştirak etməmişdir. İddiaçı X4 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahdan iki övladının olması, uşaqların ananın yanında qalması və uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin hallarından göründüyü kimi uşağın saxlanılması üçün hər uşağa 80 manat sabit pul məbləğində alimentin tutulması məhkəmə qətnaməsi ilə qət edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə cavabdehin əmlak vəziyyətində dəyişiklik olması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyini, bununla yanaşı uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan xeyli müddət (yeddi il) keçdiyini, bu müddət ərzində ölkə ərazisində istehlak səbətinin miqdarının artdığını, uşaqların böyüdüyünü və tələbatlarının artmasını nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması üçün minimum dolanışıq xərclərinə yaxın məbləğdə alimentin cavabdehdən iddiaçının xeyinə tutulmasını əsaslı və ədalətli, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır və formalaşmış məhkəmə təcrübəsinə görə alimentin minimum məbləği müəyyən edilərkən bir qayda olaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu meyar olaraq qəbul edilir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Beləliklə, məhkəmə şərh olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 fevral 2015-ci il tarixli 2(105)- 306/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin dəyişdirilmiş məbləğdə tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş üzrə sənədlərdən görünür ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu nəzərə alınmalı, MPMnin 119, 112, 113-cü maddəsinə əsasən 06 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 fevral 2015-ci il tarixli 2(105)-306/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin dəyişdirilmiş məbləğdə tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh 06 (altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar